Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏDRLİYİ İLƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ MÜŞAVİRƏ

Avqustun 11-də Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində müşavirə keçirilmişdir. Müşavirəni Prezident Heydər Əliyev giriş nitqi ilə açdı.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ NİTQİ

- Naxçıvan Muxtar Respublikasının problemləri çoxdur. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan vaxtilə respublikamıza edilən qəsd nəticəsində, - mən bunu dəfələrlə demişəm, - Azərbaycanın əsas, böyük ərazisindən bir az ayrı düşübdür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan da Naxçıvan blokada şəraitindədir. İndi də belədir. Dəmir yolu rabitəsi kəsilib, qaz xətləri o vaxt kəsildi, elektrik xətləri kəsildi. Burada o vaxtdan işləyən adamların hamısı bunu xatırlayır. Onda mən də burada idim. Ancaq biz bunlardan o qədər də sarsılmadıq. Doğrudur, respublikanın əhalisi çox ağır vəziyyətə düşdü. Amma biz vəziyyətdən çıxış yollarını tezliklə axtarıb tapdıq. Türkiyədən, İrandan elektrik xətləri çəkdirdik, başqa işləri gördük. Xüsusən Bakı ilə Naxçıvan arasında hava yolunu daha da genişləndirdik. Eyni zamanda, İran ərazisindən avtomobil nəqliyyatının Naxçıvana və Naxçıvandan Azərbaycanın müxtəlif yerlərinə, o cümlədən Bakıya hərəkətini təmin edə bildik.

Blokada şəraitinə baxmayaraq, son dövrdə, yəni təxminən 1994-1995-ci illərdən sonra Naxçıvanda sosial-iqtisadi inkişaf vardır. Muxtar Respublika, onun iqtisadiyyatı inkişaf edir, quruculuq işləri gedir. Naxçıvan şəhəri abadlaşıb, onun siması çox dəyişibdir. Naxçıvanın əskidən, keçmişdən çox gözəl, özünəməxsus siması var. Onun memarlıq abidələri, ümumiyyətlə, şəhər quruluşu var. Əgər insanlar onları öyrənə bilsələr, görərlər ki, Naxçıvanda hələ qədim zamanlardan şəhərin planlaşdırılması, küçələrin, evlərin, məhəllələrin yerləşdirilməsi xaotik olmayıb, çox əsaslı olubdur. Əksinə, bu xaotiklik bizim dövrümüzdə, xüsusən 1988-1989-cu illərdən sonrakı dövrdə olubdur. Amma keçmişi götürsək, - mən o vaxt Naxçıvanda yaşayan adamlardan biriyəm, - Naxçıvanın kücələri çox ağılla qurulmuşdu. Məsələn, Puşkin küçəsini götürsəniz, o, Əlixan məhəlləsindən başlayıb Şahab məhəlləsi qurtarana qədər uzanan prospekt kimi böyük küçədir. Amma onu kəsən kücələr də vardı. Bir neçə kücə onu perpendikulyar olaraq kəsirdi. Amma Əlixan məhəlləsindən Şahab məhəlləsinə gedən təkcə Puşkin küçəsi deyildi. Onunla paralel küçələr də vardı. Memarlıq nöqteyi-nəzərindən 1930-40-cı illəri xatırlayarkən mən həmişə düşünürəm ki, vaxtilə şəhərin salınmasında, - baxmayaraq ki, o dövrdə nə Dövlət Plan Komitəsi vardı, nə də dövlət vardı, - Naxçıvanda şəhərsalma qanunlarına nə qədər riayət olunubdur.

1970-80-ci illərdə biz Naxçıvanda çox böyük inşaat, quruculuq işləri apardıq. Yeni mikrorayonlar salındı, yaşayış binaları, sənaye müəssisələri tikildi. Bu işlərin də hamısı müəyyən şəhərsalma qanunlarına uyğun olaraq görüldü. Yəni bununla onu demək istəyirəm ki, Naxçıvanda keçmişdən, kökündən hər şey düzgün qurulubdur. Ancaq müstəqillik dövründə keçid illəri çox ağır olmuşdur. 1991-ci ilin sentyabrında biz burada birlikdə işə başladıq. Amma o illər çox ağır illər idi. Ondan sonrakı dövrdə, - 1993, 1994,1995-ci illərdə Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək, iqtisadiyyatın tənəzzülünün, bir çox mənfi halların qarşısını almaq lazım idi. Biz bunları etdik.

1995-1996-ci illərdən, ümumiyyətlə, Azərbaycanda inkişaf başladı. İndi inkişaf da çox yüksəkdir. Baxmayaraq ki, problemlərimiz var, amma biz çox yüksək göstəricilər əldə edirik. MDB dövlətləri ilə müqayisə etsək, onların bizim kimi problemləri yoxdur, bu ölkələrdən heç birinin ərazisinin bir qismi, təxminən 20 faizi işğal olunmayıbdır. Bu respublikaların heç birində 1 milyon qaçqın, çadırlarda yaşayan insanları yoxdur. Bəzilərində var, amma bunu heç müqayisə etmək mümkün deyildir. Bunlara baxmayaraq, Azərbaycanın iqtisadiyyatı hər il inkişaf edir. Bu ilin 7 ayı qurtarıbdır, 8-ci ayındayıq, büdcə yerinə yetirilir. Ümumi daxili məhsul 8-10 faiz, kənd təsərrüfatı istehsalı təxminən 8-10 faiz, sənaye istehsalı təxminən 5 faiz artıbdır. Mən təxmini deyirəm, bir az o yan, bu yan ola bilər, çünki bu, ilin axırında yekunlaşacaqdır. Özəlləşdirmə həyata keçirilir və biz onun nəticələrini görürük. Bunların hamısı Azərbaycanda böyük dəyişikliklər meydana gətiribdir. Naxçıvan da Azərbaycanın ayrılmaz hissəsi olaraq bu inkişaf yolu ilə gedir. Ancaq Naxçıvanın çətinliyi bir də ondan ibarətdir ki, Azərbaycanın başqa yerləri, xüsusən də paytaxtı ilə nəqliyyat-kommunikasiya əlaqələri, demək olar, çox ağır vəziyyətdədir. Mən indi dedim, biz müəyyən yollar tapmışıq. Ancaq insanların Naxçıvandan başqa yerlərə, xüsusən Bakıya, digər şəhərlərə getməsi, əsasən, hava yolu vasitəsilə təmin olunur. Bilirsiniz ki, hava yolları ilə də gündə 5-6 təyyarə uçur. Elədirmi?

CAHANGİR ƏSGƏROV: (“Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru): Cənab Prezident, hər gün 4-6 təyyarə uçur.

HEYDƏR ƏLİYEV: Gündə 4-6 təyyarə uçur, insanlar bundan istifadə edirlər. Ancaq mən bunu deyəsən, keçən dəfə demişdim, bir də demək istəyirəm. Biz “Azərbaycan Hava Yolları” konserninə ildə 45 milyard manat subsidiya veririk. Bütün başqa reyslərdə uçuş qiyməti konsernin sərf etdiyi xərclərlə, başqa iqtisadi göstəricilərlə tənzimlənir. Amma burada da belə olsa, sizin təyyarə biletlərinin qiyməti iki dəfə artıq olacaq, elədirmi?

CAHANGİR ƏSGƏROV: 2-3 dəfə artıq olacaqdır.

HEYDƏR ƏLİYEV: 2-3 dəfə artıq olacaqdır. Mən də buna imkan vermirəm. Çünki hesab edirəm ki, Naxçıvanda yaşayan insanların təyyarədən istifadəyə ehtiyacı bütün başqa yerlərdə yaşayan insanlara nisbətən çoxdur. Bizdə dəmir yolu nəqliyyatı indi çox yaxşı işləyir, özü də təkçə Azərbaycan ərazisində yox. Dəmir yolu vasitəsilə Rusiyaya, Ukraynaya, Belarusiyaya gedirlər. Rusiya dedikdə, təkcə Moskva deyil, Rusiyanın başqa şəhərlərinə də gedirlər. İnsanlar bundan çox istifadə edirlər.

Yaxud, avtomobil yolları açıqdır... Bakıdan avtomobilə minib Avropaya qədər gedə bilərsən. Amma Naxçıvanda bu imkanlar yoxdur. Ona görə də mən imkan verməmişəm ki, başqa uçuş reyslərindəki qiymətlər Naxçıvana da tətbiq olunsun. Biz Naxçıvana yardım və konsernin iqtisadi vəziyyətini təmin etmək məqsədi ilə büdcədən ildə 45 milyard manat subsidiya veririk.

Bütün bu çətinliklərə baxmayaraq, Naxçıvanda inkişaf Azərbaycanın başqa bölgələrindən heç də aşağı səviyyədə deyil, bəlkə də yuxarıdır. Bu da çox sevindiricidir. Yenə də deyirəm, şəhər çox abadlaşıb, gözəlləşibdir.

Dünən axşam saat 10 idi, çıxdım sizin parklara baxmağa, adam əlindən tərpənə bilmədim. Doğrudur, ola bilər, insanların çoxu məni görən kimi toplaşmışdı. Amma, eyni zamanda, mən bilirəm ki, sizin parklarda insanlar axşam çağı, başqa istirahət vaxtları rahat dincəlirlər. Ancaq 1991-1992-ci illərdə, 1993-cü ildə mən də burada yaşayanda bunları düşünmək qətiyyən mümkün deyildi. İnsanlar küçəyə qətiyyən çıxa bilmirdilər. İndi bunları görmək sevindirici haldır.

Naxçıvan inkişaf etməlidir. Muxtar Respublikanın 400 min nəfərə qədər əhalisi var. Əhalinin artımı da yaxşıdır və artmalıdır. Güman edirəm ki, əsl naxçıvanlılar Naxçıvanı qoyub heç yerə getməməlidirlər. Mən indi də deyirəm, əgər o vaxt Azərbaycanda elə ağır vəziyyət olmasaydı və orada mənə böyük ehtiyac olmasaydı, mən Naxçıvandan getməyəcəkdim.

1991-cü ildə mən Naxçıvana o məqsədlə gəlmişdim ki, ömrümün sonuna qədər burada yaşayım. Bu, həqiqətdir. Keçmişdə burada, atamın bir evi vardı, - haradakı mən doğulmuşam, məndən sonrakı qardaşlarım doğulub, biz yaşamışıq, böyümüşük, - həmin evin yerində mən özümə ev də tikməyə başladım. Əgər mən buradan getməli olsaydım, niyə ev tikirdim? Elə oldu ki, evi tikib təzəcə köçmüşdüm ki, buradan ayrıldım.

Yəni, demək istəyirəm ki, Naxçıvanı sevənlər Naxçıvanı buraxıb heç yerə getməməlidirlər. Buranın iqlimi çox gözəldir.

Biz dünən gəlmişik, Bakıda da çox isti var, burada da. Hava çox istidir. Amma fərq nədədir? Burada hava qurudur, nəmlik yoxdur. Amma Bakıda bu son 10-15 gün ağır hava var. Ümumiyyətlə, təkçə indi deyil, Bakıda rütubət həmişə var. Naxçıvanda yaşayan, böyüyən adamlar çox sağlam olurlar. Eyni zamanda keyfiyyətlərinə görə çox yüksək səviyyədə olurlar. Bəziləri də deyirlər ki, Naxçıvanlılar niyə belədirlər? Bu gözəl dağların ətəklərində yaşayan, bu sərt qayalarla bir yerdə yaşayan insan daha da möhkəmlənir, güclənir. Bu, təbii haldır. Kim istəyir belə olsun, naxçıvanlılar kimi olsun, qoy gəlib Naxçıvanda yaşasın. Bir sözlə, - mən bunları təəssüratlarım altında deyirəm, sevinirəm ki, Naxçıvan çiçəklənir və bundan sonra da çiçəklənəcəkdir.

Mən çoxdan bu fikirdə idim ki, Naxçıvan hava limanını yenidən quraq, yəni yeni bir hava limanı tikək. Birincisi, gərək elə edək ki, təyyarələr buradan təkcə Bakıya, Gəncəyə yox, bir çox istiqamətlərə uçsun. İkincisi də, Naxçıvan öz coğrafi vəziyyətinə görə elə yer tutur ki, burada beynəlxalq standartlara uyğun hava limanının olması təkcə Naxçıvan üçün yox, bütün qonşu ölkələr üçün də çox əhəmiyyətli olacaqdır. Bunları nəzərə alaraq mən belə bir qərara gəldim. “Azərbaycan Hava Yolları” konserninin baş direktoru Cahangir Əsgərova göstəriş verdim ki, o, bu barədə lazımi mütəxəssislərlə hazırlıq görsün. Onlar hazırlıq görüblər, Bakıda mənə məruzə etdilər, Əsgərov mənə məruzə etdi. Bu gün biz bu işə başlayacağıq, siz də burada iştirak edəcəksiniz, sizsiz olmayacaqdır. Ona görə mən istədim ki, bu gün burada Cahangir Əsgərov məlumat versin. Mən bir də bu məlumatı dinləyim və siz də dinləyəsiniz. Baxaq görək, bəlkə məsləhətləriniz var, utanmayın, çəkinməyin, kimin fikri, məsləhəti olsa, desin. Ondan sonra mən bu hava limanının tikilməsi haqqında qərar qəbul edəcəyəm. İndi Əsgərova söz verirəm.

“AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİNİN BAŞ DİREKTORU CAHANGİR ƏSGƏROVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident, icazənizlə, bizə göstərdiyiniz diqqət və qayğıya görə Azərbaycanın mülki aviasiya işçiləri adından Sizə səmimi qəlbdən minnətdarlığımızı və təşəkkürümüzü bildirmək istəyirəm.

Bugünkü müşavirə bu diqqət və qayğını bir daha sübut edir.

Möhtərəm cənab Prezident, Sizin göstərişinizə əsasən, son iki ayda “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən Naxçıvan hava limanının tikintisinə dair ilkin konseptual layihə hazırlanmış və Beynəlxalq Mülki Aviasiya təşkilatının tələbləri bu layihədə öz əksini tapmışdır. İcazənizlə, konseptual layihədə nəzərdə tutulan bir sıra işlər haqqında Sizə məlumat verim.

Birincisi, Naxçıvan hava limanında köhnə, istismarda olmayan, uzunluğu 1800 metr, eni 35 metr olan uçuş-enmə zolağında yenidənqurma işləri, görülməlidir.

HEYDƏR ƏLİYEV: Necə yəni köhnə, istismarda olmayan?...

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, köhnə, istismarda olmayan zolağı deyirəm. İndi orada iki zolaq var.

HEYDƏR ƏLİYEV: Biri istismardadır, o biri yox?

CAHANGİR ƏSGƏROV: Böyük zolaq istismardadır, kicik zolaq isə istismarda deyildir.

HEYDƏR ƏLİYEV: İstismarda olmayanı böyütmək istəyirsiniz?

CAHANGİR ƏSGƏROV: Bəli, istismarda olmayan, eni 35 metr olan uçuş-enmə zolağının yenidən qurulması nəzərdə tutulubdur. İkincisi, indi istismar edilən və 3300 metr uzunluğu, 45 metr eni olan uçuş-enmə zolağının tamamilə yenidən tikilməsi nəzərdə tutulur.

HEYDƏR ƏLİYEV: Onların yeni parametrləri nədən ibarət olacaqdır? Əgər eyni ölçüdə qalacaqsa, yəqin ki, bu, olmaz.

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, icazənizlə, mən bütün görüləcək işləri deyim, sonra bunlar barədə bir-bir açıqlama verim.

HEYDƏR ƏLİYEV: Yaxşı.

CAHANGİR ƏSGƏROV: Saatda 300 sərnişinə xidmət etməyə imkan verən aerovağzal binasının tikintisi nəzərdə tutulur. Bundan əlavə, uçuşları idarəetmə məntəqəsinin, sahəsi 1000 kvadrat metr olan yük terminalının, 8 min tonluq yanacaq anbarının, yanğınsöndürmə binasının, istilik mərkəzinin, su anbarının, aerodrom avadanlığının təmiri üzrə emalatxana binasının tikintisi, vağzalyanı meydanda 250 avtomobil üçün dayanacağın inşası planlaşdırılır.

HEYDƏR ƏLİYEV: Mən layihənin maketini buradan yaxşı görürəm. Müşavirə iştirakçıları da görürlərmi?

VASİF TALIBOV: (Naxçıvan MR Ali Məclisinin sədri): Cənab Prezident, baxıblar.

HEYDƏR ƏLİYEV: Mən maketin arxa tərəfini görürəm, siz isə əsas tərəfini görürsünüz. Buyurun.

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, biz bu layihədə uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə dünyada qəbul edilmiş beynəlxalq standartlara uyğun işlərin aparılmasını nəzərdə tutmuşuq. İcazənizlə, hər bir obyekt barədə açıqlama vermək istəyirəm.

Bu, Naxçıvan hava limanının indiki vəziyyətini göstərən plandır. Köhnə, istismarda olmayan 1800 metr uzunluğunda uçuş-enmə zolağı...

HEYDƏR ƏLİYEV: Onu elə asmısan ki, məndən başqa heç kim görmür.

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, ayrı imkan yoxdur. Bu zolağı biz 900 metr uzadacağıq, enini də 10 metr artıracağıq. Yəni həmin zolağın uzunluğu 2700 metrə çatdırılacaqdır.

HEYDƏR ƏLİYEV: İndi onun uzunluğu nə qədərdir?

CAHANGİR ƏSGƏROV: 1800 metrdir, 900 metr artırılacaqdır. Uzunluğu 2700, eni də 45 metr olacaqdır. Bu, asfalt-beton zolaq olacaqdır. Əvvəlcə biz bu zolaqda işə başlayacağıq. Naxçıvan hava limanında uçuşları fasiləsiz təmin etmək məqsədi ilə ilk növbədə bu zolağın yenidənqurma işləri görülməlidir. Bunun üçün bizə 5-6 ay vaxt lazımdır. Həmin müddətə biz bu zolaqda işləri tam başa çatdıra bilərik.

Həmin zolağı istismara verdikdən sonra mövcud olan 3300 metr uzunluğundakı böyük zolağın asfalt örtüyünü götürəcəyik, yeni örtük salacağıq. Bu, tamamilə yenidən tikilmiş zolaq olacaqdır. Onun örtüyü monolit betondan olacaqdır. Uzunluğu əvvəlki kimi, 3300 metr qalacaq, bu, kifayətdir. Eni də 45 metr olacaqdır. Bu zolağın tikintisi başa çatdırıldıqdan sonra dünyada mövcud olan ən ağır təyyarələri - “Boinq-747” və digər təyyarələri qəbul etməyə imkan yaranacaqdır.

HEYDƏR ƏLİYEV: Ağır yük təyyarələrini qəbul edə biləcəkmi?

CAHANGİR ƏSGƏROV: Ağırlığı 400 tondan çox olan təyyarələri qəbul edə biləcəkdir.

HEYDƏR ƏLİYEV: 400 ton?

CAHANGİR ƏSGƏROV: Bəli, 400 tondan çox. İstismarda ondan ağır təyyarələr yoxdur.

HEYDƏR ƏLİYEV: Zolağın örtüyü betondan olacaq?

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, zolağın örtüyü monolit betondan olacaqdır.

HEYDƏR ƏLİYEV: Müasir aeroportlarda monolit betondan istifadə olunurmu?

CAHANGİR ƏSGƏROV: Yox. Bu materialdan çoxdan istifadə olunmur.

HEYDƏR ƏLİYEV: Olunmur?

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, uçuş-enmə zolağında işlər İstanbulun Atatürk hava limanında çalışan mühəndislər, inşaatçılar tərəfindən görüləcəkdir. Azərbaycanda bu tipli, yəni monolit beton örtükli uçuş-enmə zolağı ilk dəfə məhz Naxçıvanda olacaqdır.

HEYDƏR ƏLİYEV: Bakıda yoxdur?

CAHANGİR ƏSGƏROV: Bakıda, Azərbaycanda yoxdur. MDB ölkələrində də yoxdur. MDB ölkələrində uçuş-enmə zolaqları monolit betondan deyil, beton pilətələrdən salınır.

HEYDƏR ƏLİYEV: Onda bundan sonra Bakıda da olmaldır...

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, inşallah...

Ancaq öncə biz bunu Naxçıvanda edəcəyik. Nə üçün biz bu qərara gəldik? Biz bunu iqlimə görə etdik. Naxçıvanda gecə və gündüz temperaturda çox böyük fərq olur. Asfalt bu temperatur fərqinə dözmür. Asfalt yumşalır, təyyarə qalxıb-enəndən sonra asfalt üzərində dalğavari izlər qoyur. Ona görə də biz uçuş-enmə zolağını monolit betondan etmək istəyirik ki, birdəfəlik olsun, on illərlə bizim üçün problem yaranmasın. Belə olduqda, uçuş-enmə zolağını təmir etməyə ehtiyac qalmayacaqdır.

Beləliklə, cənab Prezident, hava limanında iki uçuş enmə zolağı yenidən inşa olunacaqdır. Böyük uçuş-enmə zolağı monolit betonla örtüləcəkdir. İkinci zolağın uzunluğu isə 2700 metr, eni 45 metr olacaqdır. Bu zolağın örtüyü asfalt-betondan olacaqdır.

Cənab Prezident, bundan əlavə, uzunu 468 metr, eni isə 204 metr, sahəsi təxminən 100 min kvadratmetr olan perron inşa ediləcəkdir. Bu perron hazır olandan sonra eyni vaxtda 20 təyyarə qəbul etmək mümkün olacaqdır. Burada 20 təyyarə dayana biləcəkdir.

HEYDƏR ƏLİYEV: Yəni orada təyyarələr dura biləcəklər...

CAHANGİR ƏSGƏROV: Böyük təyyarələrdən - “Boinq-747”-dən təxminən 12-ni, amma “Boinq-757”, “TU-154” tipli təyyarələrdən isə 20-ni burada saxlamaq mümkündür.

Cənab Prezilent, icazə verin, aerovağzal binasının tikintisi məsələsinə keçək. Diqqətinizə təqdim edilən maketdə göstərilən aerovağzal binasının ümumi sahəsi 8 min kvadratmetr olub iki mərtəbədən ibarətdir. Burada binanın, fasad hissəsi, vağzalyanı meydandan görünüşü və perron tərəfdən görünüşü verilmişdir.

Cənab Prezident, ümumi sahəsi 5 min kvadratmetr olan və iki salondan ibarət birinci mərtəbədə eyni vaxtda 300 sərnişinə xidmət göstəriləcəkdir. Dünyada İKAO təşkilatının tələblərinə cavab verən hansı standartlar mövcuddursa, biz bu layihəni onlara uyğun şəkildə hazırlamışıq. Burada giriş hissəsi, sonra gömrük və sərhəd zonası və bir də sərnişinlərin dincəlməsi üçün 2 min kvadratmetr sahəsi olan salon nəzərdə tutulmuşdur. Kafe və mağazalar, yardımçı otaqlar, bir də uçuş meydançasına, perrona keçmək üçün 3 yerdən çıxış olacaqdır. Binanın sağ tərəfində isə yük salonu nəzərdə tutulubdur. Onun təxminən 100 kvadratmetrədək sahəsi olacaqdır. Binanın sol tərəfində isə Naxçıvana gələn sərnişinlər üçün salon olacaqdır. Onun sahəsi 2700 kvadratmetrə bərabər olacaqdır. Perrondan eyni vaxtda buraya 3 qapıdan 300-dək sərnişin daxil ola bilər. Sərnişinlər sərhəd nəzarətindən keçdikdən sonra yüklərini almaq üçün böyük bir salona keçəcəklər.

HEYDƏR ƏLİYEV: Deməli, gəliş salonuna buraya gələnlər daxil olacaqdır.

CAHANGİR ƏSGƏROV: Bəli, onlar üçündür. Perrondan sərnişinlər buraya daxil olacaqlar. Bu biri tərəfdə isə vağzalyanı meydan yerləşəcəkdir.

HEYDƏR ƏLİYEV: Bəs çıxış?

CAHANGİR ƏSGƏROV: Naxçıvana gələn sərnişinlər buradan daxil olacaq, o biri tərəfdən isə çıxacaqlar.

Bakıdakı hava limanında nə varsa, hansı inşaat materiallarından, avadanlıqdan istifadə olunmuşdursa, burada da onlardan istifadə olunacaqdır.

Hava limanında iki baqaj konveylri düzəldiləcəkdir. Sərnişinlər baqajlarını aldıqdan sonra, gömrük nəzarətindən keçərək çıxışa doğru gedə biləcəklər. Aerovağzal binasının layihəsi çox gözəl, yığcamdır.

Bir də biz nəzərdə tutmuşuq ki, bütün əməliyyatlar birinci mərtəbədə həyata keçirilsin. Nəzərə almışıq ki, sərnişinlərin yüklə ikinci mərtəbəyə çıxmasına ehtiyac qalmasın, onlara çətinlik törətməsin. Layiənin dəyəri də bununla bağlı olacaqdır. Biz layihəni iqtisadi baxımdan bu cür hazırlanmasını üstün tutduq.

Cənab Prezident, binanın ikinci mərtəbəsində isə hava limanı və avionaviqasiya işçiləri üçün inzibati otaqlar nəzərdə tutulubdur. İkinci mərtəbənin bu hissəsi aeronaviqasiya işçiləri üçündür. Dispetçerlər buradan təyyarələrin havada hərəkətinə nəzarət edəcəklər. Onların iş yerləri müasir dünya standartlarına cavab verəcəkdir. İkinci mərtəbədəki sağ tərəf hava limanının işçiləri üçün ayrılmışdır. Təxminən 80 nəfərə yaxın işçi üçün inzibati otaqlar, iş yerləri olacaqdır. Onların burada normal işləməsi üçün hər cür şərait yaradılacaqdır.

Cənab Prezident, Naxçıvan hava limanını elektrik enerjisi ilə təmin etmək məqsədi ilə burada transformator stansiyası tikiləcək və dizel generatorları quraşdırılacaqdır. Transformator stansiyası 1000 kilovat gücündə nəzərdə tutulubdur. Bu, böyük yarımstansiya olacaqdır, burada bir stansiya tikiləcəkdir. Elektrik enerji buradan həm aerovağzala, həm də o biri obyektlərə veriləcəkdir. 4-5 yerdə də generator quraşdırılacaqdır. Bu generatorların gücü 250-300 kilovat olacaqdır.

Cənab Prezident, layihədə yük terminalının, yanacaq ambarının, yanğınsöndürmə binasının, istilik mərkəzinin və su anbarının tikintisi, mühəndis-kommunikasiya xətlərinin çəkilişi də nəzərdə tutulmuşdur. Adları çəkilən işlərin görülməsi işçi layihəsində təqdim olunacaqdır.

Cənab Prezident, layihənin həyata keçirilməsi ilə bağlı bir-iki məsələ, mən deyərdim, problem var. Birincisi uçuş-enmə zolağının sonunda təpələrin yüksəkliyinin azaldılması problemidir.

HEYDƏR ƏLİYEV: Nəyin yüksəkliyinin?

CAHANGİR ƏSGƏROV: Yüksəkliklərin azaldılması, o təpələrin kəsilməsi... Cənab Prezident, bu mövcud olan zonamızdır. Bu zonada 34 istiqamətdə təxminən 15-18 metr hündürlüyü olan iki təpə vardır. Bu təpələri biz gərək kəsdirək. Onların yüksəkliyini azaldaq. Topoqraflar bu məsələ ilə məşğuldurlar, onlar bizdən bir-iki gün vaxt istədilər. Orada nə qədər torpaq işi görüləcəksə, onun həçmi barədə bizə məlumat verəcəklər. Mən də Sizə bu barədə məruzə edəcəyəm. Bizim hesablamalarımıza görə, 800 min, 1 milyon kubmetr torpaq götürülməlidir. Bu, böyük iş həcmidir.

HEYDƏR ƏLİYEV: Bu, hərbi təyyarənin o vaxt dəydiyi təpədir?

VASİF TALIBOV: Bəli, həmin təpədir. Bir hissəsi o vaxt götürüldü. CAHANGİR ƏSGƏROV: İndi topoqraflar nə desələr, biz onu edəcəyik.

VASİF TALIBOV: Burada problem olmamalıdır, boş torpaqdır, partlayış aparılmadan götürüləcəkdir.

HEYDƏR ƏLİYEV: O mənada problem hesab edir ki, orada böyük iş həcmi var.

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, digər problem isə hava limanı yaxınlığındakı ərazidə hərbçilərin olmasıdır.

HEYDƏR ƏLİYEV: Kim?

CAHANGİR ƏSGƏROV: Hərbçilər. Əgər imkan olsa, hərbçiləri oradan başqa yerə köçürmək məsləhətdir. Çünki həmin ərazi bizə lazımdır. Hava limanı genişlənir. O ərazidən biz istifadə etməli olacağıq. Mən xahiş edirəm, əgər imkan varsa...

VASİF TALIBOV: Cənab Prezident, Siz bilirsiniz, orada hava hücumundan müdafiə qüvvələri yerləşir.

HEYDƏR ƏLİYEV: O yer aeroporta yaxındır?

VASİF TALIBOV: Bəli, yaxındır. Hərbçilər o hissədə yerləşmirlər. O zaman orada vertolyot meydançası var idi. Bu, həmin ərazidir. O ərazidən də istifadə etmək mümkündür. Yəni biz oranı saxlamışıq ki, gələcəkdə vertolyot eskadrilyası yaratmaq mümkün olarsa, bu məqsəd üçün istifadə oluna bilər.

HEYDƏR ƏLİYEV: Mən o hissəni tanıyıram, orada olmuşam, o, aeroporta yaxın deyildir.

VASİF TALIBOV: Həmin ərazi onlara aiddir. O da problem ola bilməz.

HEYDƏR ƏLİYEV: Baxarsınız.

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, hava limanının və hərbçilərin hasarı birdir.

HEYDƏR ƏLİYEV: Yaxşı, bu izahat verilibdir.

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, tikintidə istifadə ediləcək bütün avadanlıq, inşaat materialları dünya standartlarına uyğun olacaqdır. Bakıda hava limanında hansı material istifadə edilibsə, eyni materiallardan burada da istifadə olunacaqdır. Döşəməsi, sütunlar və s. hamısı qranit, mərmər olacaqdır, ayrı material olmayacaqdır.

Möhtərəm Prezident, əlavə olaraq məlumat vermək istərdim ki, Sizin tövsiyənizə əsasən, layihənin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikasının yerli işçi qüvvəsindən və müvafiq təşkilatlarından istifadə olunması nəzərdə tutulmuşdur. İlkin hesablamalara görə, layihənin həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaiti təxminən 90-100 milyard manatdır. Bu, təxminən 18-20 milyon ABŞ dolları həcmindədir. Layihə tam dəqiqləşdirildikdən sonra qəti rəqəm də bəlli olacaqdır.

Möhtərəm cənab Prezident, Sizin tərəfinizdən layihə qəbul edilsə, daha ətraflı və dəqiq layihə hazırlanacaqdır. İnsaat işlərini başlamaq sentyabr ayına planlaşdırılıbdır. Torpaq işlərinə başlanacaqdır.

HEYDƏR ƏLİYEV: Axı, sentyabr ayına bir şey qalmayıbdır.

CAHANGİR ƏSGƏROV: Bəli, 15 gün qalıbdır.

HEYDƏR ƏLİYEV: Siz o vaxta qədər hazır ola bilərsinizmi?

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, hazır olacağıq. O vaxta qədər bizə 10 ədəd “Belaz” markalı avtomaşın lazımdır. Biz altı ayda hər gün işləməliyik. İnşaat işlərinin başa çatması 2003-cü ilin sonuna nəzərdə tutulur. Bunu etmək üçün gərək biz işə sentyabr ayında başlayaq.

HEYDƏR ƏLİYEV: Yəni inşaat işlərinin qurtarması, hava limanının istifadəyə verilməsi.

CAHANGİR ƏSGƏROV: Bəli. Mən bu gün burada Sizə məruzə edirəm ki, bütün obyektlər həmin vaxtda istifadəyə veriləcək, iki zolaq istismarda olacaqdır. Bütün işlər paralel surətdə görüləcək, dekabrın 24-də başa çatdırılacaqdır.

Cənab Prezident, bir-iki məsələyə də toxunmaq istəyirəm. Layihənin həyata keçirilməsi nəticəsində Naxçıvan hava limanı müasir dünya standartlarına cavab verən obyekt olacaqdır. Bu liman müxtəlif tipli, o cümlədən ən ağır təyyarələri qəbul edə biləcəkdir. Naxçıvan hava limanından dünyanın müxtəlif istiqamətlərinə, o cümlədən Ankara, İstanbul, Qars, Trabzon, Tehran, Təbriz şəhərlərinə və MDB ölkələrinə beynəlxalq uçuşlar etməyə imkan yaranacaqdır. Mən bununla da çıxışımı yekunlaşdırıram.

HEYDƏR ƏLİYEV: Sualı olan var?

VASİF TALIBOV: Cənab Prezident, binanın dam örtüyünün Naxçıvanın iqlim şəraitinə uyğun quraşdırılmasını xahiş edirəm. Yəni, iqlim şəraiti kəskin olduğuna görə, burada əvvəllər tikilmiş binaların dam örtüyü dözmür.

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, biz Vasif müəllimlə danışdıq. Burada iki dam olacaq. Heç bir problem yoxdur. Bir metrə qədər qaldıraraq, pandusun üstündə milli naxışlar formasında bir şey düzəldəcəyik ki, görünməsin.

HEYDƏR ƏLİYEV: Bunu qaldırıb nə edəcəksiniz?

CAHANGİR ƏSGƏROV: Bunu qaldıracağıq ki, dam yerdən görünməsin.

VASİF TALIBOV: Görünməmək üçün qırmızı rəngli şiferlə örtülsə, buna gözəllik verər və binanın formasına heç bir xələl gətirməz. Bunu qaldırmağa, bəlkə də, bir o qədər ehtiyac yoxdur.

HEYDƏR ƏLİYEV: Hər halda layihə hazır olanda mən baxacağam.

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, bu məsələ nəzərdə tutulacaqdır.

HEYDƏR ƏLİYEV: Başqa sözünüz yoxdur? Burada iştirak edənlərin sualı varmı? Yoxdur. Əyləş.

VASİF TALIBOV: Cənab Prezident, bərpa olunacaq yeni zolaqda işlərin iqlim şəraitinə uyğun aparılmasını nəzərə almaq lazımdır. Siz o vaxt burada işləyən zaman yeni zolağı tikdirəndə onu standartlara uyğun etdiniz. Naxçıvana enmə şəraiti nəzərə alındı ki, təyyarə zolağa enəndən sonra, ola bilsin, nəzərdə tutulandan bir az da çox irəliləyər. Ona görə həmin məsafə bir az uzun götürülmüşdür. İndi bu zolaq 100-200 metr uzun olsa, təhlükəsizlik baxımından yaxşı olardı.

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, burada relyef məsələsi var. Problem olmasa, 2700 metrdən çox edəcəyik. Amma 2700 metr tam təhlükəsizlik şəraitini təmin edir.

HEYDƏR ƏLİYEV: Əgər relyef məsələsi varsa, onu düzəldin və zolağı uzadın. Başa düşdün?

CAHANGİR ƏSGƏROV: Oldu.

HEYDƏR ƏLİYEV: Relyef məsələsinə baxarsınız, mənə göstərərsiniz. Zolağı mümkün qədər uzadarsınız. Onun zərəri yoxdur, amma xeyri həmişə ola bilər.

Başqa sualı olan var? Yoxdur. Əyləş.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUN ÇIXIŞI

-Möhtərəm Prezident!

Siz Azərbaycana rəhbərliyinizin birinci dövründə Naxçivan Muxtar Respublikasının nəqliyyat sisteminin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər görmüsünüz. Belə ki, 1976-cı ildə Azərbaycan dəmir yolunun Naxçıvan şöbəsini yaratmısınız. Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində minlərlə iş yeri açılmış, dəmir yolunun ətrafındakı kəndlər və qəsəbələr xeyli abadlaşdırılmışdır. Bundan əlavə, Füzuli rayonundan keçməklə Mehridən Naxçıvana avtomobil yolunun çəkilişinə başlanmışdı və bu iş tamamlanmaqda idi. Məlum hadisələrdən sonra həmin yolun tikintisi dayandırıldı.

Naxçıvan Muxtar Respublikasının Azərbaycanla olan bütün kommunikasiya xətləri mənfur qonşularımız tərəfindən kəsilsə də...

HEYDƏR ƏLİYEV: Vasif, dayan. Sən o dəmir yolundan dedin. O, düzdür. Amma gərək bir şeyi heç kəs unutmasın. Çünki o vaxtlar, 1978-1979-cu illərdə olan şeydir. Bəlkə sən də bilmirsən. Bilirsiniz ki, Azərbaycanın dəmir yolu şöbələrə bölünübdür. Bakı şöbəsi vardı. Gəncə şöbəsi vardı. Bir də İmişlidə şöbə var idi. İmişlidəki şöbə dəmir yolunun Ermənistan sərhədinə qədər Naxçıvanı da əhatə edirdi, bir də Lənkəran tərəfi idarə edirdi.

Mən bunu əvvəllər bilmirdim. Bir dəfə bununla tanış olanda çox təəccübləndim. Dedim ki, əgər dəmir yolunda bu şöbələr yaranıbsa, qoy onlar dəmir yolunun müəyyən hissələrinə rəhbərlik etsinlər. Nə təhər olur, Bakı şöbəsi bütün Bakının ətrafını, böyük radiusu, Gəncə şöbəsi Gürcüstana qədər böyük radiusu, İmişli şöbəsi isə Bakı ilə Gəncənin qoltuğunda qalan digər radiusu əhatə edir. Amma şöbə Naxçıvanda deyil, - hansı ki, Azərbaycanın ən ucqar yeridir və demək olar, dəmir yolunun qurtardığı yerdir, - nədənsə, İmişlidə idi. Mən onda əmr verdim. Bu, böyük bir şey idi. Çünki o uzun illər, onillərlə yaranmış bir vəziyyət idi. Şöbə deyəndə, bunu düzgün başa düşün. Onun çox böyük ştatı var idi və dəmir yolunun o hissəsinə rəhbərlik edirdi. Məsələn, Naxçıvanın dəmir yolu İmişli şöbəsinə tabe idi. Başa düşürsünüz, gərək hər dəfə İmişli şöbəsinə gedəydilər. Amma mən bunu İmişlidən götürdüm, Naxçıvana köçürdüm. Bunu bilirsən, yoxsa yox?

VASİF TALIBOV: Bəli, bilirəm.

HEYDƏR ƏLİYEV: Bəs niyə yadından çıxarırsan?

VASİF TALIBOV: Vaxtınızı çox almamaq üçün.

HEYDƏR ƏLİYEV: Yox, sən 2-3 kəlmə ilə mənim vaxtımı çox ala bilməzdin. Sadəcə, bunu unudursunuz. O vaxt bu, çox böyük problemlər yaratdı. Çünki orada müxtəlif dəmir yolu təşkilatları var idi. Onların da hər birinin ştatları var idi. İnsanlar işləyirdilər, yaşayış binaları, inzibati binalar tikilmişdi. Yəni ora böyük dəmir yolu qovşağı idi. Mən onu Naxçıvana köçürdüm və artıq İmişlidən Naxçıvana gəlməli oldular. Başa düşürsən?

VASİF TALIBOV: Bəli.

HEYDƏR ƏLİYEV: Bütün bu şöbəni Naxçıvana köçürməklə buranı möhkəmləndirdik. İndi siz düzgün başa düşün. Yəqin ki, başqaları da düzgün başa düşməlidir. Mən bunu ona görə etmirdim ki, təkcə Naxçıvana yaxşılıq edim. Ona görə ki, bu, reallığı əks etdirirdi. Amma vaxtilə, birincisi, subyektivliyə yol verilmişdi. İkincisi də hələ 1976-1977-ci illərdə bunu edəndə, 20-30 il ondan qabaq ağılsızlıq nəticəsində edilmiş işi aradan qaldırmaq istəyirdim. Subyektivlik nəticəsində görülən işi aradan qaldırmaq istəyirdim. Ona görə yox ki, mən Naxçıvana yaxşılıq etmək istəyirdim, Naxçıvanı daha da möhkəmləndirmək istəyirdim. Ona görə ki, bunu bizim dəmir yol sisteminin strukturu tələb edirdi. Mən də istəyirdim ki, dəmir yol sisteminin strukturu daha da düzgün olsun.

Təbiidir ki, bunu da edəndə Naxçıvanda yeni iş yerləri açıldı, yeni binalar tikmək, yeni təşkilatlar yaratmaq lazım oldu. Mən o vaxt bunu da etdim. Sonra yol kəsildi, filan oldu, bunlar hamısı pozuldu. Amma mən o gün dəmir yolunun rəisi ilə danışırdım. O mənə deyirdi ki, biz Naxçıvanda dəmir yolunda təxminən 100 milyon manatlıq iş görərkən. oraya 600 milyon manat pul verdik.

VASİF TALIBOV: Düzdür.

HEYDƏR ƏLİYEV: Başa düşürsünüz, altı dəfə çox. Mən də bilirəm ki, Naxçıvanda dəmir yolunda böyük iş görülmür. Çünki buradan dəmir yolu hara gedir, bilmirəm. Şərura gedir?

VASİF TALIBOV: Ordubad-Sədərək.

HEYDƏR ƏLİYEV: Ordubad-Sədərək. Oradan da Təbrizə gedirsiniz, yoxsa yox?

VASİF TALIBOV: Bəli, gedirik.

HEYDƏR ƏLİYEV: Başqa bir şey yoxdur. Amma buna baxmayaraq , mən göstəriş vermişdim və iki gün bundan öncə dəmir yolunun rəisi ilə danışırdım. Bunu ondan soruşdum. O, mənə belə dedi.

Çıxışına davam et, bunları yadınızdan çıxarmayın. Sən cavansan, o vaxtlar, 1976-cı ildə nə edirdin, əsgərlik edirdin, nə edirdin, bilmirəm.

VASİF TALIBOV: Orta məktəbdə oxuyurdum.

HEYDƏR ƏLİYEV: Orta məktəbdə oxuyurdun. Əlbəttə, bu barədə sənə irad tutmaq olmaz ki, niyə yadında deyildir. Amma irad tutmaq olar ki, sən artıq Naxçıvanın başçısısan. Sən gərək bütün bu tarixi öyrənəsən. İnsanlar hər şeyi bilir ona görə yox ki, bunu görüblər. Ona görə ki, tarixi öyrənirlər. Yaxşı, davam et.

Mən bu sözü təkcə ona demirəm, hamınıza deyirəm. İnanıram ki, o, azdan-çoxdan bunu bilir. Amma başqalarının çoxu heç bir şey bilmir.

VASİF TALIBOV: Naxçıvan Muxtar Respublikasının Azərbaycanla olan bütün kommunikasiya xətləri mənfur qonşularımız tərəfindən kəsilsə də, Sizin uzaqgörən siyasətiniz sayəsində 1974-cü ildə tikilib istifadəyə verilən Naxçıvan hava limanını bu gün də naxçıvanlılar üçün həyati əhəmiyyət kəsb edir və həyat yolu adlandırılır.

Hörmətli Prezident, 1974-cü ildə tikilən hava limanının uçuş-enmə zolağının uzunluğu 1800 metr olduğundan, ancaq kiçik təyyarələr, yəni “YAK-40” təyyarələri üçün nəzərdə tutulmuşdu. Bu, o dövr üçün kifayətləndirici idi. Çünki həmin dövrdə Naxçıvandan Bakıya iki sərnişin qatarı işləyirdi və avtomobil yolu mövcud idi.

Məlum Dağlıq Qarabağ hadisəsindən sonra bütün kommunikasiya xətləri ermənilər tərəfindən dağıldığından, Muxtar Respublikada gərginlik yarandı və mövcud hava limanı tələbatı ödəmədi. Yenə də Sizin uzaqgörən müdrik siyasətiniz naxçıvanlıları bu gərginlikdən xilas etdi. Belə ki, 1992-ci ildə, Naxçıvanda Ali Məclisin sədri işlədiyiniz dövrdə Sizin rəhbərliyiniz və göstərişiniz əsasında, Naxçıvan hava limanında uzunluğu 3300 metr olan ikinci uçuş-enmə zolağı tikilib istifadəyə verildi. İri, yəni “TU-134” və “TU-154” tipli təyyarələrin enib-qalxmasına şərait yaradıldı.

Siz o vaxt bu mühüm obyektin tikintisinə ciddi diqqət yetirirdiniz. 1992-ci ilin fevralında Ali Məclisin Rəyasət heyətinin iclasında inşaat işlərinin gedişini xüsusi müzakirəyə çıxararaq, təxirəsalınmaz tədbirlərin görülməsini, lazım gələrsə, çox növbəli iş rejiminə keçirilməsini tələb etmişdiniz. Muxtar Respublikanın əhalisi yaxşı xatırlayır ki, Siz Naxçıvan hava limanının tikintisinin başa çatması münasibətilə keçirilən tədbirdə şəxsən iştirak edərək, Muxtar Respublika üçün həyati əhəmiyyəti olan obyektə xeyir-dua verdiniz. Böyük təyyarələri qəbul edə bilən hava limanının qısa müddətdə istifadəyə verilməsinə nail olmaqla, ölkəmizin əsas ərazisi ilə hava nəqliyyatı imkanını genişləndirməklə Naxçıvanı qoruyub saxladınız. O ağır günlərdə xüsusilə mərkəzdən edilən təzyiqlərə baxmayaraq, həyati əhəmiyyətli Naxçıvanın qurtuluşu üçün gördüyünüz işləri qədirbilən Naxçıvan əhalisi heç bir zaman unutmamışdır və bu mühüm işə görə Sizə həmişə minnətdardır.

Zati-aliləri, Sizin tapşırığınız əsasında yenidən qurulmuş Naxçıvan hava limanından indi həftədə iki dəfə Gəncə şəhərinə, hər gün dörd dəfə Bakı şəhərinə sərnişin təyyarələri uçur və qismən də olsa, əhalinin tələbatını ödəyir. Hava limanının xidmətindən gündə orta hesabla 600-650 nəfər istifadə edir və həyati əhəmiyyətli müxtəlif zəruri yüklər daşınır.

Lakin Naxçıvan hava limanının gücü bugünkü tələblərə cavab vermir. Ancaq Naxçıvan əhalisi əmin idi ki, möhtərəm Heydər Əliyev qayğısını yenə də göstərəcəkdir. Biz bu gün bunun bir daha canlı şahidi olduq. Naxçıvan hava limanının tikintisinə göstəriş verməyiniz və bu gün Sizin iştirakınızla layihənin müzakirə edilməsi Muxtar Respublikaya, Naxçıvan əhalisinə göstərilən diqqət və qayğının ifadəsidir.

Möhtərəm Prezident, icazə verin, bu diqqət və qayğıya görə Naxçıvan əhalisi adından və öz adımdan Sizə minnətdarlığımızı bildirim. Əmin edirəm ki, Sizinlə daim bir yerdə olan Naxçıvan əhalisi bundan sonra da Sizin ideyalarınızın həyata keçirilməsi və doğma respublikamızın inkişafı üçün bütün qüvvəsini səfərbər edəcəkdir.

X X X

Dövlətimizin başçısı Heydər Əliyev müşavirəyə yekun vurdu.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YEKUN NİTQİ

- Mən bu gün bizim görüşümüz başlayanda da dedim. Bir də demək istəyirəm ki, bu gün burada bu müşavirəni keçirməyimin məqsədi ondan ibarətdir ki, Naxçıvan hava limanını yenidən inşa edəcəyik. Orada olan bina, zolaqlar hamısı ləğv olunacaq, yeni bir şey yaranacaqdır. Təbiidir ki, bu, böyük hadisədir və bu, Naxçıvan üçün lazımdır. Ona görə də mən bunu nəzərə aldım. Mən konsernin baş direktorunu dinləmişəm, hesab etdim ki, sizinlə bir yerdə ikinci dəfə də dinləyim və fikirlərinizi öyrənim.

Mən görürəm ki, siz bunu bəyənirsiniz. Elədirmi? Bəlkə istəmirsiniz?

VASİF TALIBOV: Bəli, istəyirlər.

HEYDƏR ƏLİYEV: Siz bunu bəyənirsiniz və Talıbovun dediyinə görə, təşəkkür edirsiniz. İndi siz bəyənsəniz də, bəyənməsəniz də mən bu qərarı qəbul etmişəm və bunu edəcəyəm.

Əsgərov deyir ki, sentyabrın 1-dən işə başlanmalıdır. Mən buna ayrı baxacağam. Yəqin ki, bu razılığı verəcəyik. Çünki bütün başqa məsələlərə Bakıda bir də baxacağam. Sən söz verdin ki, 2003-cü ilin sonunda hava limanı tamam hazır vəziyyətdə təhvil veriləcəkdir.

CAHANGİR ƏSGƏROV: Bəli, tamam hazır vəziyyətdə istismara veriləcəkdir.

HEYDƏR ƏLİYEV: Biz də birlikdə bunun açılışında iştirak edərik və Naxçıvanın beynəlxalq hava limanı olar.

İndi Naxçıvana bizdə “TU-154” təyyarələri işləyir, sərnişinləri daşıyır. Ancaq mənim fikrim var ki, iki ədəd yeni “TU-154” təyyarəsi alaq. Mən bunu sənə bir dəfə demişəm.

CAHANGİR ƏSGƏROV: Bəli, cənab Prezident.

HEYDƏR ƏLİYEV: Çünki indi istifadə olunan təyyarələr köhnəliblər. Bir də, ümumiyyətlə, gərək təyyarələrin sayını artıraq. Çünki gələcəkdə uçuşlar çox olacaqdır. Onun da xərci çoxdur. Biri 15 milyondur?

CAHANGİR ƏSGƏROV: Bəli, cənab Prezident.

HEYDƏR ƏLİYEV: Təyyarənin biri 15 milyon dollardır. İndi bazar iqtisadiyyatıdır. Gərək bu pul qazanılsın ki, təyyarə ala bilsin. Amma bizim konsern qazandığı pulları aldığı kreditlərə, filana verir. Çünki Bakıda hava limanını tikmək üçün kredit götürmüşdük. “Boinq” təyyarələri almışıq, indi bir çox ölkələrə uçur. Bu da böyük bir hadisədir ki, sərnişinlərimiz artıq “Boinq” təyyarəsi ilə uçurlar. Bakıdakı hava limanı beynəlxalq hava limanıdır, onun binasını da görmüsünüz. Bəzən görürsən ki, dünyanın ən böyük şəhərlərində elə bir bina yoxdur. Bilirsiniz ki, 1981-ci ildə mən Azərbaycanda işləyəndə onun bütün layihəsini hazırlatmışdım və onun inşaatına başladım.

Moskvada mülki aviasiya naziri Buqayev var idi, biz bunu onların pulu, vəsaiti ilə tikirdik. Yadımdadır, bir neçə dəfə onu Bakıya gətirmişdim, həmin layihəyə, işin gedişinə baxmışdıq. Ancaq mən Azərbaycandan getdim. Qayıdıb gələndə gördüm, necə qoyub getmişəmsə, eləcə də qalıbdır. Burada da işləyəndə gedirdim, baxırdım, ürəyim yanırdı ki, niyə belədir. Ancaq bu işi başa çatdırmaq yenə mənə nəsib oldu. Mən onu etdim. İndi yenə də deyirəm, Azərbaycanın beynəlxalq hava limanı var.

Ümumiyyətlə, hava limanı hər bir ölkənin giriş qapısıdır. İndi ölkələr arasındakı əsas nəqliyyat növü təyyarələrdir. Ona görə hava limanının səviyyəsi, o ölkəyə gələn yeni adama, yaxud dəfələrlə gələn adama göstərilən xidmət, o adamların rahat gəlib keçməsi həmin ölkə haqqında fikir yaradır. Mən çox məmnunam ki, bizim hava limanımız belə yüksək səviyyədə neçə ildir istismar olunur, yaxşı səviyyədədir. Amma mən bunun əsasını 1981-ci ildə qoymuşdum.

İndi Naxçıvanda da beynəlxalq hava limanı yaradırıq. Yenə də deyirəm, təyyarələr köhnəlibdir. Amma siz onu vaxtında təmir edirsiniz.

CAHANGİR ƏSGƏROV: Bəli, cənab Prezident, təhlükəsizliyi təmin edirik.

HEYDƏR ƏLİYEV: Təhlükəsizliyi təmin edin. Bilirsiniz, bu xətdə Allah eləməmiş, bir şey olsa, ondan sonra... Başa düşürsən?

CAHANGİR ƏSGƏROV: Başa düşürəm.

HEYDƏR ƏLİYEV: Bu, təkcə konsernə aid deyil, sizə də aiddir. Təkcə konserndən asılı deyil ki, hava limanında nə cür xidmət edirlər. Siz gərək orada xidmətin keyfiyyətini artırasınız. Xüsusən, indi orada iş gedəcəkdir. İş gedəndə çox adam cəlb ediləcəkdir. Yerli adamlar maksimum cəlb olunmalıdır.

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, bizim layihələrlə görülən işlərə maksimum cəlb olunurlar.

HEYDƏR ƏLİYEV: Ancaq lazım olan mütəxəssislər kənardan gələcəkdir. Qalan hamısı yerli adamlar cəlb olunmalıdır ki, onlar üçün yeni iş yerləri açılsın. Amma belə bir şəraitdə orada rejimi saxlamaq daha da çətin olacaqdır. Siz gərək bunu biləsiniz və lazımi tədbirlər görəsiniz.

Beləliklə, yenə deyirəm, bu, mənim planımda var. İndi hələ bunu fikirləşirəm, nə cür edək. Çünki vəsait tapmaq lazımdır ki, Naxçıvana işləməsi üçün iki ədəd “TU-154” təyyarəsi alaq. Bununla da Naxçıvan əhalisinin nəqliyyat tələbatını daha da yüksək səviyyədə ödəyək.

Demək, bu gün mən sizin yanınızda bu qərarı qəbul edirəm. Mən Bakıda, sadəcə, layihənin bəzi hissələrinə baxacağam, onun maliyələşdirmə məsələsi barədə təkliflərə baxacağam. Çünki bunlar sizin işiniz deyil, bizim işimizdir. Bir halda ki, Əsgərov deyir sentyabrın 1-dən başlamaq lazımdır, demək, başlamaq lazımdır. Siz öz işlərinizi görün, nə lazımdırsa, bu günlərdə baxıb həll edəcəyik.

Yaxşı, sağ olun. Hesab edirəm, bu gün böyük bir iş gördük.

CAHANGİR ƏSGƏROV: Cənab Prezident, icazə verin hava limanının maketini Vasif müəllimə hədiyyə edim.

HEYDƏR ƏLİYEV: Bunu Vasif müəllimə hədiyyə ver, iş otağına qoysun və gündə ona baxsın. Sağ olun.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb