AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ABŞ-A SƏFƏRİ ÇOX UĞURLU KEÇMİŞDİR
ABŞ-Azərbaycan əlaqələrində, əsasən təhlükəsizlik, enerji daşıyıcıları və demokratiyanın inkişafının aparıcı xətt təşkil etdiyini diqqətə çatdıran diplomat bütün sahələrdə əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulamışdır: “Əlaqələrimizdəki müsbət cəhətləri dəyərləndirsək, görərik ki, Azərbaycan terrorizmə qarşı qlobal mübarizədə çox vacib tərəfdaşdır. Azərbaycan əsgərləri beynəlxalq sülhməramlı qüvvələrin tərkibində İraqda, Əfqanıstanda və Kosovada xidmət edirlər”.
Bu səfərdən sonra bütün sahələrdə əməkdaşlığımızı gücləndirməyin zərurətini nəzərə çarpdıran diplomat əlaqələrin çox yüksək səviyyəyə çatmasından məmnunluğunu dilə gətirmişdir: “Mən ümid edirəm ki, qarşıdakı aylarda tərəflər bu əlaqələrin daha da möhkəmlənməsi istiqamətində düşünəcəklər”.
Amerikalı diplomat Prezident İlham Əliyevlə görüşdən sonra Prezident Corc Buşun enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunu yüksək qiymətləndirdiyini bildirmişdir. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Aralıq dənizinə çatmasına az qalır. Bu, bölgə üçün tarixi hadisə olacaqdır. Bir neçə il əvvəl enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması haqqında söhbət gedəndə mən bunun, sadəcə, ideya olduğunu yaxşı xatırlayıram. Bu gün isə bu, gerçəklikdir”.
C.Haylənd bu nəhəng layihənin həyata keçirilməsində çox böyük roluna görə ölkəsinin Azərbaycana minnətdarlığını çatdırmışdır. Hazırda Xəzər hövzəsindəki digər karbohidrogen ehtiyatlarının Azərbaycandan dünya bazarına çıxarılmasına marağın artdığını diqqətə çatdıran diplomat, gələcəkdə ölkəmizin bu məsələdə vacib rol oynayacağına ümidvar olduğunu söyləmişdir.
BTC-nin təhlükəsizliyi məsələsinə toxunan C.Haylənd, kəmərin keçdiyi ölkələrin öz ərazilərində onun mühafizəsini təmin etdiklərini demişdir: “Bizim müşahidələrimiz göstərir ki, Azərbaycan ərazisində kəmərin təhlükəsizliyi yüksək səviyyədə təşkil olunmuşdur”. Diplomat Azərbaycan hökumətinin enerji layihələrinin təhlükəsizliyi sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini bəyan etmişdir.
İnsan hüquqlarının və demokratiyanın inkişafının ABŞ-ın Azərbaycanla əlaqələrində vacib element olduğunu vurğulayan C.Haylənd, bu sahədə ölkəmizlə əməkdaşlığın davam edəcəyini diqqətə çatdırmışdır: “Biz Prezident İlham Əliyevin Corc Buşla görüşdən sonrakı bəyanatında Azərbaycanda demokratiyanın inkişafına ABŞ-ın dəstəyini vurğulamasından məmnunuq. Azərbaycanın dostu və təfəfdaşı kimi ABŞ sizin hökumətiniz və cəmiyyətinizlə işləyəcəkdir”.
C.Haylənd Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı insan hüquqları və demokratiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşməsini onun bu məsələyə konstruktiv mövqeyi kimi səciyyələndirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat, problemin ATƏT-in Minsk qrupu çərçivəsində ədalətli həllini dəstəklədiklərini söyləmişdir: “Prezident İlham Əliyevin səfəri zamanı ABŞ bu məsələdə aydın mövqeyini bir daha bəyan etmişdir”.
İranla bağlı yaranmış vəziyyəti şərh edən C.Haylənd, Prezident İlham Əliyevlə görüşdən sonra Corc Buşun hər iki ölkənin bu məsələnin diplomatik yolla həllini istədiklərini aydın şəkildə bəyan etdiyini xatırlatmışdır.