İQTİSADİYYAT
Azərbaycan ilə Latviya arasında nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Bakı, 17 yanvar (AZƏRTAC). Nəqliyyat Nazirliyində Latviya Respublikasının nəqliyyat naziri Anriys Matissin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nəqliyyat naziri Ziya Məmmədov görüşdə son illər Azərbaycanın inkişafından, ölkəmizdə irimiqyaslı islahatların həyata keçirilməsindən, respublikamızın beynəlxalq aləmə inteqrasiyası istiqamətində əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycan ilə Latviyanın ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən iri regional layihələrdən danışmışdır.
Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın həm sədri Z.Məmmədov bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulamışdır. Nəqliyyat sektorunu əhatə edən sahələr - dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları barədə ətraflı məlumat verən nazir bu istiqamətdə Latviya Respublikası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu söyləmişdir. Z.Məmmədov bu əməkdaşlığın həm Azərbaycanın, həm də Latviyanın nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini diqqətə çatdırmışdır.
Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduğunu vurğulayan Anriys Matiss demişdir ki, Latviya və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar vardır.
Görüşdə ikitərəfli əlaqələr, əməkdaşlığın genişləndirilməsi, birgə həyata keçirilən layihələr və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.