Azərbaycan İdman Akademiyasının nümayəndə heyəti Macarıstanda olub
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan İdman Akademiyasının (ASA) tədris işləri üzrə prorektoru Ülkər Babayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstan İdman Elmləri Universitetində olub.
ASA-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti universitetin rektoru Tamaş Sterbenz və ali təhsil müəssisəsinin digər struktur rəhbərləri ilə görüş keçirib. Görüşdə bu il yanvarın 23-də imzalanmış niyyət məktubuna uyğun olaraq iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, professor-müəllim heyəti və tələbə mübadiləsi məsələləri müzakirə edilib.
Tərəflər idman elmləri sahəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik proqramların qarşılıqlı tanınması, eləcə də təcrübə mübadiləsinin təşkili istiqamətində əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıblar.
Görüşün sonunda ASA-nın nümayəndə heyəti üçün təşkil olunan kampus turu zamanı universitetin infrastruktur imkanları ilə tanışlıq olub, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib.