AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “AVRASİYADA İLİN SİYASƏT ADAMI - PREZİDENTİ” SEÇİLMİŞDİR
Respondentlərin fikrinə və tanınmış analitik-sorğu mərkəzlərinin rəyinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2005-ci ildə dünyada ən dinamik inkişaf edən ölkə olmuşdur. Bundan başqa, İlham Əliyev və onun sədri olduğu Yeni Azərbaycan Partiyası 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkilərində inamlı qələbə qazanmış, əsrin layihəsi hesab olunan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin, habelə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu xəttinin çəkilməsi istiqamətində məqsədyönlü və səmərəli fəaliyyət göstərmişdir.
Avrasiyada sülh və əməkdaşlıq istiqamətində müxtəlif ölkələrin rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri ilə ən çox danışıqlar aparması və görüşlər keçirməsi, Türkiyə ilə hərtərəfli dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, Şimali Kiprlə iqtisadi və mədəni əlaqələrin qurulması da respondentlərin Azərbaycan Prezidentinin fəaliyyətini müsbət qiymətləndirməsinə təsir göstərmişdir.
Mükafatın təqdimatı hər il may-iyun aylarında Türkiyənin İstanbul şəhərində keçirilir. Təqdimetmə mərasiminə sorğunun keçirildiyi Avrasiya ölkələrindən - Rusiya, Gürcüstan, Orta Asiya respublikaları, Qazaxıstan, Rumıniya, Bolqarıstan və başqa dövlətlərdən tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu iş adamları və kütləvi informasiya vasitələrinin rəhbərləri dəvət olunurlar. Əvvəlki illərdə jurnalın keçirdiyi sorğuların nəticələrinə görə, 2003-cü ildə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və 2004-cü ildə Rumıniya Prezidenti Trayan Besesku “Avrasiyada ilin siyasət adamı” seçilmişlər.