AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ TƏDBİRLƏRİNDƏ İŞTİRAK ETMİŞDİR
Tədbirlərdə Azərbaycanı sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, nazirliyin şöbə müdirləri Cümşüd Bayramov, Əhliman Əmirov və Azərbaycanın Pakistandakı səfirliyinin iqtisadi məsələlər üzrə attaşesi Sabir Rzayev təmsil etmişlər.
Mütəxəssislər qrupunun görüşündə İƏT ölkələri arasında sənaye sahəsində əməkdaşlıq əlaqələri, həmçinin üzv dövlətlərdə özəlləşdirmə, kiçik və orta sahibkarlığın inkişafı üçün görülən tədbirlər müzakirə edilmiş, sənaye sahəsində əməkdaşlıq strategiyası barədə sənəd hazırlanmışdır.
İƏT Standartlaşdırma, Qiymətləndirmə, Akkreditə və Metrologiya Mərkəzinin (RİSCAM) nizamnaməsi, İƏT sənaye nazirlərinin Lahor bəyannaməsinin layihəsi, İƏT Texnologiyaların Ötürülməsi Mərkəzinin fəaliyyət planı layihəsi, İƏT çərçivəsində sahibkarlığın, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi sahəsində əməkdaşlıq üzrə fəaliyyət planı layihəsi və digər sənədlər hazırlanmış və baxılması üçün İƏT sənaye nazirlərinə təqdim edilmişdir.
İƏT sənaye nazirlərinin görüşündə regionda əməkdaşlıq məsələləri müzakirə edilmiş, İƏT Standartlaşdırma, Qiymətləndirmə, Akkreditə və Metrologiya Mərkəzinin Tehranda, Standartlaşdırma və Akkreditə orqanının İstanbulda, Metrologiya orqanının isə Astanada yerləşdirilməsinə dair qərar qəbul olunmuşdur. Bundan əlavə, görüşdə mütəxəssislər qrupunda hazırlanmış sənədlər və görüşlərin hesabatları təsdiq edilmiş, gələcək fəaliyyət sahələri nəzərdən keçirilmiş, Lahor Bəyannaməsi təsdiq olunmuşdur.
Qazaxıstan tərəfinin İƏT sənaye nazirlərinin 4-cü iclasının Astanada keçirilməsi ilə bağlı təklifinin bir daha hökumət səviyyəsində razılaşdırılaraq məlumat veriləcəyi bildirilmişdir.