Azərbaycan istehsalı Meysəri şərabları Skandinaviya ölkələrinin bazarına daxil olur
Stokholm 26 oktyabr, AZƏRTAC
Azərbaycan istehsalı olan Meysəri şərabları Skandinaviya ölkələrinin bazarına daxil olur.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Norveçdə fəaliyyətə yeni başlayan "NORAS Vinimport As" şirkəti Meysəri şirkətinin şərablarının Norveçə idxalına başlayıb.
Şirkətin təsisçiləri Sesil Hassing və Orxan Həsənli daha əvvəl Şamaxı rayonunda yerləşən Meysəri şirkətinin istehsal müəssisələrinə səfər edərək müvafiq razılaşmalar əldə ediblər.
Orxan Həsənlinin verdiyi məlumata əsasən, “NORAS Vinimport As” Skandinaviya ölkələrində Azərbaycanda istehsal olunan orqanik və yüksəkkeyfiyyətli Meysəri çaxırlarının hələlik yalnız üç növünün həm idxalını, həm də satışını həyata keçirəcək. Məhsulların ilkin partiyası artıq Norveçə daxil olub. Lakin şirkət bununla dayanmaq niyyətində deyil və gələcəkdə bu içkilərin qonşu İsveç və Danimarka bazarlarına daxil olunması da nəzərdə tutulub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm