Azərbaycan karateçiləri Qafqaz kubokuna sahib olublar
Bakı, 29 sentyabr, AZƏRTAC
Tbilisidə kyokuşin karate üzrə açıq Qafqaz kuboku yarışları keçirilib.
Azərbaycan Kyokuşin Karate Federasiyasının şinkyokuşin təşkilatından AZƏRTAC-a bildiriblər ki, yarışda ölkəmizi dörd idmançı təmsil edib.
Turnirdə 70 kiloqram çəki dərəcəsində çıxış edən Emin İsmayıllı yarişi ikinci pillədə başa vurub.
Səksən kiloqram çəki dərəcəsində final qarşılaşmasında Azərbaycan karateçiləri üz-üzə gəliblər. Etibar Ağalaroğlunu məğlub edən Eltac Hümbətov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Səlahət Həsənov (80 kq-dan yuxarı) isə keçirdiyi beş döyüşdən qalib ayrılaraq turnirin qızıl medalına sahib olub.
Federasiyanın vitse-prezidenti, beşinci dan şıxan Allahverdi Rüstəmovun rəhbərliyi altında mübarizə aparan yığmamız ümumi komanda hesabında birinci olaraq Qafqaz kubokunu qazanıb.