AZƏRBAYCAN İSVEÇ İLƏ MÜNASİBƏTLƏRİN İNKİŞAFINA BÖYÜK ƏHƏMİYYƏT VERİR
Fevralın 24-də Milli Məclisin sədri Murtuz Ələsgərov ölkəmizdə səfərdə olan İsveç-Azərbaycan Komitəsinin nümayədə heyətini qəbul etmişdir.
Milli Məclisin sədri İsveçin tanınmış siyasi xadimlərinin, habelə bu ölkədə yaşayan həvətənlərimizin komitədə təmsil olunmasından məmnunluq duyduğunu bildirərək dedi ki, Azərbaycan Prezidentinin Fərmanına əsasən, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların fəaliyyətini respublika hökuməti ilə əlaqələndirən dövlət komitəsi yaradılmışdır.
Murtuz Ələsgərov Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, respublika qanunvericilik orqanının fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verdi. O, Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində İsveçin qonşuşu olan Norveç şirkətlərinin fəal iştirakından danışaraq, İsveç şirkətlərinin də bu işdən geri qalmayacaqlarına ümidvar olduğunu bildirdi. Milli Məclisin sədri vurğuladı ki, Azərbaycan Avropanın inkişaf etmiş ölkələrindən biri olan İsveçlə münasibətlərin inkişafına böyük əhəmiyyət verir.
Murtuz Ələsgərov parlamentlərarası münasibətlərə toxunaraq bildirdi ki, Milli Məclisdə Azərbaycan-İsveç parlamentlərarası işçi qrupu fəaliyyət göstərir və İsveç parlamentində də belə bir qrupun yaradılması yaxşı olardı.
Nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Olle Şmid dedi ki, onlar xalqlarımızın və qanunvericilik orqanlarımızın gələcəkdə daha da yaxınlaşmasına çalışırlar. O, Sabirabad rayonundakı çadır şəhərciyində məcburi köçkünlərlə görüş zamanı ağır hisslər keçirdiklərini bildirdi. Qonaq dedi: “Biz Azərbaycan qaçqınlarına humanitar yardım göstərilməsi barədə İsveç hökumətinə və parlamentinə müraciət edəcəyik. Lakin onları öz doğma ocaqlarına qaytarmaq daha vacibdir. Bu isə yalnız işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qətnamələrini Ermənistanın yerinə yetirəcəyi halda mümkündür”.
Görüşdə parlamentlərarası münasibətlərin inkişafına dair bir sıra məsələlər də müzakirə edildi.