Azərbaycan nümayəndələri Hatayda müalicə olunan yaralı türk hərbçilərini ziyarət ediblər
Hatay, 3 mart, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Türkiyənin Hatay bölgəsində olublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndələri burada tanınmış siyasətçi Tayfur Sökmənin vəfatının qırxıncı ildönümünə həsr olunan anım tədbirində iştirak ediblər.
Hatay valisi Rəhmi Doğan mərasimdəki çıxışında Azərbaycan nümayəndələrinin bu tədbirə qatılmasından məmnunluğunu ifadə edib. Vali diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri zirvə nöqtəsindədir.
Daha sonra Xəzər İbrahim və Valeh Hacıyev Hataydakı xəstəxanalarda müalicə olunan türk hərbçilərini ziyarət ediblər. Hərbçilərə Azərbaycan adından sovqat paylanıb.
Burada, həmçinin Azərbaycan nümayəndələri ilə Hatay valisi Rəhmi Doğan arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Hatay