Azərbaycan ilə İordaniya arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub
Qahirə, 22 sentyabr, AZƏRTAC
İordaniyada səfərdə olan Ələt Azad İqtisadi Zonasının nümayəndə heyəti bu ölkənin İş Adamları Assosiasiyasında olub.
AZƏRTAC xəbər verir ki, İordaniya İş Adamları Assosiasiyasının Direktorlar Şurasının üzvü Yusri Tahbub iordaniyalı biznesmenlərin Azərbaycanla qida sənayesi, rabitə, informasiya texnologiyaları və əczaçılıq sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Ələt Azad İqtisadi Zonasının səlahiyyəti qurumunun sədr müavini İsmayıl Manafov və ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimov Aqaba Xüsusi İqtisadi Zonası ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalandığını diqqətə çatdırıb, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərindən bəhs ediblər.
Nümayəndə heyəti Aqaba Xüsusi İqtisadi Zonasının ərazisində olub. İordaniya Azad və İnkişaf Zonaları Qrupunun rəhbəri Xələf əl-Hamisat məlumat verib ki, 1983-2019-cu illərdə bu ölkədə 6 azad zona yaradılıb, eyni zamanda, müxtəlif logistika mərkəzlərinin istifadəyə verilməsi sayəsində yeni iş yerləri açılıb.
İ.Manafov, öz növbəsində, ölkəmizdə həyata keçirilən Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Ticarət Limanı kimi nəhəng layihələrdən bəhs edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə