İDMAN
Azərbaycan millisinin futzalçısı: Bakıda qələbə qazanmaq, Astanada isə uduzmamaq lazımdır

Bakı, 23 sentyabr, AZƏRTAC
Rumıniyaya məğlubiyyətdən sonra bu oyuna fokuslanmışdıq. Çünki növbəti xal itkisinə yol vermək olmazdı. Üstəlik, doğma meydanda oynayırdıq. Komanda olaraq yaxşı çıxış etdik. Qələbəni komanda və azarkeşlər birlikdə qazandıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri futzal üzrə Dünya çempionatı-2024-ün elit-raund mərhələsi çərçivəsində Niderlandla qarşılaşan və 6:1 hesablı qələbə qazanan millimizin müdafiəçisi Amadeu federasiyanın rəsmi saytına müsahibəsində deyib.
33 yaşlı futzalçı bildirib ki, oyundan əvvəl federasiya prezidenti Zaur Axundov yığmayla görüşüb: “O, Rumıniyadakı nəticəyə görə narazılığını bildirdi. Onunla görüş komandanı bir növ ayıltdı. Zaur müəllim bildirdi ki, bu oyunda mütləq qələbə qazanmalıyıq. Atmosfer də əla idi. Çox qaçdıq, mübarizə apardıq, az səhv etdik və yekunda bəhrəsini gördük”.
Onun sözlərinə görə, komanda çoxsaylı qol şanslarını reallaşdıra bilmədi: “Deməzdim ki, orada zəif oynadıq. Onlar qələbə qazansalar da, biz daha yaxşı oynadıq, epizodlarımız da çox oldu. Bəzi epizodlarda biz dəqiq ola bilmədiksə, rəqibin qapıçısı da yaxşı çıxış etdi. Deyə bilərəm ki, onların heyətində həmin gün ən yaxşı qapıçı oynadı. Rumıniyadakı zal istənilən səviyyədə deyildi. Orada hər gün həndbolçular məşq edir və oyun keçirir deyə, parket yapışqanlı idi, havalandırma sistemi yox idi. Həm də birinci oyunlar hər zaman çətin keçir. Rumıniya bizdən sonra Qazaxıstanla oynadı və 1 top fərqi ilə məğlub oldu. Nəticə onların heç də zəif komanda olmadığını göstərdi”.
Müdafiəçi Qazaxıstan yığması ilə oyunöncəsi şanslarının 50-nin 50-yə olduğunu vurğulayıb: “Deyə bilmərəm ki, Qazaxıstan super vəziyyətdədir və biz çox zəifik. Bakıdakı oyunda mütləq qələbə qazanmalı, səfərdə isə uduzmamalıyıq. Biz də dünya çempionatının final mərhələsində iştirak etmək istəyirik. Bunun üçün də qələbələr qazanmalıyıq. Qazaxıstanla matçda Niderlanda qarşı oynadığımızdan daha yaxşı çıxış edəcəyik. Rəqib də bizi buna məcbur edir. Yaxşı komandamız var. Rəhbərlik də qarşımıza konkret məqsəd qoyub. Elə etməliyik ki, mərhələnin sonunda sevinən tərəf biz olaq”.