Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 15-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə məruzəçisi Terri Devisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV dedi ki, sizin Azərbaycana səfəriniz bizim üçün, yəni ölkəmiz üçün, xalqımız üçün həddindən artıq vacib məsələ ilə bağlıdır.

Biz Avropa Şurası ilə əməkdaşlıq edirik. İki ildir ki, Avropa Şurasının tərkibindəyik. Avropa Şurasından Azərbaycana müxtəlif məsələlər üçün çox nümayəndələr gəlir. Bunların hamısı əhəmiyyətlidir. Amma sizin səfərinizlə əlaqədar olan məsələ indiyə qədər Avropa Şurasından Azərbaycana gələn adamların həll etdiyi məsələlərdən xeyli vacibdir.

Ermənistan silahlı qüvvələri 10 ildən çoxdur ki, Azərbaycanın ərazisinin 20 faizini işğal edib və bu ərazilərdən bütün azərbaycanlı sakinlər zorla çıxarılıblar, yaxud da müharibə nəticəsində çıxmağa məcbur olublar. Ancaq bu 10 il müddətində biz beynəlxalq təşkilatlarda sübut edə bilmirik ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edibdir. Ona görə də biz sizin səfərinizi alqışlayırıq, sizi çoxdandır gözləyirik və biz öz ümidlərimizi sizin səfərinizlə bağlayırıq.

Siz burada bir çox görüşlər keçirmisiniz. Özü də mən görürəm ki, çox gərgin iş rejimi ilə işləyirsiniz. Dünən həddindən artıq çox görüşlər keçirmisiniz. Məndə bu məlumatlar var. Bu gün də vertolyotla Azərbaycanın böyük bir hissəsini seyr etmisiniz və nəhayət, qaçqınlar yaşayan düşərgələrdən birində olmusunuz. Mən bunu eşitdim. Yəqin ki, orada çox şeylər görmüsünüz. Siz özünüzə çox əziyyət verirsiniz. Siz gərək Azərbaycanda olmaq müddətinizi bir az artıraydınız, bunları da gedib rahat görəydiniz və daha çox vaxtınız olardı. Ancaq yəqin bu, sizin iş üslubunuzdur.

Güman edirəm ki, bütün bu görüşlər və nəhayət, bu gün qaçqın düşərgəsini görməyiniz sizdə müəyyən təəssürat yaradıbdır. İndi mən fikirləşirəm, bu məsələni sizə danışım, yoxsa siz bu barədə geniş məlumat almısınız? Ancaq buna baxmayaraq, hesab edirəm ki, mən bu barədə sizə müəyyən qədər öz fikirlərimi, məlumatlarımı verməliyəm.

Yəqin ki, siz ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi tarixini bilirsiniz. Mən bu barədə sizə demək istəmirəm. Vaxtilə Türkiyədən, İrandan erməniləri buraya xüsusi olaraq köçürüblər və ermənilər Azərbaycan ərazisində yaşamağa başlayıblar. Olsun, yaşasınlar, burada belə bir problem yoxdur. Ancaq təəssüflər olsun ki, bunların özləri, ideoloqları tamamilə başqa fikirlərlə yaşayırmışlar. Yerləşdikləri torpaqlarla razılaşmayaraq, öz ərazilərini genişləndirməyə çalışmışlar və buna müəyyən qədər də nail olmuşlar.

1920-ci ildə bizim bölgədə sovet hakimiyyəti qurulduğu zaman Moskva Azərbaycanın, Gürcüstanın, Ermənistanın sərhədlərini öz bildiyi kimi çəkirdi. O vaxt onlar qədim Azərbaycan torpaqlarının bir hissəsini Ermənistana veriblər. Burada kommunist ideologiyası hökm sürdüyü zaman çalışıblar ki, bu millətlər arasında münaqişələr olmasın.

Bilin, azərbaycanlılar qanuna çox tabe olan xalqdır. Ancaq ermənilər yox. Ermənilər o vaxtdan yenə torpaq iddiasına başlayıblar. İndi bütün dünya üçün bir problem olan həmin bu Qarabağ məsələsi 1920-ci, 1922-ci, 1923-cü illərdən başlayıbdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, buna şübhə ola bilməz və demək olar ki, Azərbaycanın ərazisinin ortasındadır. Ancaq vaxtilə İrandan köçürülmüş ermənilər orada yerləşdirilmişdilər. 1921-1923-cü illərdə bu məsələ qalxıb və Kommunist partiyası bu məsələ ilə məşğul olubdur. Sorğu aparılıb, Dağlıq Qarabağın əhalisi bildiribdir ki, bura Azərbaycanın tərkibində olmalıdır.

Beləliklə, bu məsələ qurtarıbdır və Azərbaycanın tərkibində Dağlıq Qarabağa muxtar vilayət statusu verilibdir. Amma ondan sonra Ermənistanda olan millətçilər vaxtaşırı, - Dağlıq Qarabağın əhalisinin özü bu barədə sakit yaşayıbdır, - Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana verilməsi məsələsini qaldırıblar. Amma Sovet İttifaqında olan ciddi rejim hər dəfə bunun qarşısını alıbdır. Yəni heç bir münaqişə meydana çıxmayıbdır.

Mən Dağlıq Qarabağın Azərbaycan tərkibindəki tarixinin müəyyən dövrünün canlı şahidiyəm. 1950-ci ildən, 53 il bundan qabaq mən Bakıda dövlət təhlükəsizliyi idarəsində işləmişəm. O vaxt işimizin xüsusiyyətinə görə bu məsələləri biz daim öyrənirdik. Mənim xatirimdədir, Dağlıq Qarabağda əhali normal yaşayırdı. Amma üç ildən, dörd ildən bir Yerevandan bəzi tanınmış ziyalılar Dağlıq Qarabağa gəlib onları qızışdırırdılar ki, bura Ermənistana birləşdirilməlidir. 1950-1960-cı illərdə bu məsələ bir az da genişlənmiş, amma bunun qarşısı alınmışdı.

 

Mən 1969-cu ildən Azərbaycanın başçısı olmuşam - o vaxtdan nə qədər vaxt keçdiyini bilirsiniz - və Dağlıq Qarabağ ilə xüsusi məşğul olmuşam. O mənada ki, çalışmışam Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyətini, bütün problemlərini Azərbaycanın başqa bölgələrinə nisbətən daha da yaxşı həll edim ki, onların bu barədə heç bir bəhanəsi olmasın. Mən bunlara nail olmuşam.

Mən tez-tez Dağlıq Qarabağa gedirdim. Orada universitet açdım, bir neçə sənaye müəssisələri - ipək fabriki, ayaqqabı fabriki, maşınqayırma zavodu yaratdıq. Yəni işsiz adamları işlə təmin etdik. Kənd təsərrüfatına əlavə çox vəsaitlər verdik və orada kənd təsərrüfatının inkişafını təmin etdik. İndi gedib Dağlıq Qarabağın mərkəzi Xankəndini - ermənilər ona Stepanakert deyirlər - görsəniz, oradakı olan yeni yaşayış binalarının, inzibati binaların əksəriyyəti mənim burada işlədiyim dövrdə tikilibdir. Onlar məndən razı idilər, hər dəfə oraya gedəndə məni çox təntənə ilə qəbul edirdilər. Hətta yaşlı qadınlar küçələrə çıxırdılar, məni qucaqlayırdılar, öpürdülər. İndi o fotoşəkillərin hamısı durur. Münasibətlər çox yaxşı idi və onlar mənə də çox inanırdılar. Mən də onlara xüsusi yardım göstərirdim.

Hətta indi bir az qabağa gedib demək istəyirəm ki, SSRİ dağılan zaman burada cürbəcür adamlar meydana çıxanda məni günahlandırırdılar ki, guya mən Dağlıq Qarabağa xüsusi münasibət göstərmişəm, ermənilərə kömək eləmişəm. Mən, həqiqətən, kömək etmişəm, bunu inkar etmirəm. Ancaq bunun üçün məni, nə təhər deyərlər, suçlandırmağa əsas yoxdur.

Bilirsiniz ki, mən sonra, 1982-ci ildə Moskvaya getdim. Orada Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini idim. Burada mənim yerimdə qalan adamlara xüsusi tapşırdım ki, Dağlıq Qarabağa fikir verin. Təbiidir, onlar çalışmışdılar, ancaq mənim kimi yox. Həmin vaxt Yerevandakı ermənilər, millətçilər mənim buradan getməyimdən istifadə ediblər, Dağlıq Qarabağa daha çox soxulmağa başlayıblar. Orada vəziyyəti qızışdırıblar. Təəssüf ki, burada Azərbaycanın rəhbərliyi də o məsələlərdə lazımi səviyyədə olmayıb və mərkəz, Moskva da bu məsələlərdə həmişə Ermənistana tərəf dururdu.

Sonra 1988-ci ilin fevral ayında orada münaqişə başlayıbdır. Əvvəl onlar çıxış ediblər ki, biz Ermənistana birləşmək istəyirik. Sonra silahlı toqquşmalar olubdur və get-gedə bu, silahlı münaqişəyə gətirib çıxarıbdır.

1988-ci ildə SSRİ-nin möhkəm vaxtı idi. Yəqin bilirsiniz, mən 1987-ci ildə Moskvada bütün vəzifələrdən istefa vermişdim, artıq işləmirdim və bu məsələlərə də müdaxilə etməyə imkanım yox idi. Amma kənardan müşahidə edirdim. Mən Siyasi Büronun, SSRİ hökumətinin gücünü bilirdim. Əgər onlar istəsəydilər, o vaxt bunun qarşısını ala bilərdilər. Amma bunu etmədilər və bu işdə, ola bilər, xüsusi rolu Mixail Qorbaçov oynadı. Sonra məlum oldu ki, o, çox ermənipərəst adam imiş.

Bu hərbi münaqişə dörd il SSRİ mövcud olan vaxt gedibdir. İndi təsəvvür edin, Sovet hökuməti kimi güclü hökumət istəsəydi ki, bu münaqişəni aradan qaldırsın, o imkan verərdi ki, bu, dörd il get-gedə genişlənsin?. Əksinə, bizdə çox məlumatlar var ki, o vaxt Moskva erməniləri qızışdırırdı və bu məsələni ermənilərin xeyrinə həll etmək istəyirdi. Sovet İttifaqı hələ dağılmamış Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ üstündə müharibə başlandı və ermənilər Azərbaycanın bir neçə bölgələrini hələ o vaxt işğal etdilər.

Sonra Sovet İttifaqı dağıldı. Ermənistan müstəqilliyini elan etdi, Azərbaycan müstəqilliyini əldə etdi. Təbii ki, müstəqil dövləti qurmaq üçün çox işlər görülməli idi. Azərbaycanın müharibə aparmaq imkanı yox idi, hərbi kadrları yox idi. Bu sarıdan Ermənistanın imkanları çox idi. Rusiyanın Ermənistanda olan hərbi hissələri bu məsələdə ermənilər tərəfindən istifadə olunubdur.

Prezident Heydər Əliyev onu da vurğuladı ki, həmin dövrdə Azərbaycanda rəhbərlikdə hakimiyyət uğrunda mübarizə gedibdir. 1988-ci ildə burada işləmiş adam çıxıb qaçıbdır. 1991-ci ildə prezident seçilmiş Mütəllibov da buradan çıxıb qaçıb və indiyə qədər Moskvada yaşayır. Ondan sonra burada Xalq Cəbhəsi hakimiyyətə gəlib, - onlar indiki müxalifətdə olan adamlardır, - təbii ki, onlar da hökuməti idarə etmək imkanına malik deyildilər. Onlar küçədən çıxmış adamlar idilər. Ona görə bir ilin içərisində xalqın qarşısında bütün nüfuzlarını itirdilər və özləri qaçıb dağıldılar. Bu fürsətdən istifadə edən Ermənistan silahlı qüvvələri ardıcıl olaraq Azərbaycan torpaqlarını işğal ediblər.

1993-cü ildə Azərbaycanda, demək olar ki, ictimai-siyasi böhran yaranmışdı. Burada hakimiyyət mübarizəsi nəticəsində Xalq Cəbhəsi hökuməti idarə edə bilmədi və bu zaman məni, - onda Naxçıvanda yaşayırdım, - buraya dəvət etdilər. Məni parlamentin sədri seçdilər. Prezident Xalq Cəbhəsinin başçısı Əbülfəz Elçibəy idi. Mən onunla danışdım və bildirdim ki, bu vəziyyətdən çıxmaq olar. Amma təəssüflər olsun ki, o, iki gündən sonra gecə xəlbəti Bakını tərk etdi, gedib dağın başında öz kəndlərində yaşamağa başladı. Mən burada tək qaldım.

Mən bu barədə danışmaq istəmirəm. Hər halda, 1993-cü ildə mən vəziyyəti müəyyən qədər normallaşdırdım. Bu müddətdə mən də müharibəyə, cəbhəyə o qədər fikir verə bilmirdim. Çünki bilmirdim, kiminlə nə iş görüm. Amma mən bizim ordu hissələrini səfərbər etdim, döyüşü bir az gücləndirdik, bəzi torpaqları azad etdik. Ancaq 1994-cü ilin may ayında Ermənistan da, biz də belə fikrə gəldik ki, atəşkəs yaratmaq lazımdır.

Biz may ayının 12-də atəşkəs haqqında saziş imzaladıq. Bu ilin mayında 9 il olacaqdır. Atəşkəsdən sonra hərbi münaqişəmiz yoxdur. Amma ermənilər azərbaycanlıları çox öldürdülər, yandırdılar, əsir götürdülər, lakin qaytarmadılar, onları da orada öldürdülər. Biz həm döyüşçülərdən, həm də mülki vətəndaşlardan çox insan itirdik.

O vaxt, 1992 və 1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu məsələni dörd dəfə müzakirə etdi və təklif etdi ki, erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarını qeyri-şərtsiz azad etməlidirlər. Ancaq Ermənistan bunu yerinə yetirmir və heç kəs Ermənistana heç bir söz demir.

1992-ci ildən ATƏT çərçivəsində Minsk qrupu yaranıbdır. Mən 1993-cü ildən Minsk qrupu ilə daim əməkdaşlıq edirəm. Əvvəlcə Minsk qrupuna İtaliya, sonra İsveçrə, Finlandiya rəhbərlik edirdi. Amma Rusiya bütün hallarda bu məsələnin içində idi.

Məsələnin sülh yolu ilə həll olunması üçün 1997-ci ildə ATƏT iki təklif verdi. Yəni əvvəl bir təklif verdi. Biz onu qəbul etdik, Ermənistan qəbul etmədi. Bir neçə aydan sonra ikinci təklif verdi. Biz yenə onu qəbul etdik, onlar qəbul etmədilər. Beləliklə, bunlardan da bir şey çıxmadı.

1996-cı ildə ATƏT-in Lissabonda zirvə görüşü keçirilirdi. Orada mən məsələni çox kəskin qoydum, tələb etdim ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Ermənistan indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımır. Orada yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsi haqqında yaxşı bir maddə hazırlanmışdı. Ermənistan buna razılıq vermədi. Bilirsiniz ki, orada qərarlar konsensusla qəbul olunur.

Mən çox fikirləşdim, ATƏT-in yekun sənədinə bütünlükdə razılıq vermədim. Belə bir gərgin vəziyyət yarandı. Bir çox dövlət başçıları mənə müraciət etdilər ki, Siz ATƏT-in zirvə görüşünün yekun sənədini pozursunuz. Yadımdadır, Albert Qor mənə deyirdi ki, Siz pozursunuz. Dedim, bəs Ermənistan da pozur, razılıq vermir. O dedi ki, bu, onun hüququdur. Mən də dedim ki, bu da mənim hüququmdur. Söhbət bununla da qurtardı.

Sonra ATƏT-in o vaxt İsveçrədən olan sədri gəldi, mənimlə çox danışdı və nəhayət, Sammitin adından yaxşı bir bəyanat hazırladı. O bəyanatda Azərbaycanın ərazi bütövlüyü haqqında, başqa məsələlər haqqında hamısı yazıldı. Bu, çox vacib sənəd idi. Ona görə mən vetomu götürdüm, sənəd qəbul olundu. Amma Ermənistan Lissabon sammitinin bu bəyanatını da qəbul etmədi və yerinə yetirmədi.

Beləliklə, vəziyyət get-gedə gərginləşdi. Üç-dörd il bundan qabaq Rusiya qəribə bir təklif - ümumi dövlət formulu irəli sürdü. Bu o deməkdir ki, Dağlıq Qarabağla Azərbaycan ümumi dövlətdir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunur, amma Azərbaycanın Dağlıq Qarabağa rəhbərlik etmək, onun işinə qarışmağa heç bir hüquqları yoxdur. Mən bundan çox narazı oldum. O vaxt Primakov Rusiyanın xarici işlər naziri idi. Mən hətta ona telefon etdim, onunla çox ciddi danışdım ki, niyə belə təklif verirsiniz. Bu, bizi aldatmaq deməkdir. Biz indi o qədər də ağılsız adam deyilik ki, bizi aldatsınlar. Amma Ermənistan bunu dərhal qəbul etdi. İndi də hərdənbir deyir ki, gəlin o formula ilə işləyək. Demək, hər şeyi, xüsusən Rusiya, Ermənistanın xeyrinə edirlər, elə o biri dövlətlər də.

Məsələn, ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Amerika və Fransadır. Rusiyanı dedim. Ancaq Amerika da bir prinsipial mövqe tutmur. Fransa da prinsipial mövqe tutmur. O vaxtdan indiyə qədər yeni bir təklif yoxdur. ATƏT-in həmsədrləri dedilər ki, Ermənistanda prezident seçkiləri keçir, bu məsələyə fasilə vermək lazımdır. Onlarda may ayında da parlament seçkiləri keçiriləcəkdir. Oktyabr ayında da Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Beləliklə, bu il gedir. Ancaq insanlar gördüyünüz vəziyyətdə yaşayır, işğal olunmuş torpaqlarda olan varidatın hamısı çoxdan dağıdılıbdır. İndi torpaqları da çox pis vəziyyətə salıblar. Bəzən deyirlər ki, kənardan erməniləri gətirib bu ərazilərdə yerləşdirirlər.

Dövlətimizin başçısı xüsusi vurğuladı ki, qəribə vəziyyətdir - bizim işğal olunmuş torpaqlara heç bir beynəlxalq təşkilatın nümayəndələri girmək istəmirlər. ATƏT-in monitorinq qrupu var. Onun başçısı Kaspşik, təbiidir, o ərazilərdə olur, oraya gedir. Mən iki dəfə ATƏT-in həmsədrlərindən çox xahiş elədim ki, heç olmasa, orada bir rayona gedin, görün orada nə var nə yox. Getdilər, gəldilər mənə dedilər ki, hər şey dağıdılıbdır. Bizim İranla sərhədimizin 130 kilometri ermənilərin əlinə keçibdir. Bizdə məlumatlar var ki, oradan narkotiklər keçirirlər, silah alveri edirlər və bir çox başqa cinayətlər edirlər. Bu ərazi tamamilə nəzarətsizdir.

İndi Avropa Şurası tərəfindən sizə belə bir tapşırıq verilib ki, bu məsələni öyrənəsiniz və öz fikirlərinizi deyəsiniz. Zənnimcə, bu birinci haldır ki, bu məsələ ilə xüsusi maraqlanıblar, o da Avropa Şurasıdır. Mən ümidvaram ki, siz bu məsələnin həlli ilə məşğul olacaqsınız və biz sizə çox böyük ümidlər bəsləyirik. Təşəkkür edirəm, mən bir az çox danışdım¸ ancaq istədim ki, sizə hər şeyi bildirəm.

Ətraflı məlumata görə dövlətimizin başçısına minnətdarlığını bildirən TERRİ DEVİS dedi ki, cənab Prezident, Sizin də dediyiniz kimi, Azərbaycan müstəqillk qazandığı gündən bəri Avropa Şurasının bir çox nümayəndə heyətləri buraya gəlmişdir. Yəqin ki, mən Avropa Şurasından buraya gələn birinci adam olacağam ki, Sizi Avropa Şurasının üzvü olmaq münasibətilə təbrik etməyəcəyəm. Mən bunu gürcüstanlı dostlarıma da demişəm, Avropa Şurasının həqiqi üzvü olduqdan sonra da bəzən adamı təbrik etmək istəyirlər.

Cənab Prezident, buraya gəlməyimin səbəblərini bilirsiniz. Bu gün mənə verdiyiniz məlumata görə Sizə minnətdaram. Bu gün və dünən keçirdiyim görüşlər zamanı nazirlərin, bu məsələ üzrə ayırdığınız xüsusi nümayəndələrin verdikləri məlumatlara görə də Sizə təşəkkürümü bildirmək istəyirəm.

Diqqətinizə çatdırım ki, buraya gəlməzdən əvvəl Sizin parlament nümayəndə heyətiniz mənə bu barədə kifayət qədər məlumat vermişdir. Parlament nümayəndə heyətiniz bu məsələ üzrə, eləcə də digər bütün məsələlər üzrə Avropa Şurasında çox fəal işləyir.

Əlbəttə, Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrin tarixi böyük əhəmiyyət daşıyır. Elə bilirəm ki, bu cəhətdən Birləşmiş Krallığın və Cənubi Qafqazın ümumi bir oxşarlığı vardır. Bu da odur ki, biz tarixə çox varırıq. Yəqin ki, mənim yazacağım məruzədə tarix daha çox yer tutacaqdır.

Cənab Prezident, Siz dediniz ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağa və ətraf rayonlara getmirlər. Bildiyiniz kimi, mən ətraf rayonlara getdim və insanların orada yaşadığı vəziyyəti gördüm. Çünki belə hesab etdim ki, həqiqətən də oraya getmək, onların yaşadığı vəziyyəti görmək çox vacibdir. Mən istəməzdim Azərbaycanda, Azərbaycan əhalisində belə bir fikir oyansın ki, Dağlıq Qarabağa getməklə mənim ora ilə müəyyən əlaqələrim var. Bu gün Sizinlə danışığımdan belə nəticə çıxarıram ki, oraya getmək yaxşı bir fikir olardı.

HEYDƏR ƏLİYEV: Bəli, getmək lazımdır.

TERRİ DEVİS: Əlbəttə, mən gedəcəyəm və bu, nəzərə alınacaqdır.

Mənə vaxt ayırdığınıza görə, Sizə çox minnətdaram. Azərbaycanda ən məşğul adamın vaxtını alıram. Cənab Prezident, mənə kifayət qədər məlumat veriblər. Sizin nümayəndələrə dediklərimdən artıq bir söz deyə bilmərəm. Mən burada bəyanatlar verməyəcəyəm və Azərbaycandan sonra Gürcüstana dostlarımı görməyə gedəcəyəm, daha sonra Ermənistana səfər edəcəyəm. Bu səfərim zamanı Dağlıq Qarabağa getməyəcəyəm. Amma məruzəni tamamlamazdan əvvəl Dağlıq Qarabağa mütləq gedəcəyəm. Artıq bu sözü vermişəm, əlimdən gələni edəcəyəm ki, məsələ həll olunsun. Vaxt ayırdığınıza görə bir daha çox sağ olun.

HEYDƏR ƏLİYEV: Sizə təşəkkür edirəm. Elə mən də onu istəyirəm. Siz dediniz, söz vermisiniz və əlinizdən gələni edəcəksiniz ki, məsələ həll olunsun. Mənə elə bu bəsdir, artıq sözə ehtiyac yoxdur. Çox sağ olun.

X X X

Qəbulda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, AŞPA Siyasi Məsələlər Komitəsinin əməkdaşı Rudiqer Dossov iştirak edirdilər.

AZƏRTAC

Foto Rafiq Bağırovundur

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub