Azərbaycan milli komandasının mətbuat və azarkeşlər üçün açıq məşqi keçirilmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). Noyabrın 12-də futbol üzrə Azərbaycan milli komandasının İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat və azarkeşlər üçün açıq məşqi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Berti Foqtsun rəhbərliyi altında millimiz noyabrın 15-də Estoniya, dörd gün sonra isə Qırğızıstan yığmalarına qarşı keçirəcək yoldaşlıq oyununa hazırlaşır.
Millimizin üzvü Vaqif Cavadov bildirmişdir ki, qarşıdakı oyunlara ciddi hazırlaşırıq. Son qolumuzu mən vurmuşam və yenidən fərqlənmək istərdim. Ancaq kimin qol vurmasının fərqi yoxdur. Hələ Estoniya yığması ilə oyunun taktikasını müzakirə etməmişik. Amma bilirəm ki, seçmə mərhələdə zəif çıxış ediblər. Bununla belə, rəqib mübarizəni sevən komandadır.
Yığmamızın futbolçusu Ruslan Abışov demişdir: “İlin son oyunlarıdır. Estoniya millisi güclü komandadır. Qırğızıstan yığması haqda isə elə də məlumatım yoxdur. Yoldaşlıq oyunları olmasına rəğmən, qələbə qazanmağa çalışacağıq. Çünki qələbə hər zaman şirin olur. Rusiya yığması ilə oyundan sonra əvvəlki zədəm bir qədər də pisləşdi. Üç həftə məşq etmədim. Artıq məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm”.