Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır ŞƏRH
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşıb. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı qarşılıqlı etimad və səmimi dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına güclü impuls verib. Nəticədə münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçılarının 2024 və 2025-ci illərdə həyata keçirdikləri dövlət səfərləri və imzalanmış sənədlər bu münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, budəfəki səfərin əsas xüsusiyyətlərindən biri Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsidir. Gündəliyə ticarətin artırılması, biznes və regionlararası əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və tranzit imkanlarından daha səmərəli istifadə, eləcə də mədəni-humanitar əlaqələrin inkişafı daxildir.
“Xüsusilə iqtisadi-ticari əlaqələrin dinamik inkişafını qeyd etmək lazımdır. Azərbaycan Prezidentinin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində qeyd etdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. Bu göstərici əməkdaşlığın böyük potensiala malik olduğunu göstərir.
Digər mühüm istiqamət nəqliyyat və tranzit əməkdaşlığıdır. Azərbaycan ilə Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqazı və daha geniş Avrasiya məkanını birləşdirən nəqliyyat dəhlizlərində fəal əməkdaşlığı hər iki ölkənin iqtisadi və geosiyasi imkanlarını artırır. Bakı və Daşkəndin bu sahədə birgə fəaliyyəti Orta Dəhlizin inkişafına və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verə bilər.
Eyni zamanda, Azərbaycan və Özbəkistan arasında şəhərlərarası qardaşlaşma təşəbbüsləri, mədəniyyət, təhsil, turizm və humanitar əlaqələr xalqlarımızı daha da yaxınlaşdırır. Bu münasibətlər yalnız dövlətlərarası əməkdaşlıq deyil, həm də xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq bağlarının gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır”, -deyə o bildirib.
Deputat qeyd edib ki, Azərbaycan bu gün yalnız regionlararası əməkdaşlıq proseslərinin fəal iştirakçısı deyil, həm də Şərqlə Qərb arasında mühüm bağlantı və əməkdaşlıq platformalarından birinə çevrilir.
“Əminliklə demək olar ki, Prezident İlham Əliyevin dövlət səfəri Azərbaycan-Özbəkistan müttəfiqliyini yeni məzmunla zənginləşdirəcək, iqtisadi və siyasi əlaqələrin daha da genişlənməsinə, Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə və regionda sülh, sabitlik və davamlı inkişaf proseslərinə mühüm töhfə verəcək”, - deyə S.Hüseynova əlavə edib.
Müxbir – Göyçək Mahmudlu