Azərbaycan güləşçilərinin dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib
Bakı, 7 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, sentyabrın 7-də Las-Veqasda güləş üzrə dünya çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-dək davam edəcək yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Azərbaycan yığma komandasının baş məşqçisi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə ölkəmizi Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcəklər.
Yarışın birinci günündə 66, 75 və 98 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Püşkatmanın nəticələrinə əsasən, güləşçilərimizin ilk rəqibləri artıq məlumdur. Otuzikidəbir final mərhələsindən mübarizəyə qoşulacaq Həsən Əliyevin xalça üzərindəki ilk rəqibi rusiyalı Artyom Surkov, Elvin Mürsəliyevin rəqibi Meksika güləşçisi Juan Angel Eskobarla olacaq. Orxan Nuriyev isə Yunanıstan pəhləvanı Laokvatis Kessidisə qarşı döyüşəcək.