İDMAN
Azərbaycan güləşçiləri “Qızıl Qran-pri” beynəlxalq turnirinin birinci günündə on üç medal qazanıblar
Bakı, 25 iyul (AZƏRTAC, Məhərrəm Əlioğlu). İyulun 25-də Bakıda güləş üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 35 ölkədən 400-ə yaxın pəhləvan mübarizə aparır.
Proqrama əsasən, yarışın ilk günündə sərbəst güləşçilər güclərini sınayıblar.
Sərbəst güləş yarışlarında ölkəmizi Əhmədnəbi Qvarzatilov, Yaşar Əliyev, Mahmud Məhəmmədov (hamısı 57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Ənvərbəy Dalqatov (hamısı 65 kq), Ruslan Dibirhacıyev, Emin Əzizov, Hacımurad Ömərov (hamısı 70 kq), Əşrəf Əliyev, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), İbrahim Yusubov, Məhəmmədhacı Xatiyev, Məhəmməd Abdulxaliqov, Aleksandr Qostiyev (hamısı 86 kq), Xetaq Qazyumov, Roman Bəkirov (hər ikisi 97 kq), Əli İsayev, Aslan Dzebisov və Valera Rodriqes (hamısı 125 kq) təmsil ediblər.
Bu gün sərbəst güləş üzrə bütün çəkilərdə qaliblər müəyyənləşib.
Turnirin finalında 61 kiloqram çəki dərəcəsində idmançımız Hacı Əliyev bolqarıstanlı Vladimir Dubov üzərində 10:0 hesabı ilə qələbə qazanaraq qızıl medala sahib olub.
Cəbrayıl Həsənov (74 kq) özbəkistanlı Raşid Kurbanovu məğlub edərək (10:0) turnirin qızıl medalına layiq görülüb.
Daha bir idmançımız Xetaq Qazyumov isə (97 kq) Valeri Andriitsevi (Ukrayna) 9:4 hesabı ilə məğlub edib və qızıl medal qazanıb.
Azərbaycan idmançılarından Əhmədnəbi Qvarzatilov (57 kq), Məhəmməd Müslümov (65 kq) və Emin Əzizov (70 kq) gümüş medala sahib olublar.
Digər güləşçilərimiz Yaşar Əliyev (57 kq), Mahmud Məhəmmədov (57 kq), Ağahüseyn Mustafayev (65 kq), 70 Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hər ikis 70 kq), Aleksandr Qostiyev (86 kq) və Aslan Dzebişov (125 kq) bürünc medal qazanıblar.
Qaliblərə medal, diplom, pul mükafatı və xatirə hədiyyələri təqdim olunub.
İyulun 26-da qadın, 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.