Azərbaycan Hesablama Palatasının nümayəndələri Qırğızıstanda səfərdədir
Bişkek, 28 mart, АZƏRTAC
Azərbaycan Hesablama Palatasının şöbə müdiri Vəfa Mütəllimovanın başçılığı ilə nümayəndə heyəti Qırğızıstanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, Qırğızıstan Hesablama Palatasının (HP) auditoru Zairbek Jooşbekov nümayəndə heyətimizlə görüşündə bildirib ki, onun təmsil etdiyi qurum azərbaycanlı həmkarları ilə əməkdaşlıq və təcrübə mübadiləsi etməyə hazırdır. Azərbaycan nümayəndə heyətinə Qırğızıstan HP-nın strukturu və fəaliyyəti haqqında məlumat verən Z.Jooşbekov diqqətə çatdırıb ki, bu qurum dövlət auditinin müstəqil ali orqanı hesab olunur, yalnız prezident və parlamentə hesabat verir.
O qeyd edib ki, indiki görüş Qırğızıstan və Azərbaycan ali audit orqanlarının əməkdaşlığının inkişafında yeni addım olacaq.
Vəfa Mütəllimova Azərbaycan və Qırğızıstan hesablama palataları arasında əməkdaşlığı üçün böyük imkanların olduğunu nəzər çatdırıb, bu imkanlardan istifadə edilməsinin, təcrübə mübadiləsi aparılmasının vacibliyini vurğulayıb. “Dünya dəyişir, bizim iş metodumuz da dəyişməlidir. Biz inkişaf etmək istəyiriksə, bir-birimizə kömək göstərməliyik”,-deyə Vəfa Mütəllimova bildirib.
Görüşdə əməkdaşlıq imkanları ilə bağlı bir sıra digər məsələlər də müzakirə edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek