Azərbaycan Milli Elmlər Akademiyasında Direktorlar Şurasının ilk iclası keçirilmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). AMEA-da idarəetmə və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi, təcrübə mübadiləsinin aparılması, elmi-tədqiqat işlərinin müasir tələblərə uyğunlaşdırılması üçün yeni mexanizmlərin işlənib hazırlanması və digər məsələlərin birgə həlli məqsədi ilə AMEA Rəyasət Heyəti xüsusi qərar qəbul etmişdir. Belə ki, AMEA-nın elmi müəssisələrinin Direktorlar Şurası yaradılmış və şuranın tərkibi təsdiq olunmuşdur.
Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasında Direktorlar Şurasının ilk iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat vermişdir. Akademiyanın institut və təşkilatlarının illik hesabatlarının formatında dəyişikliklərin edilməsi haqqında danışan akademik, AMEA-nın fəaliyyətinin daha səmərəli və məqsədəuyğun təşkilinin vacibliyindən söz açmışdır. AMEA-nın prezidenti bölmələrin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə mütəmadi olaraq ümumi iclasların keçirilməsi və bu kimi görüşlərdə dövlət təşkilatlarından olan profilə uyğun mütəxəssislərin iştirakının zəruriliyini ifadə etmişdir. Akademiyada həyata keçirilən mühüm tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vacibliyini vurğulayan A.Əlizadə bildirmişdir ki, aparılan elmi-tədqiqat işlərinin, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılması əsas istiqamətlərdəndir.
AMEA-nın prezidenti, həmçinin doktorant və dissertantların illik hesabatlarının yenidən təşkili, alim və mütəxəssislərin fəaliyyətinin daha da gücləndirilməsi, akademiyanın 70 illik yubileyi ilə əlaqədar təkliflərin hazırlanması prosesinin sürətləndirilməsi və digər məsələlərə toxunmuşdur.
AMEA prezidentinin müavini-işlər müdiri Fətəli Abdullayev alimlərin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər haqqında danışmışdır. Bildirmişdir ki, akademiyada fəaliyyət göstərən alim və mütəxəssislərin mənzil probleminin həlli ilə yanaşı, yaxın gələcəkdə akademiyanın nəzdində müasir tələblərə cavab verən tibbi, ticarət və istirahət mərkəzlərinin də yaradılacağı nəzərdə tutulur. O, bu istiqamətdə mövcud problemlərin kollektiv həllinin zəruriliyini diqqətə çatdırmışdır.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, Radiasiya Problemləri İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Adil Qəribov və başqaları Direktorlar Şurasının təsis olunmasını elmi qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilində böyük rol oynayacağını söyləmişlər.
İclasda, həmçinin Azərbaycan alimlərinin qurultayına hazırlıq və elm festivalı, gənc alimlərin akademiyaya cəlb olunması və Avropa ölkələrində doktorantura təhsili almaq üçün göndərilməsi, institut və təşkilatların rəhbərlik sisteminin gücləndirilməsi, doktoranturaya qəbul vaxtının təyin olunması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, rəy və təkliflər səsləndirilmişdir.