MƏDƏNİYYƏT
“Azərbaycan mədəniyyətinin hamisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilmişdir
Bakı, 13 aprel (AZƏRTAC). Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayonunda “Azərbaycan mədəniyyətinin hamisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilən tədbirdə Qaradağ rayonunun bütün mədəniyyət müəssisələri təmsil olunmuşdur.
İştirakçılar əvvəlcə Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına mədəniyyət sarayında ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və güllər qoyaraq Ulu Öndərin ruhuna hörmət və ehtiramlarını bildirmişlər.
Daha sonra Ulu Öndərə həsr olunmuş rəsm və kitab sərgisinə baxış olmuşdur.
Tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən filmi izləmişlər.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirmişdir ki, dahi şəxsiyyət bütün sahələrdə olduğu kimi mədəniyyətimizin inkişafına da misilsiz töhfələr vermişdir.
Konsert proqramı ilə davam edən tədbirdə rayonun mədəniyyət müəssisələri kollektivlərinin Ulu Öndərə həsr edilmiş çıxışları maraqla qarşılanmışdır.