Azərbaycan millisinin voleybolçusu: Hər oyun qızıl dəyərindədir
Bakı, 24 avqust, AZƏRTAC
Əvvəla, publikaya və bizi dəstəkləməyə gələn bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu oyun bizim üçün həqiqətən çox vacib idi. Çünki biz İspaniya ilə artıq Avropa Liqasında qarşılaşmışdıq və 1:3 hesabı ilə məğlub olmuşduq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunçusu Yelizaveta Ruban Bakıda keçirilən Avropa çempionatında İspaniya yığmasına 3:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.
Təcrübəli voleybolçu matça xüsusi hazırlaşdıqlarını və qalib gəlmək üçün hər şeyi etdiklərini bildirib: “Komandamdan və bu gün nümayiş etdirdiyimiz oyundan məmnunam. İlk oyundakından daha az səhv etdik və nəticədə qələbə qazandıq”.
O qeyd edib ki, komandanın əsas məqsədi qrup mərhələsini uğurla başa vuraraq növbəti mərhələyə yüksəlməkdir: “Əvvəlcədən də deyildiyi kimi, ən əsas məqsədimiz qrupdan çıxmaqdır. Sadəcə, pley-offa hansı yeri tutaraq çıxacağımız çox vacibdir. Çünki bu, digər qrupdan hansı rəqiblə qarşılaşacağımızı müəyyənləşdirəcək. Ona görə də hər oyun qızıl dəyərindədir. Hər qarşılaşmaya ciddi hazırlaşırıq və bacardığımız qədər çox qələbə qazanmalıyıq”.
Qeyd edək ki, Azərbaycan millisi C qrupundakı ilk görüşündə Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib. Komanda növbəti oyununu bu gün Rumıniyaya qarşı keçirəcək. Qarşılaşma saat 18:30-da Milli Gimnastika Arenasında start götürəcək.