RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İORDANİYA HAŞİMİLƏR KRALLIĞININ ŞAHZADƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Prezident sarayında İordaniya Haşimilər Krallığının Şahzadəsi Əl-Həsən bin Talalı qəbul etmişdir.
Dövlətimizin başçısı qonağın ölkəmizə gəlməsindən məmnunluğunu bildirdi.
Əl-Həsən bin Talal təşəkkür edərək dedi ki, Azərbaycana ikinci dəfə səfər edir, beş il bundan əvvəl buraya qaçqın-köçkünlərin vəziyyəti ilə tanış olmaq üçün gəlmişdim. O zaman mənə Prezident Heydər Əliyevlə görüşmək şərəfi nəsib olmuşdu.
Prezident İlham Əliyev qaçqın-köçkün probleminin hələ də Azərbaycan üçün əsas problem olduğunu vurğuladı və onlar üçün yeni qəsəbələrin salındığını söylədi. Bu baxımdan qarşıdakı günlərdə keçiriləcək konfrans xüsusi əhəmiyyətə malikdir.
İordaniya Şahzadəsi mayın 1-də Türkiyənin xarici işlər naziri Abdullah Gülün dəvəti ilə bu ölkədə keçiriləcək konfransda Roma klubunun ilk asiyalı sədri kimi iştirak edəcəyini və orada bu regionun əhəmiyyəti ilə bağlı müzakirələr aparmaq niyyətində olduğunu bildirdi.