Azərbaycan Hərb Tarixi Muzeyində “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Hərb Tarixi Muzeyində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrin, veteran təşkilatlarının, qeyri-hökumət təşkilatlarının və digər idarə-müəssisələrin nümayəndələri iştirak ediblər.
Mövzu ətrafında muzey rəisi Əzizağa Qənizadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi Vahid İsmayılovun məruzələri və Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini İxtiyar İsayevin və komitənin əməkdaşı Sevda Əliyevanın, Milli Qəhrəmanlar Birliyinin Mətbuat katibi İlham Qurbanoğlunun və Milli QHT Forumunun prezidenti Rauf Zeyninin çıxışları dinlənilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsində hərbi-vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.