Azərbaycan-Özbəkistan idman əməkdaşlığı iki qitəni birləşdirən strateji körpüdür - ŞƏRH
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasında idman sahəsində əməkdaşlığı çox müsbət qiymətləndirirəm. Bu, yalnız ikitərəfli tərəfdaşlıq deyil, həm də idman sahəsində iki qitəni birləşdirən strateji körpüdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) İdman idarəsinin müdiri Həsənağa Rzayev deyib.
O, iki ölkə arasında uğurlu əməkdaşlığa dair misallar çəkib: “Mühüm nümunələrdən biri kimi 2025-ci ilin iyununda Daşkənddə keçirilən Regional Rəqəmsal Kommunikasiya və Sosial Media Seminarını göstərmək olar. Azərbaycan Milli Olimpiya Komitəsi, Özbəkistan Milli Olimpiya Komitəsi və beynəlxalq olimpiya qurumlarının birgə təşkilatçılığı ilə baş tutan tədbir 15 ölkəni əhatə etmişdi. Digər bir nümunə isə 2025-ci ilin mayında Azərbaycan Boks Federasiyası ilə Özbəkistan Boks Akademiyası arasında imzalanan memorandumdur. Bu sənəd təcrübə mübadiləsini, birgə təlim-məşq toplanışlarını və turnirlərə hazırlığı nəzərdə tutur. Bütün bunlar göstərir ki, tərəfdaşlığın istiqamətləri ilbəil genişlənir. İdmançı və məşqçi hazırlığı, idman menecmenti, rəqəmsal kommunikasiya və beynəlxalq tədbirlərin birgə təşkili kimi sahələrdə yeni imkanlar yaranır”.
MOK rəsmisi FIFA-nın qərarı ilə 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına birgə ev sahibliyinin tarixi əhəmiyyətinə də toxunub: “FIFA-nın 2025-ci il 2 oktyabr tarixli qərarı ilə 2027-ci il U-20 dünya çempionatının Azərbaycan və Özbəkistanda keçirilməsi təsdiqlənib. Nüfuzlu yarışa hazırlıq prosesi davam edir. 24 milli komandanın iştirak edəcəyi turnir yalnız futbol yarışı deyil, Avropa ilə Mərkəzi Asiyanı idman vasitəsilə birləşdirən mühüm beynəlxalq layihədir. İki ölkənin ilk dəfə belə mötəbər turnirə birgə ev sahibliyi etməsi onların beynəlxalq idman təşkilatları qarşısındakı təşkilati imkanlarını və etibarlılığını nümayiş etdirəcək. Eyni zamanda, bu çempionat gələcəkdə digər böyük beynəlxalq yarışlara ev sahibliyi etmək baxımından dəyərli təcrübə olacaq. FIFA-nın özü də Özbəkistanda təşkil olunacaq “FIFA Series” yarışlarını U-20 dünya çempionatına hazırlıq müstəvisində bir növ sınaq kimi qiymətləndirib”.
Müxbir - Aynur Əlixanlı