Azərbaycan İstanbulda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
Bakı, 23 oktyabr, AZƏRTAC
İstanbulda “e-ticarətin davosu” adlandırılan sayca səkkizinci “World E-Commerce Forum” adlı beynəlxalq “e-ticarət” forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda qlobal “e-ticarət” liderləri bir araya gəlib və 12 ölkədən 100-ə yaxın nümayəndə 400-dən çox iştirakçı qatılıb.
“My Broker” şirkətinin təsisçisi Rəşad Əliyev forumda ölkəmizi “e-ticarət” üzrə təmsil edib və bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elektron ticarətin inkişafı və ticarətin elektronlaşdırılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə dövlət dəstək proqramları yaradılaraq mühüm addımlar atılır. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından forum iştirakçılarını salamlayıb və uğurlar arzu edib.
Həmçinin Türkiyə və Azərbaycan arasında “e-ticarət razılaşma memorandumu”nun imzalanmasının “e-ixracın” və “e-ticarətin” inkişafı sahəsinə böyük təsir edəcəyi vurğulanıb, Azərbaycanda “e-ticarət”in inkişafı ilə bağlı görülmüş işlər qeyd olunub.
Daha sonra forumda beynəlxalq ticarətə COVID-19-un təsirləri, elektron ticarətdə ödəmə, logistik həllər, müasir İKT-nin tətbiqi, gömrük və vergi ilə bağlı təcrübələr, rəqəmsal ticarətin inkişaf etdirilməsi, bu sahədə qanunvericiliyin tətbiqi və beynəlxalq təcrübəyə inteqrasiyası imkanları kimi mövzular üzrə müzakirələr aparılıb.