Azərbaycan Memarlıq və İnşaat Universitetində rumıniyalı professorun sərgisi açılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Rumıniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Buxarest Universitetinin professoru Katalin D.Konstantinin sərgisi açılıb.
AZMİU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə “Şəhərlər haqqında ümumi məlumat: Avropa meydanları və onların tarixçələri” adlı tədqiqat işi illüstrasiyalarda təqdim olunub.
Sərgiyə baxışdan əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi universitetlə səfirlik arasında qurulan işgüzar və mehriban münasibətlərə görə Rumıniyanın ölkəmizdəki səfiri Dan İankuya təşəkkürünü bildirib. Rektor Buxarest Universitetinin professorunun AzMİU-nun memarlıq fakültəsinin tələbələri üçün keçdiyi ustad dərsini yada salıb, bu əməkdaşlığın davamlı olmasını arzulayıb.
Dan İanku üçüncü dəfə universitetdə olmaqdan məmnunluğunu dilə gətirib. Səfir əməkdaşlığın növbəti mərhələsi kimi Rumıniya universitetləri ilə AzMİU arasında ikitərəfli əlaqələrin qurulmasına yardımçı olacağını bildirib. Qeyd edib ki, sərgi gələcək memarlar üçün çox əhəmiyyətlidir.
Sonra sərgiyə baxış keçirilib. Qonaqlar, müəllimlər və tələbələr sərgilənən fotolara baxıblar.