AZƏRBAYCAN İLƏ TATARISTAN ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Tatarıstanın ticarət və xarici iqtisadi əməkdaşlıq naziri Hafiz Salixovu, iqtisadiyyat və sənaye nazirinin müavini Fərid Tuktarovu, Sahibkarlığın İnkişafı Agentliyinin baş direktoru Gülnarə Sergeyevanı, həmçinin iri sənaye müəssisələrinin rəhbərlərini salamlayan Heydər Babayev, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini, respublikamızda dinamik iqtisadi inkişafa nail olunduğunu diqqətə çatdırmışdır.
Azərbaycanda beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsinə, xüsusilə Rusiya ilə əlaqələrin inkişafına xüsus önəm verildiyini vurğulayan Heydər Babayev, Tatarıstan qarşılıqlı əlaqələrin inkişafı üçün hər cür kömək göstəriləcəyini qeyd etmişdir.
Görüşdə iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə olunmuşdur.
Tatarıstanlı qonaqlar Azərbaycanda “KamAZ” avtomobillərinin, neft sənayesində istifadə olunan xüsusi texnika və avadanlığın, yol tikintisi maşınlarının istehsalının təşkili ilə bağlı təkliflərlə çıxış etmişlər. Onlar, həmçinin soyuducuların istehsalının təşkilində də əməkdaşlıq etmək arzusunda olduqlarını söyləyərək, Bakı “Çinar” İstehsalat Birliyi ilə əlaqələrin yaradılmasında maraqlı olduqlarını diqqətə çatdırmışlar. Tatarıstan tərəfi təklifləri iqtisadi inkişaf nazirinə təqdim etmişlər.
Azərbaycan iqtisadiyyatına göstərilən maraqdan razı qaldığını bildirən Heydər Babayev, verilən təkliflərin araşdırılması üçün əlaqələndirmə mərkəzinin yaradılmasını məqsədəuyğun hesab etmişdir.
Nazir H.Babayev, həmçinin Azərbaycan İnvestisiya Şirkəti barədə qonaqlara məlumat vermiş və Tatarıstanın bu şirkətlə birgə layihələrdə iştirakı imkanlarının müzakirə olunmasını təklif etmiş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə əməkdaşlığın Tatarıstan və Azərbaycan sahibkarları arasında tərəfdaşlıq əlaqələrinin inkişafında faydalı olacağını diqqətə çatdırmışdır.
Görüşdə iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forumların keçirilməsinin də faydalı olacağı qeyd edilmişdir.
Tatarıstan Respublikasının ticarət və xarici iqtisadi əməkdaşlıq naziri Hafiz Salixov görüşün Azərbaycan və Tatarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayacağını söyləmişdir.