AZƏRBAYCAN İQTİDARI SEÇKİLƏRİ SAXTALAŞDIRMAQ NİYYƏTİNDƏ OLANLARA QARŞI ÖZ İRADƏSİNİ BƏYAN ETMİŞDİR
Dövlət qurumlarının, parlamentin, beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbirdə ötən ilin noyabrında keçirilmiş parlament seçkilərinin nəticələri, seçki qanunvericiliyinin və təcrübəsinin təkmilləşdirilməsi, əldə edilmiş nailiyyətlər, qarşıya çıxan nöqsanlar müzakirə olunmuşdur.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov noyabrda keçirilmiş parlament seçkilərinin demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu söyləmişdir. O, seçkilərdə yol verilmiş bəzi nöqsanların araşdırılması məqsədi ilə Azərbaycan hökuməti Venesiya Komissiyası ilə birgə işçi plan hazırlandığını, bugünkü dəyirmi masanın da həmin planda nəzərdə tutulan tədbirlər silsiləsindən olduğunu diqqətə çatdırmışdır.
Venesiya Komissiyasının üzvü Piter Pakzolay, Avropa Şurasının Siyasi Məsələlər üzrə Baş Direktorluğunun məsləhətçisi Plamen Nikolov, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) ölkəmizdəki nümayəndəsi Daniel Blesinqton ölkəmizdə seçki qanunvericiliyinin və təcrübəsinin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulamış, bu istiqamətdə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirdiklərini bildirmişlər.
Dünyanın heç bir ölkəsində kamil seçki qanunvericiliyinin olmadığını qeyd edən D.Blesinqton, bu istiqamətdə daim təkmilləşdirməyə ehtiyac olduğunu bildirmişdir. O, ötən seçkilərdə yol verilmiş bəzi nöqsanların araşdırılmasının vacibliyini vurğulamışdır.
Venesiya Komissiyasının üzvü Piter Pakzolay noyabr seçkilərində qeydə alınmış nöqsanların seçki sistemi ilə bağlı olmaması fikrini müdafiə edərək, Azərbaycan hökumətinin 10 dairədə təkrar seçkilərin keçirilməsi qərarını müsbət qiymətləndirdiyini diqqətə çatdırmışdır.
Prezidentin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Azərbaycan hökumətinin seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təşklatlarla əməkdaşlığı uğurla davam etdirdiyini bildirmiş, bu əməkdaşlığın hər iki tərəf üçün faydasını vurğulamışdır.
O, seçki qanunvericiliyinin, əsasən iki istiqamətdə təkmilləşdirildiyini açıqlamışdır. Birincisi, texniki xarakterli təkmilləşmələr, ikinicisi isə hər seçkidən sonra yol verilmiş nöqsanların bir daha təkrarlanmaması üçün təhlil edilərək, aparılan düzəlişlərdir.
Ş.Əliyev bəzi beynəlxalq təşkilatların seçki prosesinə yalnız tənqidi mövqedən yanaşmasının ədalətli olmadığını, eləcə də onların verdiyi tövsiyələrin əksəriyyətinin qəbul edilməsinin qeyri-mümkünlüyünü bildirmişdir. Lakin elə təşkilatlar da var ki, onlarla konstruktiv əməkdaşlıq ümumi işə fayda verir. Ş.Əliyev bu təşkilatlara nümunə kimi Avropa Şurası Venesiya Komissiyasını və İFES-i göstərmişdir.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə demokratikləşmə prosesini tez və ağrısız keçməyə çalışdığını qeyd etmişdir. Ölkəmizdə seçki təcrübəsinin təkmilləşdirilməsi istiqamətində daim iş aparılır, hər növbəti seçki əvvəlkindən xeyli dərəcədə fərqlənir. 2005-ci ildəki parlament seçkilərində bir çox yeniliklər olmuş, barmaqların mürəkkəblə işarələnməsi, bülletenlərin sayılması prosesini müşahidəçilərin izləməsi bəzi şübhələrə son qoymuşdur.
Ə.Həsənov noyabr seçkilərinin iki əsas nəticəsinin – hakimiyyətin demokratik seçki keçirmək üçün siyasi iradəsini nümayiş etdirməsinin və ictimaiyyətin ədalətli seçkiyə olan inamının formalaşmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir. Azərbaycan hökuməti seçkilərin nəticələrini saxtalaşdırmaq niyyətində olanlara qarşı öz iradəsini ortaya qoymuşdur.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün vacib olan 3 əsas şərtin – ictimai-siyasi sabitlik, seçkilərə inam və müasir standartlara cavab verən qanunvericilik bazasının respublikamızda mövcud olduğunu bildirmişdir. O, MSK-nın beynəlxalq təşkilatlarla əməkdaşlığının davam etdirildiyini, seçki saxtakarlığına yol vermiş şəxslərin prosesdən kənarlaşdırıldığını, cinayət tərkibi olan nöqsanların respublika Baş Prokurorluğuna göndərildiyini söyləmişdir.
M.Pənahov seçki prosesinin milyonlarla insanı əhatə etdiyindən, nöqsanların da ola biləcəyini əsas gətirərək, heç bir ölkənin bundan sığortalanmadığını bildirmişdir. Bundan əlavə, o, beynəlxalq təşkilatlardan yol verilmiş nöqsanlara ədalətli münasibət bildirməyi xahiş etmişdir.
Dəyirmi masada Milli Məclisin deputatları, yerli və beynəlxalq ekspertlər, dövlət orqanlarının nümayəndələri müzakirə olunan məsələlərə dair fikirlərini bildirmişlər.