AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BOSNİYA VƏ HERSEQOVİNANIN RABİTƏ VƏ NƏQLİYYAT NAZİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Bosniya və Herseqovina Respublikasının rabitə və nəqliyyat naziri Branko Dokiçi qəbul etmişdir.
Dövlətimizin başçısı Bosniya və Herseqovinadan Azərbaycana ilk dəfə rəsmi nümayəndənin gəlməsindən məmnunluğunu bildirdi. Azərbaycanın dünya ölkələri ilə sıx münasibətlər qurduğunu nəzərə çarpdıran Prezident İlham Əliyev o cümlədən Bosniya və Herseqovina ilə də müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətində olduğumuzu vurğuladı.
Bosniya və Herseqovinadan Azərbaycana gəlmiş ilk rəsmi nümayəndə olmasından şərəf duyduğunu bildirən Branko Dokiç yaxın gələcəkdə ölkələrimiz arasında rabitə, informasiya texnologiyaları sahəsində əməkdaşlıq proqramının hazırlanmasının zəruriliyini söylədi. O, Bosniya və Herseqovinanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələri genişləndirmək istədiyini bildirdi.