İDMAN
Azərbaycan ilk dəfə polo üzrə Avropa çempionatına ev sahibliyi edəcək
![](/files/galleryphoto/2020/1/1200x630/15808194152885332993_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/1/1200x630/15808194155400031058_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15808194154502563641_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1580819415438023944_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15808194153339058401_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/1/1200x630/15808194151005035328_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15808194153123022940_1200x630.jpg)
Sentyabrın 10-dan 20-dək Bakıda keçiriləcək 13-cü Avropa çempionatında iştirak edəcək komandalar müəyyənləşib
Bakı, 4 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin atçılıq idmanının inkişafına ali diqqət və qayğısı sayəsində qədim tarixə malik atçılıq mədəniyyətimizin dünya miqyasında təbliği sahəsində son illərdə önəmli nəticələr əldə olunub və idmançılarımız beynəlxalq səviyyədə böyük nüfuz qazanıblar.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildiriblər ki, 2018-ci ilin sentyabrında İtaliyanın Florensiya şəhərində keçirilən sonuncu Avropa çempionatında milli komandamızın yalnız final qarşılaşmasında ev sahiblərinə uduzaraq turnirin gümüş medallarına sahib olması atçılıq idmanı mütəxəssisləri tərəfindən mühüm nailiyyət kimi qiymətləndirilib. Üç il əvvəl Dünya Polo Federasiyasının Baş Assambleyasında 2020-ci ildə çempionatın məhz Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın idmanın bu növü üzrə qazandığı böyük nüfuzun daha bir ifadəsi olub.
Sentyabrın 10-dan 20-dək Bakıda təşkil olunacaq polo üzrə növbəti - 13-cü Avropa çempionatında iştirak edəcək komandalar reytinq xallarına əsasən artıq müəyyənləşib. Avropanın ən mötəbər tədbirlərindən sayılan bu çempionatda 8 ən yaxşı komanda iştirak edəcək. Çempionata ev sahibliyi edəcək Azərbaycan və hazırkı Avropa çempionu İtaliya turnirdə birbaşa iştirak hüququ qazanıblar. Qitə birinciliyinin digər iştirakçıları isə Fransa, İngiltərə, İspaniya, İsveçrə, Niderland və Avstriya komandaları olacaqlar. Bu komandalar Avropanın ən titullu seçmələridir. Belə ki, İngiltərə 6, Fransa və İtaliya 2 dəfə Avropa çempionu adını qazanıblar. İspaniya və İrlandiya yığmaları isə bir dəfə Avropa birinciliyinin ən yüksək pilləsinə yüksəliblər.
ARAF-ın təşkilatçılığı ilə Bakıda keçiriləcək 13-cü Avropa çempionatında iştirak edəcək milli komandamızın heyəti də müəyyənləşib. Komandamız çempionatdan qabaq ilk təlim-məşq toplanışını keçirdiyi Argentinadan yanvarda qayıdıb. Martda yenidən Argentinada start götürəcək növbəti təlim-məşq toplanışı 90 gün davam edəcək.
Polo üzrə 13-cü Avropa çempionatının keçiriləcəyi Binə Atçılıq Mərkəzinin ərazisində hazırda ümumi sahəsi 7 hektardan çox olan təxminən 8 futbol stadionu böyüklüyündə meydançanın inşasına başlanılıb. Bu istiqamətdə işlər sürətlə davam etdirilir.