AZƏRBAYCAN–İRAN İQTİSADİ BİZNES FORUMU KEÇİRİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı departamenti direktorunun müavini Hüseyn Paşayev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ixracın təşviqi üzrə direktoru Elşən Qurbanov, İranın Azərbaycandakı səfirinin müavini Məhəmməd Rza Raşid, İİR ticarət nazirinin müavini Hüseyn Sultaniniya və başqaları biznes forumda çıxış etmişlər.
Forumda deyilmişdir ki, özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra son dərəcə mürəkkəb hərbi-siyasi, sosial-iqtisadi problemlərlə üzləşən Azərbaycanda ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli daxili və xarici siyasət nəticəsində sabitlik bərqərar edilmiş, suveren dövlətimizin ilk Konstitusiyası və digər zəruri qanunvericilik aktları qəbul olunmuş, demokratik təsisatlar şəbəkəsi formalaşmışdır. Hazırda həmin siyasətin ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti inamla inkişaf etməkdədir. Həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkədə yeni iqtisadi münasibətlər formalaşmış, mülkiyyət çoxnövlülüyü təmin edilmiş və azad rəqabət şəraiti yaradılmışdır. Bütün bunlar Azərbaycanda makroiqtisadi sabitliyin bərqərar olunmasına, ümumdaxili məhsulun dinamik artımına səbəb olmuşdur. Dövlət mülkiyyətinin özəlləşdirilməsi, torpaq islahatlarının həyata keçirilməsi və sahibkarlığın inkişafı sahəsində dövlət tərəfindən görülən tədbirlər nəticəsində özəl sektorun ümumdaxili məhsuldakı payı xeyli artaraq 77 faizi ötmüşdür. Büdcə kəsiri endirilmiş, milli valyutanın məzənnəsi sabitləşmiş və son 10 il ərzində xarici ticarət dövriyyəsi 6,5 dəfə artmışdır. Beləliklə də Azərbaycan nəinki təkcə MDB məkanında, hətta dünya ölkələri arasında ön sıralara çıxmışdır. 2005-ci ildə ümumdaxili məhsulun artımı 26,4 faiz təşkil etmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, hazırda iqtisadiyyatın, həm sahələr, həm də regional baxımdan, tarazlı inkişafının təmin edilməsi, özəl sektorun və regionların inkişafı prosesinin sürətləndirilməsi və digər vacib vəzifələrlə bağlı konkret proqramlar həyata keçirilməkdədir.
Natiqlər son üç ildə həyata keçirilən tədbirlər nəticəsində 450 mindən çox yeni iş yerlərinin açılmasını, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasının ölkəmizin uzun illər boyu davamlı inkişafındakı rolunu və s. qeyd etmişlər.
Nəzərə çarpdırılmışdır ki, həyata keçirilən tədbirlər sayəsində ölkənin valyuta ehtiyatı sürətlə artmışdır və hazırda yeddi aylıq idxal həcminə bərabərdir. Azərbaycan MDB ölkələri arasında ən az kredit alan ölkədir. Xarici borcun məbləği ümumi daxili məhsulun 13,5 faizindən çox deyildir. Bütün bunlar isə ölkənin etibarlı maliyyə sisteminə malik olduğunu göstərir.
Forumda qeyri-neft sektorunun inkişaf etdirilməsi, biznes mühitinin daim yaxşılaşdırılması, xarici sərmayələrin, qabaqcıl texnologiyaların və avadanlığın, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi sayəsində yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsal edilməsinin Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən olması vurğulanmışdır.
Tədbirdə, həmçinin qonşu İranın da güclü iqtisadi potensiala malik olması, ölkələrimiz arasında iqtisadi əlaqələrin hazırkı yüksək səviyyəsi və mövcud inkişaf perspektivləri vurğulanmışdır.