AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ÜMUMDÜNYA KONQRESİNDƏ İŞTİRAK ETMİŞDİR
Auditorlar Palatasından AZƏRTAC-a bildirmişlər ki, palatanın sədri, professor Vahid Novruzov konqresdə “Azərbaycan Respublikasında mühasibat uçotu və maliyyə hesabatları sisteminin yenidən qurulmasının aktuallığı” mövzusunda məruzə ilə çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri kimi, sosial-iqtisadi inkişafın müasir mərhələsində maliyyə nəzarətinin və mühasibat uçotu sisteminin beynəlxalq standartlara uyğun yenidən qurulması, habelə mühasibat uçotu və maliyyə hesabatında şəffaflığın artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri maliyyə şəffaflığının təmin edilməsində böyük əhəmiyyəti olan beynəlxalq standart və prosedurların tətbiqi, maliyyə hesabatlarının cəmiyyətin maraqları ilə uzlaşdırılması, mühasiblərin və maliyyə nəzarətçilərinin ixtisaslarının artırılması, onların səlahiyyət və vəzifələrinin dürüstləşdirilməsi, qloballaşma şəraitində çirkli pulların yuyulmasının qarşısının alınması, dövlət sektorunda və özəl bölmədə maliyyə hesabatlarının təkmilləşdirilməsi və digər mühüm sahələr üzrə materiallar əldə edərək, tətbiq olunmaq üçün respublikamıza gətirmişlər. Onlar bir sıra ölkələrin təmsilçiləri ilə işgüzar görüşlər də keçirmiş, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmişlər.
Palatadan onu da bildirmişlər ki, konqres zamanı əldə olunmuş materiallar maliyyə şəffaflığını artırmaq, dövlət büdcəsinə və büdcədənkənar fondlara vergi və ayırmaların müvafiq hesabatlarda düzgün əks etdirilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlərin görülməsi və korrupsiyaya qarşı mübarizə sahəsində Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin uğurla icrasına kömək edəcəkdir.