Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş yarışlar keçirilib
Bakı, 26 iyun, AZƏRTAC
Azərbaycan polisi 100 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifələrin öhdəsindən layiqincə gəlib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə nazirliyin İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında keçirilən birinciliklər də möhtəşəm yubileyə dəyərli töhfədir.
Yarışların açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən danışaraq bildirib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Dahi rəhbərin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra hüquq mühafizə orqanlarının işində dönüş yaranıb, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilib.
Qeyd edilib ki, DİN İdman Cəmiyyəti daxili işlər orqanlarının tərkibində yaranmış ilk qurumlardan biri olmaqla ölkəmizin ən qocaman idman təşkilatlarından biri kimi dövlətimizin idman həyatında önəmli rol oynayıb, məşqçilərin, yüksək səviyyəli idmançıların yetişməsində parlaq qələbələr əldə edib.
Olimpiya, dünya və Avropa çempionları Lyudmila Şubina və Namiq Abdullayev ölkəmizin zəngin idman ənənələrindən danışaraq Azərbaycanda Olimpiya hərəkatının formalaşmasında gənclərə və yeniyetmələrə dövlət qayğısının göstərilməsində Ulu Öndərimizin, onun siyasi kursunu davam və inkişaf etdirən Prezident İlham Əliyevin əvəzsiz xidmətlərini minnətdarlıq hissi ilə diqqətə çatdırıblar.
Daha sonra güləşin sərbəst və yunan-Roma növləri, boks, bədii gimnastika və çerlidinq üzrə açıq birinciliklərə start verilib. Dörd gün davam edən yarışlarda paytaxtın və respublikamızın əksər bölgələrinin idman klub və Cəmiyyətlərinin yetirmələri qüvvələrini sınayıblar. Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.
Qeyd edək ki, yubileyə həsr olunmuş yarışlar digər idman növləri üzrə davam edir.