ELM VƏ TƏHSİL
“Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı olub
![](/files/galleryphoto/2021/2/1200x630/16264338261560523601_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16264338264609740491_1200x630.jpg)
Bakı, 16 iyul, AZƏRTAC
İyulun 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, kitabın müəllifi Günel Məlikli, professorlar Məmməd Əliyev, İzzət Rüstəmov və digər çıxış edənlər ölkəmizin və xalqımızın tərəqqisində mühüm rol oynamış AMEA-nın tarixindən, Azərbaycanda elmin inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən və yeni nəşrdən söz açıblar.
Bildirilib ki, elmin, milli təfəkkürün, mədəniyyətin inkişafında mühüm rolu olan AMEA-nın yaranması Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biridir. AMEA ölkədə elmi düşüncənin yaranmasına, inkişafına təkan verərək, elmi-tədqiqat işlərinə başlayan alimləri formalaşdıran elm ocağı kimi tarixə düşüb. Azərbaycan alimləri hər zaman sanballı töhfələr verən nüfuzlu əsərləri, yenilikləri və ixtiraları ilə elmə şan-şöhrət gətiriblər.
Azərbaycan elminə xüsusi həssaslıqla və böyük ehtiramla yanaşan Ulu Öndər AMEA-nın inkişaf etdirilməsinə hər zaman dövlət səviyyəsində qayğı göstərib. Akademiyanın fəaliyyətini daim diqqət mərkəzində saxlayan görkəmli dövlət xadimi Heydər Əliyev bu elm məbədinin dünya miqyasında tanınmasına nail olub.
Tədbirdə qeyd edilib ki, kitab Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunub. Kitabda elmin təşəkkül tarixi, bilik uğrunda mücadilə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sisteminin formalaşması, Bakı Dövlət Universitetinin təsis edilməsi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun açılması, SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin yaradılması, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi və Azərbaycan Elmlər Akademiyasının ümumrespublika elm mərkəzinə çevrilməsi elmi cəhətdən əsaslandırılmış şəkildə oxucuya təqdim olunur.
Nəşrdə, həmçinin AMEA prezidentlərinin həyat və yaradıcılığı, akademiyanın institutları haqqında geniş məlumat, aparılan elmi araşdırmalar və Azərbaycanda elmin inkişafı istiqamətində görülən işlər əksini tapıb. Bundan başqa, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə AMEA-nın inkişafı ilə bağlı mühüm məqamlar araşdırılıb. Kitabda Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar, inkişaf strategiyası, AMEA-ya diqqət və qayğısından geniş şəkildə bəhs olunur. Eyni zamanda, Ulu Öndərin və Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı fikirləri, çıxışları diqqətə çatdırılır.
Kitab müəllim, tədqiqatçı, doktorant, tələbə, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.