SİYASƏT
Azərbaycan ilə Xorvatiya arasında siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə olunub VİDEO
Nyu-York, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın Xarici İşlər naziri Qordan Qrliç Radman ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Elmar Məmmədyarov xorvatiyalı həmkarını Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Söhbət zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin hazırkı vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York