AZƏRBAYCAN İLƏ FRANSA ARASINDA TİCARƏT DÖVRİYYƏSİNİN ARTIRILMASI ÜÇÜN REAL İMKANLAR VARDIR
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sədr ölkələrimiz arasında istər siyasi, iqtisadi, istərsə də digər sahələrdə yaranan hərtərəfli əməkdaşlığın uğurlu inkişafından söhbət açmışdır. Dostluq münasibətlərinə söykənən Azərbaycan-Fransa əlaqələrinin genişlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olduğunu xatırladan Aydın Əliyev diqqətə çatdırmışdır ki, Prezident kimi 1993-cü ildə ulu öndər Heydər Əliyevin, 2004-cü ilin yanvarında isə Prezident İlham Əliyevin xaricə ilk rəsmi səfərini məhz Fransaya etmələri ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın durmadan dərinləşməsinə öz töhfəsini vermişdir.
Azərbaycanda son illər aparılan iqtisadi islahatların müsbət nəticələr verdiyini bildirən komitə sədri Azərbaycan-Fransa iqtisadi əməkdaşlığından söhbət açmış, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün real imkanların olduğunu vurğulamış, mövcud potensialdan maksimum yararlanmağın vacibliyinə toxunmuşdur. Fransa şirkətlərinin Azərbaycanın istər neft, istərsə də qeyri-neft sektoruna yönəltdiyi sərmayələrin iqtisadi-ticari münasibətlərə müsbət təsirindən danışan DGK sədri, bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirmiş, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı əlaqələrinin perspektivindən bəhs etmişdir.
Aydın Əliyev qeyd etmişdir ki, gələn ilin fevral ayında Bakıda saxta dərmanların dövriyyəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək və bu tədbirdə fransalı həmkarlarını və dərman istehsalı ilə məşğul olan Fransa şirkətlərinin nümayəndələrini görməkdən məmnun olardı.
Səfir Bernar Amodrik dü Şafo Azərbaycan-Fransa iktərəfli əməkdaşlığının daha da inkişafı üçün yaxşı perspektivlərin olduğunu, bu istiqamətdə əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi tədbirlərin mövcud əlaqələrin dərinləşməsinə ciddi stimul verdiyini qeyd etmişdir.
Fransanın Azərbaycanda sərmayə qoyuluşu üzrə üçüncü pillədə dayanmasını sevindirici hal kimi dəyərləndirən səfir, ikitərəfli münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün diplomatik fəaliyyəti dövründə əlindən gələni əsirgəməyəcəyini, gömrük işi sahəsində əməkdaşlığın daha da inkişafı ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.