AZƏRBAYCAN ÖZÜNÜ ELEKTRİK ENERJİSİ İLƏ TAM TƏCHİZ ETMƏK İMKANINA MALİKDİR
AZƏRTAC xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov mayın 9-da keçirdiyi mətbuat konfransında qurumun fəaliyyətindən, perspektiv planlardan, mövcud problemlərdən danışmışdır.
Azərbaycanın energetika sənayesinin inkişafı üçün ölkə başçısının gördüyü işlərin əhəmiyyətini diqqətə çatdıran M.Əsgərov demişdir ki, Prezident İlham Əliyevin ciddi nəzarəti altında energetika sistemində islahatlar həyata keçirilir, geniş quruculuq işləri aparılır.
Bildirilmişdir ki, ölkə ərazisində quraşdırılan sayğaclar təxminən 2 milyard 800 milyon kilovat-saat elektrik enerjisinə qənaət etməyə imkan vermişdir. Cari ildə elektrik enerjisinin istehlakı 14 faiz azalmışdır.
Elektrik enerjisinin verilməsindəki məhdudiyyətləri enerji haqqının yığımının aşağı səviyyədə olması ilə əlaqələndirən M.Əsgərov bildirmişdir ki, abonentlər sərf etdikləri enerjinin pulunu vaxtında ödəməlidirlər.
Ölkəmizdə elektrik enerjisi istehsalının ilbəil artdığını vurğulayan natiq demişdir ki, Azərbaycan bu gün özünü elektrik enerjisi ilə tam təchiz etmək imkanına malikdir. Daxili enerji istehsalı ölkəni tam təmin etməklə yanaşı, müəyyən həcmdə ixraca da imkan yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə qısa müddətdə tikilib istifadəyə verilmiş 450 meqavat gücündə modul tipli 5 stansiya Naxçıvanda, Astarada, Şəkidə, Xaçmazda, Bakıda istehlakçıların elektrik enerjisinə tələbatını ödəmək üçün yeni imkanlar açmış, ölkəmizin Rusiyadan enerji asılılığını aradan qaldırmışdır.
“Azərenerji” rəsmisi Naxçıvan Muxtar Respublikasının enerji təchizatında əvvəlki illərdə mövcud olan problemlərin aradan qaldırıldığını vurğulayaraq, artıq muxtar respublikanın enerji sisteminin İran və Türkiyənin enerji sistemləri ilə paralel işlədiyini demişdir.
Hazırda Azərbaycan-Gürcüstan-Türkiyə enerji sistemlərinin birləşdirilməsi layihəsi ilə bağlı tərəflərarası müzakirələrin aparıldığını deyən M.Əsgərov bildirmişdir ki, Azərbaycan tərəfi bu layihə çərçivəsində 80 kilometr yeni elektrik verilişi xətti çəkməlidir. Əsas və böyük maliyyə tutumlu işlər Gürcüstan ərazisində görülməlidir.