Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının tibbi müayinəsi həyata keçirilir
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə “Medera Hospital” tərəfindən akademiya əməkdaşlarının ödənişsiz tibbi müayinəsinə başlanılıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın əsas binasında gün ərzində davam edəcək aksiya çərçivəsində xəstəxananın təcrübəli kardioloq, nevroloq, nevropatoloq və terapevt həkim heyəti tərəfindən başda əmək veteranları olmaqla, əməkdaşlar mədə-bağırsaq, qida borusu, sinir, eləcə də ürək-damar sistemi xəstəlikləri və baş-boyunla əlaqədar üzvlərin tibbi müayinəsindən keçirlər. Eyni zamanda, AMEA əməkdaşlarına aşkarlanan xəstəliklərin müalicə üsulları izah olunur, müvafiq tövsiyələr verilir.
Qeyd edək ki, bu cür aksiyaların il ərzində mütəmadi keçirilməsi nəzərdə tutulur.