Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏNİN NTV TELEVİZİYASINA MÜSAHİBƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziyasının müxbirinə müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Axşamınız xeyir hörmətli tamaşaçılar. Proqramımızın buğünkü qonağı Türkiyənin çox yaxşı tanıdığı dövlət adamı, Azərbaycan Prezidenti İlham Əliyevdir. Xoş gəlmisiniz hörmətli Əliyev. Atanızın bir sözü var, deyirdi ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Vaxt keçdikcə bu fikir tarixlə, dostluq və qardaşlıqla, işbirliyi və iqtisadiyyatla davam etdi. Proqramımıza Sizin dövrünüzdə Türkiyə-Azərbaycan əlaqələrini dəyərləndirməklə başlaya bilərikmi?

- Bəli, bu söz bizim hamımız üçün çox əzizdir və Türkiyə-Azərbaycan münasibətlərini əks etdirən gözəl bir ifadədir, ürəkdən gələn bir duyğudur. Bu gün də bizim iki ölkə bir-biri ilə sıx əməkdaşlığı davam etdirir. Bizim qardaşlığımız, birliyimiz, birgə fəaliyyətimiz, dostluğumuz həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də geniş mənada bölgə üçün çox böyük əhəmiyyət kəsb edir. Türkiyə-Azərbaycan münasibətləri bütün istiqamətlərdə uğurla inkişaf edir. Bizim siyasi müstəvidə çox yaxın dostluq, qardaşlıq münasibətlərimiz var, iqtisadi sahədə böyük layihələri həyata keçiririk. O cümlədən enerji sahəsində. Bildiyiniz kimi, Azərbaycanın təbii sərvətləri Türkiyə üzərindən dünya bazarlarına çatdırılacaqdır. Həmçinin mədəni sahədə bizim əlaqələrimiz çox böyük əhəmiyyət kəsb edir. Yəni bütün sahələrdə Azərbaycanda bu siyasət davam etdirilir və əminəm ki, gələcəkdə də davam etdiriləcəkdir.

- Bakı-Ceyhan mövzusu, xüsusilə 2000-ci illərdə çox aktual idi və Bakıdan ilk neftin nəqli 2005-ci ilin may ayında baş tutdu. Gözlənilir ki, neft mart ayında Ceyhana çatacaqdır. Əvvəl bunun dekabrda çatacağından danışılırdı. Bu, gecikmə prosesin bir davamıdır, yoxsa, neftin nəqlinin sürəti ilə əlaqədardır? Bu barədə Sizdən bir məlumat ala bilərikmi?

- Təbii ki, müəyyən gecikmə oldu. Amma ola bilsin ki, bu da təbiidir, çünki bu, çox böyük, nəhəng bir layihədir. Yəni üç ölkəni birləşdirən, iki dənizi birləşdirən, transmilli bir layihədir və onun tikintisi, mühəndis işləri də çox mürəkkəbdir. Biz də çox istəyirdik ki, bu, daha da tezliklə həyata keçsin. Ancaq indi son tamamlama işləri gedir. Siz qeyd etdiniz, keçən ilin may ayında Bakıda böyük bir mərasim keçirilmiş və ilk neft kəmərə vurulmuşdur. İndi neft artıq Türkiyəyə çatıb və Türkiyədə son tamamlama işləri aparılır. Ümid edirəm ki, yaxın zamanda biz Ceyhanda kəmərin açılışını qeyd edəcəyik.

- Enerji mövzusu çox aktualdır, xüsusilə İraq və Yaxın Şərqdə sabitliyin olmaması və başqa hadisələr neftin qiymətlərinə çox təsir edir. Avropa təbii qaz sıxıntısı çəkdi, təbii qazın qiymətləri də məlumdur. Bu baxımdan Azərbaycan olaraq, Sizin gələcəyə baxışınız necədir, Siz bu bazarlardan nə gözləyirsiniz?

- Biz 1990-cı illərin ortalarında Azərbaycanda bu sahədə işlərimizi başlayanda, fərz edə bilməzdik ki, on ildən sonra nələr olacaqdır. Bizim əsas məqsədimiz ondan ibarət idi ki, Xəzər dənizinin nefti və qazı çıxarılsın, dünya bazarlarına çatdırılsın və beləliklə, Azərbaycan öz iqtisadiyyatını möhkəmləndirsin. Bizim ulu öndərimiz Heydər Əliyevin neft strategiyası məhz bundan ibarət olmuşdur. Son on il ərzində dünyada və bölgədə çoxlu dəyişikliklər, hadisələr baş verdi, regionda təhlükəsizlik məsələləri daha da həssas oldu. Eyni zamanda, Azərbaycanın uğurlu neft strategiyası öz bəhrəsini verdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri bəziləri üçün bir əfsanə kimi görünürdü. Amma biz bunu gerçəyə çevirdik. Eyni zamanda, biz Bakı-Tbilisi-Ərzurum qaz kəmərini də başlayanda, sanki bu, ikinci planda idi, yəni Bakı-Tbilisi Ceyhanın kölgəsində idi. Amma indi Avropada yaşanan qaz problemi onu sanki ön plana çıxarır.

Beləliklə, indiki şəraitdə Azərbaycanın təbii sərvətləri Avropa üçün böyük rol oynamağa başlamışdır. Biz bundan çox məharətlə istifadə etməliyik. Biz Azərbaycan qazını Gürcütsan, Türkiyə ərazisi ilə Avropaya çatdırmaq niyyətindəyik və bildiyiniz kimi, bu ilin sonuna qədər qaz kəməri də istismara verilməlidir. Beləliklə, Azərbaycan Türkiyə üçün, Avropa ölkələri üçün çox etibarlı, təbii qaz hasil edən, onu nəql edən ölkəyə çevriləcəkdir. Avropa istehlakçıları da bunu istəyirlər. Çünki onlar da qazın müxtəlif mənbələrdən alınmasına maraqlıdırlar, bir mənbədən asılı olmaq istəmirlər. Bu asılılıq olanda, bəzi xoşagəlməz hadisələr ortaya çıxır. Ona görə Azərbaycanın önəmi artacaqdır. İlk növbədə bizim təbii sərvətlərimizə görə. Digər tərəfdən, gələcəkdə Orta Asiyadan mümkün olan yeni layihələr, yəni oranın təbii sərvətlərinin Azərbaycan ərazisi ilə Türkiyəyə və Avropaya nəql edilməsi. Bütün bunlar Azərbaycanı regionda çox önəmli ölkəyə çevirəcəkdir. Biz də bundan istifadə etməliyik ki, ölkəmizi daha da zənginləşdirək, daha da möhkəmləndirək və qüdrətli dövlət yaradaq.

- Müstəqillik qazandıqdan sonra Azərbaycan çox sürətlə irəlilədi. Xüsusilə Qafqaz çərçivəsində baxdıqda, rifah səviyyəsini, beynəlxalq əməkdaşlığı və enerji mənbələrini nəzərə alsaq, həqiqətən bir sıçrayış olduğunu söyləyə bilərik. Bəzi qərb mənbələrində bunlar qeyd edilir, digər tərəfdən, ölkənin daxili işlərində və demokratikləşmədə bəzi çətinliklər olduğu da bildirilir. Sizin bu sahədə bir sıra səylərinizin olduğunu da bilirik. Sizcə, bu anlamda Azərbaycanın problemləri nələrdir, necə həll oluna bilər və nələr edilir?

- Yenə də qeyd etmək istəyirəm ki, Azərbaycan son on il ərzində bölgə üçün və deyə bilərəm ki, dünya üçün önəmli ölkəyə çevrilibdir. Bizim coğrafi vəziyyətimiz, geosiyasi durum, Azərbaycandan keçən nəhəng boru xətləri ölkəmizin önəmini artırır. Xüsusilə son zamanlar dünyada təbii sərvətlər məsələsində müəyyən ixtilaflar ortaya çıxır, müəyyən ziddiyyətlər meydana çıxır. Bəzi ölkələr öz maraqlarını təmin etmək üçün müəyyən yollarla bu sərvətlərə daha da yaxın olmaq istəyirlər. Yaxud da ki, onların özləri üçün daha sərfəli istiqamətdə nəql edilməsində maraqlıdırlar. Ona görə də şübhəsiz, Azərbaycana olan diqqət artır və diqqət artdıqca, təbii ki, müəyyən təzyiqlər də artır. Biz buna hazır olmalıyıq. Biz bu bölgədə yaşayırıq və bölgədə gedən proseslər, təbii ki, bizə də müəyyən dərəcədə təsir göstərir. Amma bütün bunlara baxmayaraq, biz öz işimizi müstəqil şəkildə aparırıq. Azərbaycanın xarici siyasəti çox açıq, şəffaf və müstəqildir. Biz heç kimdən asılı deyilik, heç bir təsirə məruz qala bilmərik, çünki özümüzü sığortalamaq üçün bizim kifayət qədər imkanlarımız var.

Dünyada gedən proseslər, siyasi islahatlar, iqtisadi islahatlar əlbəttə ki, Azərbaycanda da öz əksini tapır. Mən qeyd etmək istəyirəm ki, son iki il ərzində biz daha çox qeyri-neft sektoruna diqqət göstərmişik. Azərbaycanda son iki il ərzində 340 min yeni iş yeri açılmışdır. Bölgələrdə inkişaf gedir, yeni elektrik stansiyaları, yollar, xəstəxanalar, məktəblər tikilibdir. Azərbaycanda 2005-ci ildə təxminən 300-dən çox məktəb tikilibdir. Yəni bütün bunlar Azərbaycanı daha da zənginləşdirir. Mən tam əminəm ki, həm iqtisadi, həm də siyasi islahatlar paralel şəkildə getməlidir. İki il bundan əvvəl Azərbaycanda yoxsulluq səviyyəsində yaşayan insanlar 49 faiz idi. Bu il bu, aşağı düşübdür, 29 faiz olubdur. Bunu nə qədər azaltsaq, bizim siyasi islahatlarımız da bir o qədər sürətlə gedəcəkdir. Çünki bunlar bir-biri ilə bağlı olan məsələlərdir.

Azərbaycan beş ildir ki, Avropa Şurasının üzvüdür. Bizim bütün qanunvericiliyimiz Avropa standartlarına uyğun şəkildə tərtib olunubdur. Eyni zamanda, ölkədə gedən siyasi islahatlar bizi daha da möhkəmləndirir. Siyasi islahatları biz gərək çox möhkəm iqtisadi zəmin üzərində quraq. Əks təqdirdə onun səmərəsi olmayacaqdır. İnsanlar daha da yaxşı yaşamalıdırlar, rifah qalxmalıdır. Təbii ki, insanlar daha yaxşı yaşayanda siyasi proseslərə daha da sürətlə qoşulacaqlar. Deyə bilərəm ki, indi Azərbaycanda siyasi münasibətlər cəmiyyətin diqqətini cəlb etmir. Ölkəmizin əhalisinin yalnız 3-4 faizi hər hansı siyasi partiyanın üzvüdür. İnsanları daha çox iqtisadi və sosial məsələlər maraqlandırır.

- Bir az öncə, xarici əlaqələrdən bəhs etdiniz. Dağlıq Qarabağ problemi həll edilməyibdir. Bilirik ki, bu yaxınlarda Siz Parisdə Ermənsitan Prezidenti Robert Koçaryan ilə görüşdünüz, başqa ölkələrin nümayəndələri də vardı. Ancaq zənnimcə, bu görüşdə arzu edilən razılaşma zəmininə yaxınlaşmaq mümkün olmadı. Siz bu danışıqlarla bağlı nə düşünürsünüz? Daha yaxşı ola bilərdimi, nə üçün olmadı?

- Bilirsiniz, Ermənistan-Azərbaycan danışıqları uzun müddətdir ki, davam etdirilir. Müəyyən mərhələlərdə tərəflər hansısa bir sazişə yaxınlaşırdılar, amma ondan sonra hansısa bir hadisə baş verirdi və buna imkan yaranmırdı. 1990-cı illərdə belə hadisələr oldu, danışıqlarda müəyyən irəliləyiş olmuşdu. Sonra Ermənistan parlamentində terror aktı törədildi və demək olar ki, danışıqlar pozuldu. Ondan əvvəl Ermənistanın keçmiş Prezidenti müəyyən reallığı əks etdirən, beynəlxalq hüquq normalarını və o cümlədən Ermənistanın milli maraqlarını özündə əks etdirən proqramla çıxış etmişdi. Ondan sonra orada çevriliş oldu, o, devrildi, yenidən danışıqlar pozuldu. Yəni müəyyən mərhələdə tərəflər yaxınlaşanda nə isə baş verir və nəticə əldə olunmur.

Son iki il ərzində danışıqlar yeni formatda keçirilir. Yəni bu, Praqa prosesi adlandırılan bir çərçivədir və bütövlükdə sülh sazişinin bağlanması üçün çox müsbət bir zəmindir. Çünki Praqa prosesi məsələnin mərhələli yolla həll edilməsini təmin edir. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır və münaqişə yalnız və yalnız beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, onların rahat yaşaması təmin oluna bilər. Ancaq Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir. Biz heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına razılıq verə bilmərik. Bizim mövqeyimiz açıqdır, bunu dəfələrlə bəyan etmişik və o cümlədən Ermənistan Prezidenti ilə keçirdiyim bir neçə danışıqlarda da bunu bəyan etmişəm. Bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə də bəyan etmişəm. Yəni bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, Ermənistanın qeyri-konsrturktiv mövqeyi, onların iddiaları imkan vermir ki, biz sülh sazişinə nail olaq. Mən ümid edirəm ki, dünyada, bölgədə gedən proseslər, Azərbaycanın güclənən mövqeləri, Azərbaycanın iqtisadi potensialı, o cümlədən hərbi potensialı danışıqlarda bizim mövqeyimizi daha da gücləndirəcəkdir.

Bununla yanaşı, artıq beynəlxalq vəziyyət də dəyişir. Son bir il ərzində bir neçə müsbət hadisə baş verdi. İlk növbədə, Avropa Şurası bu məsələyə dair qətnamə qəbul etmişdir və orada Ermənistan rəsmən işğalçı dövlət kimi tanınır. Həmin qətnamədə Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan etnik təmizləmə siyasəti də pislənilir.

Bundan sonra ATƏT-in faktaraşdırıcı missiyası bölgəyə, işğal olunmuş ərazilərə gəlmişdi və orada ermənilərin qanunsuz məskunlaşmasını aşkar etmişdir. Orada 10 mindən çox, bəlkə də 15 min erməni qanunsuz məskunlaşdırılmışdır. Bu da bütün beynəlxalq normalara ziddir. Avropa Şurasının bu məsələyə yanaşması, ATƏT-in gördüyü işlər, Birləşmiş Millətlər Təşkilatının bu məsələni öz gündəliyinə salması – bütün bunlar müsbət hadisələrdir, irəliləyişlərdir. Amma bunlar imkan vermir ki, biz danışıqlarda sülh sazişinə nail olaq.

Azərbaycan öz mövqeyindən geri çəkilməyəcəkdir. Bizim işimiz haqq işidir. Mən şübhə etmirəm ki, biz işğal olunmuş torpaqları azad edəcəyik.

- Deyilənə görə, Dağlıq Qarabağda referendum keçirilməsi tələbi də vardır. Amma belə bir amil də var ki, çoxlu azərbaycanlı oranı tərk etməli olmuşdur. Təbii ki, Siz referendum tələbini qəbul etmirsiniz. Çünki ermənilər bu məsələni başqa bir səmtə yönəltməyə çalışırlar. Elədirmi?

- Bilirsiniz, Azərbaycanın Konstitusiyasına görə, referendum yalnız bütün ölkədə keçirilə bilər. Ölkənin hər hansı bir bölgəsində keçirilə bilməz. Ona görə də, əlbəttə, biz bu məsələni həm beynəlxalq normalar əsasında, eyni zamanda Azərbaycan Konstitusiyası çərçivəsində həll edə bilərik. Birincisi, Azərbaycanın Konstitusiyasını heç kim poza bilməz. İkincisi, təklif edilmiş sənədlərdə mərhələlər müəyyən olunmuşdur. İlk növbədə, Dağlıq Qarabağın xaricində yerləşən bütün torpaqlar azad olunmalıdır və Ermənistanın işğalçı qüvvələri oradan çıxmalıdır. Ondan sonra Dağlıq Qarabağda yaşayan ermənilərin və işğal olunmuş torpaqlara qayıdacaq azərbaycanlıların təhlükəsizliyi təmin edilməlidir. Sülhməramlı qüvvələrin orada yerləşdirilməsi müzakirə olunmuşdur. Azərbaycan və Ermənistan rəhbərliyi gələcək perspektivdə Dağlıq Qarabağın statusunun müəyyən olunması barədə danışıqlar aparacaqdır. Eyni zamanda, Dağlıq Qarabağda yaşayan və münaqişəyə qədər həmin torpaqlarda yaşamış insanlar da – yəni, ermənilər, azərbaycanlılar – təbii ki, bu prosesə qoşulacaqlar. Çünki Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş torpaqlardan çıxarsa, ondan sonra Dağlıq Qarabağda yaşayan ermənilər, oraya qayıdacaq azərbaycanlılar da Dağlıq Qarabağın statusunun müəyyən olunmasında bizimlə bərabər iştirak edəcəklər. Bu, hansı formada olacaq, onu gələcək göstərər.

Bilirsiniz, referendum haqqında bütövlükdə çox danışılır. Ancaq referendumun prinsipləri var. Referendum hansı prinsip əsasında keçirilə bilər? Məsələn, bilirsiniz ki, Kiprdə iki icma səs verirdi, yəni orada sayca üstünlük rol oynamırdı. Bir icma demişdi “bəli”, o birisi demişdi “xeyr”. Ancaq ondan sonra heç nə olmadı, yəni qərar qəbul edilmədi. Məsələ təxirə salındı və sonra nə vaxtsa baxılacaqdır. Bu prinsip də mövcuddur.

Amma bütün bunlarla yanaşı, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayacaqdır. Biz heç bir yolla razılıq vermərik ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, çünki bu, bizim torpağımızdır, bizim ulu babalarımız orada yaşayıblar. Ermənilər Dağlıq Qarabağa qonaq kimi gəlmişdilər. Çar Rusiyası XIX əsrin birinci yarısında onları oraya köçürmüşdü. 1978-ci ildə Dağlıq Qarabağda bunu əks etdirən bir abidə də ucaldılmışdır. Abidə ermənilərin Dağlıq Qarabağa gəlişinin 150 illiyini əks etdirirdi. Ondan sonra, yəni müharibə başlayanda, ermənilər təbii ki, onu vurub dağıtdılar ki, izi qalmasın. Amma onlar oraya qonaq kimi gəlmişdilər. Azərbaycanlılar onları, necə deyərlər, qonaq kimi qəbul etmişdilər. Amma çoxluq əldə etdikdən sonra, Sovet İttifaqının dağılma ərəfəsində onlar bu separatçı hərəkətlərə başladılar. Bu hallar təkcə orada deyil, başqa yerlərdə də var. İndi qonşuluqda da bu meyillər var. Ermənilər nə vaxt ki, üstünlük, çoxluq təşkil edirlər, dərhal iddia əmələ gəlir. Baxın, dünyada nə qədər ölkə var və hər bir ölkədə milli azlıq var. Bu, o demək deyil ki, milli azlıq yaşadığı torpağı ölkədən parçalayıb ayırsın. Əgər bu, belədirsə, onda gərək Kaliforniyada, Fransada, Gürcüstanda, Rusiyanın Krasnodar vilayətində və başqa yerlərdə erməni dövlətləri yaradılsın. Ermənilər hər yerdə yaşayırlar. Azərbaycanda başqa milli azlıqlar da yaşayır, ancaq heç kim separatçılıqla məşğul olmur. Heç kim yaşadığı torpağı ayırıb özəl bir dövlət yaratmaq istəmir. Xüsusilə, ikinci erməni dövləti yaradıla bilməz. Yəni bütün bunlar reallıqdır, faktlardır. Bir daha deyirəm, beynəlxalq hüquq normaları, haqq-ədalət bizim tərəfimizdədir. Biz elə etməliyik bütün başqa amillər də - iqtisadi, hərbi, siyasi, diplomatik və sair - bizim tərəfimizdə olsun. Ondan sonra biz istədiyimizə nail olacağıq.

- Münaqişənin istədiyiniz şəkildə, sülh yolu ilə həll olunması üçün həm Sizin düşündüyünüz, həm də Avropanın düşündüyü müddət varmı?

- Əlbəttə, biz istəyirik ki, bu münaqişə tezliklə öz həllini tapsın. Çünki Azərbaycan qaçqın-köçkünləri əziyyət çəkirlər. Onlar öz torpaqlarını itiriblər. Düzdür, biz indi onları yeni şəraitlə təmin edirik. Biz onlar üçün yeni evlər, şəhərciklər tikirik, normal vəziyyətlə təmin edirik. Amma onlar əziyyət çəkirlər. Ona görə də biz çox istəyirik ki, bu məsələ tezliklə həll olunsun. Amma nəyin bahasına?

Yəni fikirləşməliyik ki, tələsik, bizi qane etməyən hansısa sazişə, yaxud təklifə razılıq verək, yoxsa, bir az gözləyib daha da əlverişli nəticəyə nail olaq? Mən ikincinin tərəfdarıyam. Bəziləri deyir ki, zaman heç kimin xeyrinə deyildir. Bu, mübahisəli tezisdir. Mən bununla razı ola bilmərəm. Baxın, Ermənistanın və Azərbaycanın vəziyyəti son iki il ərzində necə dəyişibdir. İki il bundan əvvəl bizim büdcəmizdə elə bir böyük fərq yox idi. Bu gün Azərbaycanın büdcəsi Ermənistanın büdcəsindən 4 dəfə böyükdür. Gələn il 6 dəfə böyük olacaqdır. 2008-ci ildə, mənim birinci dönəmim başa çatanda daha da, - indi rəqəmləri demək istəmirəm, - böyük olacaqdır. Ermənistan iqtisadi cəhətdən, hərbi cəhətdən Azərbaycan ilə rəqabət aparmaq iqtidarında deyildir. Eyni zamanda regionda gedən proseslər, regional əməkdaşlıq, Azərbaycan, Gürcüstan, Türkiyəni birləşdirən bütün enerji layihələri, Orta Asiyanı Avropa ilə birləşdirən nəqliyyat dəhlizləri - onların hamısı Ermənistandan yan keçir. Nə üçün? Çünki biz ona icazə vermirik. Biz imkan verə bilmərik ki, işğalçı dövlət gəlsin, burada bizimlə hansısa regional əməkdaşlıqda iştirak etsin. Amma regional əməkdaşlıq Ermənistansız mümkündür, Azərbaycansız mümkün deyildir. Ona görə biz gərək öz məqsədimizə nail olmaq üçün bütün tədbirləri görək. Mən bu siyasəti aparıram və çalışacağam ki, tezliklə biz bu məsələni həll edək.

- İnşallah! Prezidentimiz Əhməd Necdət Sezərin Azərbaycana səfəri olacaqdı. Təəssüf ki, ölkələrimizdəki hava şəraiti bu səfəri təxirə salmışdır. Bu səfərin tarixi dəqiqləşdirildimi, yoxsa, daha sonraya gözlənilir?

- Biz hörmətli Prezidenti hər an gözləyirik. Telefonla danışdıq, hava imkan vermədi, həm burada, həm Türkiyədə hava şəraiti elə idi ki, təəssüf ki, bu səfər baş tutmadı. Amma ümid edirəm ki, yaxın zamanlarda hörmətli Prezident səfər edəcəkdir. Biz artıq öz təkliflərimizi verdik. Türkiyə tərəfini qane edən istənilən tarixdə biz onu qəbul etməyə çox məmnun olacağıq, bu, bizim üçün böyük şərəfdir. Bizim şəxsi münasibətlərimiz də çox yaxşıdır, çox səmimidir və ümid edirəm ki, səfər tezliklə baş tutacaqdır.

- Azərbaycanda türk şirkətləri də çox fəaldır. İnşaat, enerji sektorunda, başqa sahələrdə fəaldırlar. Hətta keçən il türk iş adamı Əhməd Erentok burada Azərbaycanın beynəlxalq biznes ictimaiyyətinə inteqrasiyasına köməyinə görə mükafat da aldı. Buradakı türk iş adamları ilə azərbaycanlı iş adamları arasındakı əlaqələrin inkişafı barədə nə düşünürsünüz? Bu, istədiyiniz səviyyədədirmi və gələcəkdə nələr gözləyirsiniz?

- İşlər yaxşı gedir. Bir müddət əvvəl burada Türkiyə-Azərbaycan biznes forumu keçirilmişdir. Mən də açılışda iştirak etmişdim. Bu forum bir daha göstərdi ki, bizim iqtisadi, biznes əlaqələrimiz çox yüksək səviyyədədir. Azərbaycanda türk iş adamlarına həmişə böyük hörmət var, böyük məhəbbət var. Uzun illərdir ki, onlar burada işləyirlər. Mən dəfələrlə onlarla görüşmüşəm, görüşürəm və görürəm ki, onlar da burada özlərini rahat hiss edirlər. Yəni Azərbaycan Türkiyədən gələnlər üçün ikinci vətəndir. Necə ki, bizdən Türkiyəyə gedənlər orada özlərini vətəndəki kimi hiss edirlər.

İndi Azərbaycanda biznes aparmaq üçün çox gözəl şərait var. Bizim bazarımız inkişaf edir, ölkəmiz möhkəmlənir və iqtisadiyyatda liberallaşma çox geniş vüsət alıbdır. Baxmayaraq ki, neft bizim əsas iqtisadi amilimizdir və bu, dövlətin inhisarındadır, ümumi daxili məhsulun çəkisində, yəni iqtisadiyyatın çəkisində özəl sektorun faizi 75 faizdir. Bu, o deməkdir ki, Azərbaycanda bazar iqtisadiyyatı çox geniş yayılıbdır. Heç bir məhdudiyyət qoyulmur, əksinə, biz çalışırıq ki, daha çox işlər görülsün, sərmayələr qoyulsun. Keçən il Azərbaycana təxminən 4 milyard dollar sərmayə qoyulubdur. Adambaşına düşən sərmayə qoyuluşu Azərbaycanda ən yüksək həddədir. Eyni zamanda, 2005-ci ildə bizim iqtisadiyyatımız 26 faizdən çox artıbdır. Yəni bu, dünyada rekorddur. Dünyada belə bir artım heç yerdə yoxdur. Sənaye məhsulu istehsalı Azərbaycanda 2005-ci ildə 33,5 faiz artıbdır. Bu da görünməmiş bir nəticədir.

Bizim iqtisadi islahatlarımız uğurla gedir və əlbəttə ki, həm yerli iş adamları, həm də Türkiyədən gələn iş adamları bundan istifadə edirlər. Mən bilirəm ki, son 1 il ərzində buraya Türkiyədən gələn iş adamlarının sayı çox artıbdır. Burada iş görmək çox faydalıdır. Çünki burada çoxlu imkanlar var, iqtisadiyyatın yeni sektorları yaranır, yeni bazarlar açılır. Əminəm ki, Türkiyədən gələn iş adamları burada yaxşı işləyəcəklər və həm özləri yaxşı iqtisadi imkanlara nail olacaqlar, həm də Azərbaycanın inkişafında böyük rol oynayacaqlar və bizim qardaşlığımız daha da möhkəmlənəcəkdir.

- Azərbaycanın iqtisadiyyatı çox irəli gedibdir. Amma araşdırmalarım nəticəsində onu da öyrəndim ki, sovet dövründən qalan və indi işləməyən müəssisələr vardır. Onlarla bağlı bir planınız varmı?

- Qeyd etdiyim kimi, indi bizim əsas diqqətimiz qeyri-neft sektorunun inkişafına yönəldilibdir və əlbəttə ki, sənaye potensialının möhkəmlənməsi gündəlikdədir. Çünki gec-tez neft tükənir. 40-50 ildən sonra, əlbəttə ki, Azərbaycanda bu hasilat azalacaqdır. Biz bu vəziyyəti nə ilə qarşılayacağıq: güclü iqtisadiyyatla, güclü sənaye potensialı ilə. Ona görə indi hökumətdə sənaye inkişafı proqramı hazırlanır: əgər imkan varsa, əvvəlki, Sovet İttifaqı vaxtından qalan müəssisələri canlandırmaq, bəlkə də, onlardan daha da faydalı yeni müəssisələr yaratmaq, yeni sənaye istiqamətlərini müəyyən etmək. Sovet İttifaqı vaxtında çox iri müəssisələr yaranıbdır. O müəssisələr ki, bütün Sovet İttifaqında onların bazarı vardı. Bu gün Azərbaycanın buna ehtiyacı yoxdur. Biz ilk növbədə öz ehtiyaclarımızı təmin etməliyik, bir də ki, birja məhsulları istehsal etməliyik ki, onları satanda problemlə üzləşməyək. Çünki bilirsiniz ki, indi dünyada rəqabət gedir. Dünyada – Avropada, başqa yerlərdə çoxlu istehsalçılar, onların keyfiyyətli məhsulları vardır. Onlarla rəqabət aparmaq çox çətindir. Biz elə məhsul istehsal etməliyik ki, onun satışında problem olmasın. Ona görə indi sənaye inkişafı proqramı hazırlanır. Mən şəxsən yaradılacaq yeni, müasir sənaye infrastrukturuna daha çox üstünlük verirəm, nəinki keçmişdən qalan müəssisələrin bərpasına.

- Hörmətli Prezident, vaxt ayırdığınız üçün çox təşəkkür edirik, çox maraqlı söhbət oldu.

- Sağ olun. Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO