AZƏRBAYCAN GİMNASTLARI ESTONİYADA KEÇİRİLƏN TURNİRDƏ MEDALLAR QAZANMIŞLAR
Azərbaycan gimnastı Dinara Gimatova və ölkəmizin yeniyetmələrdən ibarət qrup komandası üçün ilin ilk yarışı uğurlu olmuşdur. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Tartuda (Estoniya) başa çatmış “Miss Valentina” turnirində Dinara Gimatova qalib gəlmiş, qrup komandamız isə bürünc medal qazanmışdır. Bu turnir hər il Sevgililər günü ərəfəsində keçirilir.
D.Gimatova turnirdə ayrı-ayrı hərəkətlər üzrə yüksək nəticə göstərərək 64,98 bal toplamışdır. O demişdir: “Yarış ilinə qələbə ilə başlamaq xoşdur. Bu il mühüm turnirlərlə, o cümlədən yayda Bakıda keçiriləcək Avropa çempionatı, Yunanıstanda təşkil olunacaq lisenziya çempionatı kimi yarışlarla zəngindir. Yeniyetmələrdən ibarət komandamızın qələbəsinə də çox sevinirəm”.
Yeniyetmələr qrupu - Nigar Mirzəyeva, Ceyla Quliyeva, Esmira Orucova, Əzizə Səlimbəyova və Cəmilə Hüseynova 5 cüt gürzlə çıxış edərək, çoxnövçülükdə 45,7 bal toplamış, yalnız Rusiya və Belarus gimnastlarından geri qalmışlar. Komandanın məşqçiləri Natalya Bulanova və İrina Qluşakın sözlərinə görə, qızlarda öz qüvvələrinə inam hissi yaranmışdır, bu isə Avropa çempionatına hazırlıq mərhələsində çox vacibdir.
Bu, Baltik dənizi sahillərində gimnast qızlarımızın ilk qələbəsi deyildir. Ötən il Azərbaycanın yaşlılardan ibarət qrup komandası rusiyalıları geridə qoyaraq, birinci yeri tutmuşdu.
Anna Qurbanova və Aliyə Qarayeva isə İtaliyanın “A” seriyalı klub çempionatında çıxış etmişlər. Qurbanovanın çıxış etdiyi Paduya şəhərinin “Ardor” klubu “A1” seriyasında 6-cı yeri, Qarayevanın çıxış etdiyi Desionun “San-Corcio” klubu həmin seriyada 7-ci yeri tutmuşdur. Turnir cədvəlinə isə Anna Bessonovanın çıxış etdiyi “Virtus Qallarate” klubu başçılıq edir.
Mart finalı ərəfəsində sonuncu, 3-cü tur fevralın 24-də Desioda keçiriləcəkdir.