AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ
- Bugünkü iclasda maliyyə, təhsil, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları nazirləri çıxış etmişlər və öz sahələrində əldə edilmiş nailiyyətlər, gələcək addımlar haqqında məlumatlar vermişlər. Mən əminəm ki, əgər başqa nazirlər də bu gün çıxış etsəydilər, onlar da son illər ərzində öz sahələrində əldə edilmiş nailiyyətlərdən danışa bilərdilər.
Biz Nazirlər Kabinetinin geniş iclaslarını ildə dörd dəfə keçiririk və demək olar, hər bir nazirin imkanı var ki, öz sahəsində mövcud olan problemlər və əldə edilmiş uğurlar, gələcəkdə görüləcək əsas işlər haqqında məlumatlar versin. Bu, bir də onu göstərir ki, istənilən sahədə Azərbaycanın inkişafı çox sürətlidir. Məsələn, hələ beş il bundan əvvəl bizdə informasiya-kommunikasiya texnologiyaları, demək olar ki, yox idi. Ancaq Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, - nazir Əli Abbasov bu barədə dedi, - bu gün Azərbaycan MDB məkanında birinci yerdədir və dünya miqyasında da 62-ci yerdədir. Bu qısa müddət ərzində biz, faktik olaraq, yeni sahəni yaratdıq və özü də yüksək səviyyədə. Bu gün isə söhbət ondan gedir ki, biz kosmik sənayenin yaranmasına yaxınlaşırıq. Bu da reallıqdır və bunu etmək üçün artıq konkret tədbirlər planı var, maliyyə imkanları da artıq müəyyən edilibdir. Əminəm ki, gələn ilin büdcəsində biz bu sahənin yaradılması və iki süni peykin orbitə çıxarılması üçün konkret tədbirlər görməliyik. Bu, ölkəmizin müasirləşməsinə, Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına yeni təkan verəcəkdir. Eyni zamanda, bu, gəlir gətirən sahədir və biz gələcəkdə bu imkanlardan səmərəli istifadə edərək, həm iqtisadi imkanlarımızı genişləndirəcəyik, həm də, bir də demək istəyirəm ki, Azərbaycanda yeni sənaye sahəsi, özü də ən texnoloji sənaye sahəsi yaradılacaqdır.
Bununla bərabər, biz informasiya təhlükəsizliyinə böyük diqqət göstərməliyik və bu sahədə əlavə tədbirlər görülür, əlavə vəsait ayrılıbdır. Elə etməliyik ki, bu vacib olan sahədə bütün lazımi tədbirlər görülsün.
Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik və bu gün Azərbaycan böyük neft-qaz hasil və ixrac edən ölkəyə çevrilibdir. Həm təbii resursların hesabına, həm artıq güclü infrastrukturun hesabına Azərbaycanın enerji təhlükəsizliyi tam şəkildə təmin olunubdur. Yeni elektrik stansiyalarının yaradılması, elektrik xətlərinin, yardımçı stansiyaların tikintisi, qazlaşdırma prosesinin sürətlə getməsi - biz növbəti illərdə buna yenə də lazımi diqqəti göstərəcəyik.
Bu ilin sonuna qədər Azərbaycanda qaz almayan rayonlar qalmayacaqdır. Biz son illər ərzində əvvəllər heç vaxt qaz almayan rayonlara qaz xətlərini çəkdik. Belə rayonların sayı çox deyildi, ancaq var idi. Məsələn Lerik, Yardımlı, ilk dəfə olaraq, onlara qaz xətləri çəkilmişdir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaz təminatı pozulmuş bölgələrə qaz nəqli bərpa edilir. Beyləqan, Ağcabədi, Ağdam, Füzuli rayonlarına qaz xətləri artıq çəkilib, yaxud da ki, yaxın zamanlarda çəkiləcək və qaz veriləcəkdir. On üç ildən sonra biz Naxçıvanı yenidən qazla təmin edə bilmişik. İranla mübadilə yolu ilə. Bunun nəticəsində Naxçıvanın qazlaşdırılması proqramı, demək olar ki, tam şəkildə təmin edilibdir. Yəqin ki, yaxın zamanlarda Naxçıvan Muxtar Respublikasının bütün məntəqələri, bütün kəndləri yüz faiz qazlaşdırılacaqdır.
Bu gün elə imkan yaranıb ki, biz Naxçıvandan Türkiyəyə elektrik enerjisi verilməsinə nail ola bilmişik. Vaxtilə bunu heç arzu etmək mümkün deyildi. Bu gün isə reallıqdır. Naxçıvanda tikilən elektrik stansiyalarının, növbəti illərdə tikiləcək su elektrik stansiyalarının gücü elə olmalıdır ki, Naxçıvanın enerji təhlükəsizliyi tam şəkildə daxili resurslar hesabına təmin edilsin. Həmin stansiyalarda istehsal olunan elektrik enerjisi həm də ixrac ediləcək və muxtar respublikanın iqtisadiyyatına dəstək olacaqdır.
Bir sözlə, biz enerji təhlükəsizliyi məsələlərinə kompleks şəkildə yanaşmışıq və qısa müddət ərzində bütün lazımi tədbirlər görülübdür. Nəinki özümüzü təmin edirik, Azərbaycan digər ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini verir.
Nəqliyyat təhlükəsizliyi məsələləri də öz həllini tapır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri nəticəsində Azərbaycan bu sahədə əvəzolunmaz ölkəyə çevriləcəkdir. Bizim coğrafi vəziyyətimiz və nəqliyyat infrastrukturuna, - dəmir yolu, avtomobil yolları, hava nəqliyyatı, dəniz nəqliyyatı, - bütün sahələrə qoyulan böyük həcmdə investisiyalar və transmilli layihələr, ilk növbədə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bölgədə yeni vəziyyətin yaranmasına gətirib çıxarıbdır. Bu, tarixi bir nailiyyətdir və bundan sonra Azərbaycan uzun illər, əslində, əbədi olaraq nəqliyyat təhlükəsizliyini təmin etmiş olur. Həm tranzit ölkə kimi bu layihələrdən böyük mənfəət götürəcək, həm də, əlbəttə ki, Azərbaycanın geosiyasi önəmi böyük dərəcədə artacaqdır.
İnformasiya təhlükəsizliyi, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, ərzaq təhlükəsizliyi - biz bu sahələrə xüsusi diqqət göstərməliyik. Bu ilin timsalında görürük ki, həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatında artım 10 faizdən çoxdur. Nazir İsmət Abasov qeyd etdi, cəmi bir il ərzində taxıl istehsalı 480 min ton artıbdır. Nəyin hesabına? Ona görə ki, biz bu vaxta qədər kompleks tədbirlər görmüşük. “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaratmışıq, aqroservislər yaradılıbdır. Azərbaycanda kənd təsərrüfatı texnikası istehsalına başlanmışdır və artıq Gəncədə traktorlar istehsal olunur. Biz ilk illərdə xaricdən texnikanın alınmasına dövlət büdcəsi xətti ilə vəsait ayırırdıq, bu gün də bu davam edir. Çünki hələ ki, buna ehtiyac var. Amma artıq bu vəsaitin müəyyən hissəsi Azərbaycanda qalır, yerli istehsalın yaranmasına xidmət göstərir. Azərbaycan iqtisadiyyatı üçün lazım olan avadanlıqlar Azərbaycanda istehsal olunur. Fermerlərə maliyyə dəstəyi, gübrənin güzəştli şərtlərlə verilməsi, “Aqrolizinq”in, aqroservislərin yaradılması və digər tədbirlər nəticəsində biz görürük ki, çox böyük irəliləyiş var. Mən bu barədə artıq demişdim, hökumətə göstərişimi vermişdim və bir daha demək istəyirəm ki, kompleks tədbirlərin görülməsi üçün 2009-cu ilin dövlət büdcəsində lazımi maliyyə resursları təmin olunmalıdır. Hesab edirəm ki, subsidiyaların həcmi artırılmalıdır. Ərzaq məhsullarının saxlanılması üçün anbarlar tikilməlidir. Bu anbarların tikintisi üçün artıq 2008-ci ilin büdcəsində vəsait nəzərdə tutulub, 2009-cu ildə də nəzərdə tutulmalıdır. Beləliklə ərzaq təhlükəsizliyi üçün lazımi tədbirlər görüləcəkdir.
Hələ ki, biz taxıl məhsulları ilə tam şəkildə özümüzü təmin edə bilmirik. Bu, heç vaxt olmayıbdır. Bilirsiniz ki, Sovet İttifaqı zamanında vahid kənd təsərrüfatı kompleksi mövcud idi və o kompleks elə qurulmuşdu ki, bütün respublikalar bir-birindən asılı idilər. Bilərəkdən belə bir sistem yaradılmışdı. Nəticədə, Sovet İttifaqı dağılandan sonra bütün təsərrüfat əlaqələri kəsilmişdi və iqtisadi sahədə böyük problemlər yaranmışdı. Bu gün biz artıq yavaş-yavaş ona nail oluruq ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik. Məsələn, Sovet İttifaqı zamanında Azərbaycan heç vaxt özünü ət məhsulları, süd məhsulları ilə təmin edə bilmirdi. Bitki yağları ilə, şəkərlə təmin edə bilmirdi. Bu gün biz buna, demək olar ki, nail ola bilmişik. Ət, süd məhsullarının təxminən 90 faizi, şəkər, bitki yağlarının 100 faizi Azərbaycanda istehsal olunur. Düzdür, şəkərin və bitki yağlarının istehsalı üçün xammal xaricdən gətirilir. Bu da təbiidir, bütün ölkələrdə belədir. Ancaq son məhsul Azərbaycanda istehsal olunur.
O ki qaldı, meyvə-tərəvəz məhsullarına, təbii ki, biz özümüzü təmin edirik və ixrac da edirik. Ancaq taxıl, buğda ilə təminatda biz xaricdən gələn idxaldan asılıyıq. Mən bunda da heç bir ciddi problem görmürdüm, çünki bazar iqtisadiyyatı prinsipləri tələbatla təklif arasındakı tarazlığı tənzimləyirdi. Azərbaycan isə öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurubdur. Baxmayaraq ki, bazar iqtisadiyyatı prinsipləri işləyir, ancaq bu son müddət ərzində biz gördük ki, o, bizim ərzaq təhlükəsizliyimizi təmin etmir. Biz lazımi səviyyədə idxal etmək üçün əlavə tədbirlər görməli olduq. Baxmayaraq ki, müqavilələr də imzalanmışdı və taxılın gətirilməsi məsələləri də həll olunmuşdu. Ancaq biz gördük ki, dünyada qıtlıq yaranmışdır. Bu qıtlığın əsas səbəbi bioyanacağın istehsalı, etanolun istehsalı olmuşdur və etanolun istehsalı üçün daha çox əkin sahələri ayrılmışdır və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı azalmışdır. Bütün bunların əsasında enerji daşıyıcılarının qiymətlərinin artması dayanır. Bu olmasaydı, bioetanola da böyük tələbat olmazdı. Yəni biz görürük ki, bu sahə nə qədər həssasdır və hətta Dünya Ərzaq Təşkilatı kimi böyük qurumlar öz narahatlığını ifadə etmişdilər. Hətta bəzi bölgələrdə, bəzi qitələrdə aclıq təhlükəsi yaranmışdı.
Ona görə biz hər bir xoşagəlməz vəziyyətə hazır olmalıyıq və mən inanıram ki, əlavə tədbirlər nəticəsində Azərbaycanda ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəyik.
Güzəştli kreditlər verilməsi 2009-cu ildə də davam edəcəkdir. Artıq bir neçə ildir ki, bu kreditlər verilir və daha çox aqrar sahəyə aiddir. Baxmaq lazımdır, bəlkə 2009-cu ildə bu kreditlərin həcmini artıraq. Azərbaycana güzəştli şərtlərlə gübrənin gətirilməsi təmin olunmalıdır. Mütəxəssislər yaxşı bilirlər ki, müxtəlif gübrələr var. Gübrə var ki, birbaşa bu ilin məhsulu üçün lazımdır, eləsi də var ki, torpaqların münbitləşməsi üçün, bundan sonra uzun müddət yaxşı məhsul götürülməsi üçün lazımdır. Yəni dövlət bu sahədə öz səylərini, əlbəttə ki, artırmalıdır. Bütün dünyada olduğu kimi, biz də fermerlərə subsidiyalar verməliyik və bu subsidiyaların həcmi artmalıdır. Bu, həm bölgələrdə yaşayan insanların həyat səviyyəsini yaxşılaşdıracaq, - bizdə əhalinin 48 faizi aqrar bölgələrdə yaşayır, - həm iş yerlərinin yaradılmasına təkan verəcək, həm də yerli istehsal artacaq, ərzaq təhlükəsizliyi tam şəkildə təmin olunacaqdır. Mən bu sahəyə xüsusilə böyük diqqət ayırıram və bu barədə danışıram, çünki bu, bizim üçün növbəti illərdə prioritet sahə olmalıdır. Həmişə belə olub, ancaq indiki şəraitdə biz bu sahədə daha da ciddi olmalıyıq.
Bununla bərabər suvarılan torpaqların sahəsi genişləndirilməlidir. Bizim böyük meliorasiya və suvarma proqramlarımız var. Bu barədə xüsusi iclas da keçirmişik, bütün layihələr bəllidir, icra olunur. 2009-cu ildə əlavə tədbirlərin görülməsi üçün dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır. Suvarılan sahələrin artırılması və eyni zamanda, kənd təsərrüfatının intensiv yollarla inkişaf etməsi çox vacibdir. Biz məhsuldarlığı artırmalı və eyni zamanda, əkin sahələrini genişləndirməliyik. Nəzərə alsaq ki, Azərbaycanda torpaqlar çox deyil, biz torpağın hər bir qarışından səmərəli istifadə edilməsi üçün lazımi tədbirlər görməliyik. Bir daha demək istəyirəm ki, dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməli, infrastruktur layihələrini həyata keçirməli, maliyyə dəstəyi verməlidir. Fermerlər isə öz zəhməti ilə həm özlərinin yaşayış səviyyəsini yaxşılaşdırmalıdır, həm də ki, ölkənin ərzaq təhlükəsizliyini təmin etməlidirlər.
İlin sonuna qədər və 2009-cu ildə biz infrastruktur layihələrinə diqqət yetirəcəyik. Bu sahədə böyük uğurlar var və demək olar ki, bütün bölgələrdə nəhəng infrastruktur layihələri həyata keçirilir. Yollar tikilir, bizi üç ölkə ilə birləşdirən magistral yolların tikintisi sürətlə gedir, şəhərlərarası, şəhərlərdaxili, kənd yolları çəkilir. Yəni yol infrastrukturunun yeniləşməsi, müasirləşməsi gələcək illərdə də vacib sahə olacaqdır. Bu, insanlara həm rahatlıq verir, həm də ki, bölgələrin inkişafı üçün lazımi şərait yaradır. Bizim çox gözəl turizm imkanlarımız var. Ancaq yol olmayan yerdə heç bir ciddi investor bu sahəyə vəsait qoymaz. Eyni zamanda, yolun çəkilməsi, təbii ki, sənaye istehsalının artmasına gətirib çıxarır. Ümumiyyətlə, bu, hər bir ölkənin inkişafı üçün çox vacib sahə sayılır. Təsadüfi deyil və biz dünya tarixindən də bunu bilirik ki, keçmişdə böyük müharibələrdən sonra infrastrukturun bərpası məhz yol infrastrukturunun bərpasından başlanmışdır. Çünki bu, əsasdır. Bu, Azərbaycanda da infrastruktur sahələri arasında vacib yer tutur və görürük ki, biz qısa müddət ərzində keyfiyyətli və müasir yolların tikintisinə nail ola bilmişik. Çox sevindirici haldır ki, artıq yerli şirkətlər də bu işlərdə fəaldır və Azərbaycanda yol infrastrukturuna ayrılan vəsait, eyni zamanda, güclü, özəl sektorun yaranmasına gətirib çıxarır. Özəl şirkətlər bu layihələrdən bəhrələnir. Mən çox şadam ki, daha çox yerli şirkət bu işlərlə məşğuldur. Bu onu göstərir ki, həm onların peşəkarlıq səviyyəsi kifayət qədərdir, həm də yerli insanlarımız Azərbaycanın artan imkanlarından bəhrələnməlidirlər.
Bununla bərabər, bütün digər infrastruktur layihələri ilin sonuna qədər və ondan sonrakı dövrdə sürətlə davam etdirilməlidir. Bizim elektrik enerjisi ilə bağlı, qazlaşdırma ilə bağlı çox böyük planlarımız var, su-kanalizasiya layihələrinin icrası başlayır. Əminəm ki, biz yaxın zamanlarda həm beynəlxalq maliyyə qurumlarının kreditləri, həm də öz daxili imkanlarımız hesabına bunu edəcəyik.
Bakını içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi davam edir. Əminəm ki, yaxın zamanlarda bu kəmərin tikintisi başa çatacaqdır. Samur-Abşeron kanalı, Taxtakörpü su anbarı - yəni bütün bu nəhəng infrastruktur layihələrinin sadalanması üçün çox vaxt lazımdır. Onların hər biri özlüyündə nəhəng infrastruktur layihəsidir və Azərbaycanın infrastrukturunun müasirləşməsi və yaradılması üçün çox mühüm rol oynayır.
İstilik sisteminin yeniləşdirilməsi ilə bağlı işlər gedir, daha da sürətləndirilməlidir. İndi yəqin ki, müvafiq qurumlar qışa hazırlıqla bağlı öz tədbirlər planlarını hazırlayırlar. Keçən il və 2006-cı ildə qışda elektrik enerjisi, qazın verilməsi ilə bağlı heç bir ciddi problem olmamışdır. Çünki biz qısa müddət ərzində çox müasir sistem yaratmışıq, bu sahəyə çox böyük vəsait qoymuşuq və bu proses davam etdirilir. Yeni elektrik stansiyalarının və paylayıcı xətlərin tikintisi davam edir.
Bununla bərabər, - bəlkə də bu məsələ o qədər də qlobal xarakter daşımır, amma insanların rahat yaşaması üçün çox vacibdir, - bizdə lift təsərrüfatının yeniləşdirilməsi məsələsi həll olunmalıdır. Çünki Bakıda və iri şəhərlərdə liftlərin böyük əksəriyyəti sıradan çıxıb və insanlara böyük əziyyət yaradır. Lift olmayan, işləməyən yerdə yuxarı mərtəbələrdə yaşayan insanlar öz mənzillərinə ayaqla qalxmağa məcbur olurlar. Bu sahədə biz təcili tədbirlər görməliyik, Azərbaycanda lift istehsal edən müəssisələr yaradılır. Onların işini gücləndirməliyik və bəlkə də, təcili surətdə xaricdən liftlər almalıyıq. Bu hesablanmalıdır ki, nə qədər vəsait lazımdır. Əlbəttə, bunun texniki tərəfi də var, xüsusi briqadalar olmalıdır. Ancaq bu işə biz daha da böyük miqyasda başlamalıyıq. Müəyyən işlər görülüb, ancaq bu, vacib məsələdir. Hər bir insanın, yəni hündürmərtəbəli binalarda yaşayan hər bir insanın rahatlığı üçün biz bunu etməliyik.
İqtisadi və sosial məsələlərin həlli ilə bərabər, bütün başqa məsələlər də həll olunmalıdır. Mən bunu əvvəllər də demişəm. Bütün sahələr üzrə bizim proqramlarımız var. Ekoloji tədbirlərin güclənməsi işinə 2009-cu ildə daha da böyük vəsait ayrılmalıdır. Bu proses başlanıbdır. Neftlə çirklənmiş ərazilər təmizlənir və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməlidir. Dövlət proqramı var, vəsait ayrılır. Mən hesab edirəm ki, biz bu sahəyə daha da böyük diqqət göstərməliyik. Çünki sirr deyil ki, Bakıda və Abşeron yarımadasındakı ekoloji vəziyyət bizi qane edə bilməz. Bunun müxtəlif səbəbləri var. Uzun illər ərzində bu ərazilərdə neft hasil olunubdur və deyə bilərəm ki, ekoloji normalara çox da böyük əhəmiyyət verilmirdi. İndi biz bu böyük işləri görməliyik. Neftlə çirklənmiş bütün ərazilərdə rekultivasiya işləri aparılmalıdır. Bu da çox böyük həcmli işlərdir. Həm böyük vəsait, həm peşəkarlıq, həm də texnikanın alınmasını tələb edir. Ancaq biz elə məqsəd qoymuşuq ki, Bakının, Abşeron yarımadasının neftlə çirklənmiş bütün əraziləri təmizlənməlidir və beləliklə, Azərbaycanda ekoloji vəziyyət yaxşılaşacaqdır.
Bakı buxtasının təmizlənməsi üçün əlavə tədbirlər görülməlidir. Bu, kompleks tədbirlər olmalıdır. Həm təmizlənmə, həm kanalizasiya ilə bağlı işlərin sürətlə getməsi - bütün bu işlər görülməlidir. Əgər əlavə tədbirlər görülməlidirsə, vaxtında müraciət edin və nə lazımdırsa, biz edəcəyik.
Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti nəticəsində biz konkret layihələrə başlamalıyıq. Biz Dövlət İnvestisiya Şirkətini ona görə yaratmışıq ki, Azərbaycan dövlətinə lazım olan sahələrə xarici investorları cəlb edək və öz iştirakımızla onları təşviq edək. Bilirəm ki, müəyyən layihələr hazırlanıb, biz, sadəcə, onların tezliklə icra olunmasına və başa çatmasına çalışmalıyıq. Bizdə, əslində, investisiyalarla bağlı problem yoxdur. Çünki həm xaricdən maraq böyükdür, həm də çox böyük həcmdə daxili investisiyalar qoyulur. Dövlət investisiya xərcləri ildən-ilə artır və demək olar ki, infrastrukturun bütün sahələrinə dövlət tərəfindən böyük həcmdə investisiya qoyulur. Ancaq istərdik ki, bizə lazım olan sahələrə xarici, yaxud da yerli şirkətlər investisiya qoysunlar. Biz Dövlət İnvestisiya Şirkətini yaradanda əsas vəzifəsi ondan ibarət idi ki, xaricdən potensial investorları cəlb etsin. Ancaq bir halda ki, indi Azərbaycanda daxildə güclü şirkətlər yaranır və biz bu şirkətlərə kömək etməliyik ki, onlar böyüsün. Azərbaycanda təkcə dövlət şirkətləri dünya miqyaslı şirkətlər olmasın, özəl firmalar da yüksək səviyyəyə qalxsın. İstisna olunmur ki, əgər yerli şirkətlər tərəfindən yaxşı layihələr təqdim olunsa, Dövlət İnvestisiya Şirkəti onlarla da işləyə bilsin.
Ümumiyyətlə, biz növbəti illərdə Azərbaycandan kənarda investisiya qoyuluşuna da daha böyük diqqət göstərməliyik. Əlbəttə, ilk növbədə biz öz resurslarımızı Azərbaycana investisiya şəklində qoymalıyıq. Ancaq həm biznes baxımından, həm də ki, geniş maraqlarımız baxımından biz başqa ölkələrə kapital qoyuluşunu daha da artırmalıyıq. Bu baxımdan Dövlət Neft Şirkəti artıq böyük layihələrdə iştirak edir. Son müddət ərzində neft-qaz kəmərlərinə qoyulan vəsaitdən əlavə Dövlət Neft Şirkəti Türkiyə, Gürcüstan iqtisadiyyatına 2,5 milyard dollar sərmayə qoyubdur və bu proses davam edir. Mən əvvəllər demişəm ki, Dövlət Neft Şirkəti beynəlxalq səviyyəli neft şirkətinə çevrilməlidir və bu proses uğurla gedir. Növbəti illərdə başqa ölkələrə, bizə dost olan ölkələrin iqtisadiyyatına investisiyaların qoyulması nəzərdə tutulmalıdır. Digər dövlət şirkətlərinin də imkanları artır. Onlar da baxmalıdırlar ki, harada cəlbedici layihələr var ki, xarici ölkələrə investisiya qoyulsun. Bu həqiqətdir ki, bizim dövlət şirkətləri artıq ən böyük iqtisadi imkanlara malik olan şirkətlərdir. Ola bilər ki, onlar öz yanında özəl şirkətləri də bu layihələrə də qoşa bilərlər. Beləliklə, özəl şirkətlər də bu böyük layihələrdə iştirak etməklə, həm böyük təcrübə qazanar, həm maliyyə vəziyyətini yaxşılaşdırar, həm də gələcəkdə müstəqil şəkildə başqa ölkələrin bazarlarında istənilən sahələrdə - inşaat, ticarət, maliyyə - fəal iştirak edərlər.
Bu, zəmanənin tələbidir. Azərbaycan müasir ölkəyə çevrilir və hər bir müasir ölkəyə xas olan xarici sərmayə proqramı olmalıdır. Biz yəqin ki, müəyyən müddətdən sonra bunu tərtib edə bilərik. Yəni prioretlər müəyyən edilməlidir və əminəm ki, ölkəmizin möhkəmlənməsi üçün bunun çox böyük əhəmiyyəti olacaqdır. Bizim indi 50-dən çox ölkədə səfirliklərimiz var və onlar da bu işlərdə fəal olmalıdırlar. Onlar cəlbedici sahələri araşdırmalıdırlar. Buradakı müvafiq qurumlarla əlaqə saxlamalıdır və olduqları ölkələrdə Azərbaycanın iqtisadi maraqlarını təmin etməlidirlər. Bu yaxınlarda bütün səfirlərin iştirakı ilə bir neçə gün ərzində müşavirə keçirilmişdir və bilirəm ki, bu məsələ də müzakirə olunmuşdur. Səfirliyimiz olan hər bir ölkədən məlumat gəlməlidir - o ölkənin iqtisadi imkanlarının perspektivləri və potensial investisiya obyektlərinin siyahısı. Biz onda baxacağıq, bu məsələni təşkil etmək bizə daha da asan olacaqdır.
Sosial sahədə bütün tədbirlər davam edəcəkdir. 2009-cu ildə həm bu il icra olunan layihələr davam edəcək, həm də ki, növbəti layihələr. Təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, turizm sektorunda əlavə tədbirlər görüləcəkdir. Hər bir sahə üzrə proqramlar, tikiləcək obyektlərin siyahısı var. Biz elə etməliyik ki, Azərbaycanda, ilk növbədə, yeni tikilən bütün obyektlər dünya səviyyəsində olsun, eyni zamanda, maksimum çalışmalıyıq ki, əvvəllər tikilmiş, köhnəlmiş, yararsız vəziyyətə düşmüş tikililər də bərpa olunsun. Bu istiqamətdə biz artıq böyük işlər görmüşük. Həm məktəb tikintisi, tibb ocaqlarının tikintisi, idman komplekslərinin tikintisi sürətlə gedir. İndi növbəti ilin dövlət büdcəsi hazırlanır. Bütün bu məsələlər orada öz əksini tapmalıdır. Hesab edirəm ki, biz 2009-cu ildə xüsusilə turizm imkanlarının genişlənməsinə diqqət göstərməliyik. Bu il həmin məqsədlər üçün çox böyük vəsait ayrılıbdır. Azərbaycanda yeni turizm zonaları, qış turizm zonaları müəyyən edilibdir. Əminəm ki, əgər hər şey plan üzrə getsə, 1-2 ildən sonra Azərbaycanda beynəlxalq səviyyəyə cavab verən qış turizm mərkəzi yaradılacaqdır. Burada da mexanizm çox sadədir. Dövlət bütün infrastruktur layihələrini öz üzərinə götürür - yol, elektrik stansiyaları, elektrik xətləri, qazpaylayıcı şəbəkələr, su xətləri. Qalan işləri də özəl firmalar etməlidir. Əgər özəl firmaların işə başlaması üçün dövlət dəstəyi lazım olacaqsa, biz bunu da etməyə hazırıq. Beləliklə, Azərbaycanda güclü turizm imkanları yaranacaqdır. Bildiyiniz kimi, bizim səfalı yerlərimiz çoxdur. Həm turizm, həm müalicə müəssisələrinin yaradılması üçün çox gözəl imkanlarımız var. Bir müddət bundan əvvəl Naftalan Dövlət Kurort Mərkəzinin yaradılması üçün lazımi qərarlar qəbul edilib, ilkin vəsait ayrılıb, indi təhlil-qiymətləndirmə işləri aparılır.
Mən əminəm ki, dünyada nadir müalicəvi xüsusiyyətlərə malik olan Naftalan neftindən səmərəli istifadə etmək üçün biz dövlət tərəfindən bütün lazımi tədbirləri, infrastruktur layihələrini tezliklə başa çatdırmalıyıq. Beləliklə, həm özəl sektorun inkişafı, insanların istirahəti və Azərbaycanı turizm ölkəsinə çevirmək üçün yaxşı şərait yaradılacaqdır.
İlk növbədə, biz daxili turizm haqqında fikirləşməliyik. Xüsusilə biz görürük ki, yay aylarında insanların böyük əksəriyyəti bölgələrə yola düşür. Rayonlarda yeni müəssisələr, turizm yerləri açılır. Yəni biz bunu, ilk növbədə, öz insanlarımızın rahat dincəlməsi üçün etməliyik. Əlbəttə ki, bu, dünya səviyyəsində olmalıdır ki, bizim insanlar bundan istifadə etsinlər və xaricdən də turistlər daha çox gəlsinlər.
İndi gələn ilin dövlət büdcəsi hazırlanır. Biz son illər ərzində büdcə sahəsində böyük irəliləyişə nail ola bilmişik. Azərbaycanın builki icmal büdcəsi 15 milyard dollardan çoxdur. Buraya həm dövlət büdcəsi, həm də Neft Fondundan, digər mənbələrdən ayrılan vəsait aiddir. Gələn il yəqin ki, büdcəmiz artacaqdır. Ancaq bu artım məqsədyönlü şəkildə olmalıdır. Mən bilirəm ki, müxtəlif dövlət qurumları, nazirliklər tərəfindən hökumətə, Maliyyə Nazirliyinə sifarişlər göndərilir. Bəzi hallarda bu sifarişlər şişirdilir. Mən bu barədə demək istəyirəm ki, bütün sifarişlər reallığı və bütün qurumların, nazirliklərin real imkanlarını əks etdirməlidir. Əlbəttə, çox böyük quruculuq, abadlıq işləri gedir və mən çox istəyirəm ki, daha da tez getsin, sürətlə getsin. Bəzi işlər var ki, başqa yerdə onu 2 ilə, 3 ilə görürlər, biz bunu bir ilə görürük. Bəzi işlər var, bir ilə görülür, biz bunu 3 aya görürük. Bu, bizim yanaşmamızdır. Mən istəyirəm ki, Azərbaycanda infrastrukturun yaranması nə qədər tez olsa, bir o qədər yaxşıdır. Ancaq bununla bərabər, biz, gərək öz maliyyə imkanlarımızı da düzgün şəkildə qiymətləndirək. Düzdür, indi bizim valyuta ehtiyatlarımız 13 milyard dollardan çoxdur. İlin sonuna qədər yəqin ki, 20 milyard dollara yaxınlaşacaqdır. Düzdür, gələn il uğurlu neft strategiyasının icrası nəticəsində daha da artacaqdır. Amma biz hər bir vəsait qoyuluşuna böyük həssaslıqla yanaşmalıyıq, israfçılığa yol verməməliyik və ölkəmiz üçün ən prioritet xarakter daşıyan layihələrin icrası ilə məşğul olmalıyıq. İlk növbədə, bu il icra olunan layihələrin başa çatması üçün lazımi vəsait ayrılmalıdır. Ondan sonra prioritet xarakter daşıyan layihələrə investisiyalar cəlb edəcəyik.
2009-cu ilin büdcəsi, eyni zamanda, sosial məsələlərin həllindən ötrü də əlavə vəsaitin nəzərdə tutulması üçün də rol oynayacaqdır. İnvestisiya, kapital qoyuluşu, müdafiə sənayesinin güclənməsi, ordu quruculuğu prosesinin sürətləndirilməsi və ölkə üçün lazım olan bütün başqa işlərin görülməsindən ötrü lazımi tədbirlər nəzərdə tutulur. Elə etməliyik ki, real, konkret proqramların icrası üçün kifayət qədər vəsait olsun.
Ancaq yenə də deyirəm ki, onsuz da verilən sifarişlərin hamısı yerinə yetirilməyəcək, sadəcə, mən bütün qurumlara məsləhət görürəm ki, verdikləri təkliflər reallığı əks etdirsin. Şişirdilmiş arzulardan kənar olsun.
Əsas məsələlər bunlardır. Mən bir məsələyə də toxunmaq istəyirəm, baxmayaraq ki, bizim bugünkü iclasa bunun birbaşa aidiyyəti yoxdur. Ancaq bir halda ki, Azərbaycanda prezident seçkiləri kampaniyası başlanmışdır, mən bunu xüsusilə qeyd etmək istəyirəm. Bildiyiniz kimi, bu yaxınlarda Yeni Azərbaycan Partiyasının qurultayında mənim namizədliyim irəli sürülübdür və seçki kampaniyası başlanmışdır. Mən əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycanda pezident seçkiləri ədalətli, şəffaf keçirilməlidir və keçiriləcəkdir. Biz beynəlxalq müşahidəçiləri dəvət edəcəyik. Kim istəyir gəlsin, müşahidə etsin. Əminəm ki, Azərbaycan xalqının iradəsi seçkilərin nəticələrində tam şəkildə öz əksini tapacaqdır.
Əlbəttə ki, bütün namizədlər üçün bərabər şərait yaradılmalıdır, yaradılır və yaradılacaqdır. Seçkilərə qədər bütün dövr ərzində hər bir namizədin eyni, bərabər imkanları olmalıdır. İstər kampaniyanın aparılması üçün, istərsə də insanlarla görüşlərin təşkili üçün. Müvafiq göstərişlər verilibdir ki, bütün bölgələrdə namizədlərin seçicilərlə görüşməsi üçün yerlər müəyyən edilsin və bütün namizədlər eyni yerlərdən istifadə etsinlər. Əlbəttə ki, təşviqat kampaniyasının aparılmasında da bu bərabərlik prinsipi qorunub saxlanılmalıdır. Mənim kütləvi informasiya vasitələrindən xahişim bundan ibarətdir. Dövlət kütləvi informasiya vasitələri, əlbəttə ki, bunu göstəriş kimi qəbul etməlidirlər. Özəl qurumlara mən, sadəcə olaraq, öz tövsiyəmi verə bilərəm ki, heç bir namizədə qarşı ayrı-seçkilik, hansısa başqa münasibət göstərilməsin.
Bununla əlaqədar və təkcə bununla əlaqədar deyil, bütövlükdə bir məsələyə toxunmaq istəyirəm. Əvvəllər də şəhər və rayon icra qurumlarına bunu demişdim ki, küçələrdən mənim portretlərim götürülsün. Buna ehtiyac yoxdur. Mən buna müsbət baxmıram və görəndə ki, harada mənim yeni portretim asılıb, dərhal göstəriş verirəm ki, onu oradan çıxarın. Bunu Hacıbala Abutalıbov yaxşı bilir. Mən ondan soruşuram ki, kim asıb bu portreti. Çünki mən onları qadağan etmişəm. O da deyir ki, o icra hakimiyyəti başçısı, bu icra hakimiyyəti başçısı. Dedim ki, zəng et, de ki, bir gün vaxt verirəm, əgər çıxarmasa, onda məndən inciməsin. Mən rayonlarda da oluram, orada da görürəm. Yəni bu, mənə lazım deyil. Ona görə mən hesab edirəm ki, bu portretlər yığışdırılmalıdır. Seçki ərəfəsində və ümumiyyətlə ondan sonra da olmamalıdır. Mənə bu lazım deyil. Azərbaycan xalqı mənə öz münasibətini 2003-cü ildə göstərmişdir. Mən bu beş il ərzində çalışmışam ki, Azərbaycan xalqının etimadını doğruldum. Azərbaycan xalqı seçkidə mənə yenidən öz münasibətini göstərəcəkdir. Əgər etimad göstərsə, mən növbəti beş ildə də Azərbaycan xalqına xidmət edəcəyəm.
O ki qaldı, yerli icra qurumlarının fəaliyyətinə, onlar öz işi ilə, öz səmərəli əməlləri ilə, insanlara qayğı göstərməklə öz funksiyalarını yerinə yetirsinlər. Portret asmaqla yox. Ona görə bir daha və axırıncı dəfə Hacıbala Abutalıbova, Zeynal Nağdəliyevə tapşırıram: bütün lazımi tədbirləri görün və küçələrdən mənim şəkillərimi yığışdırın.
Növbəti müddət ərzində, ilin sonuna qədər biz hələ yığışacağıq. Biz 9 ayın yekunlarını müzakirə edəcəyik və əminəm ki, növbəti üç ay ərzində nə lazımdırsa, onu edəcəyik. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə artır, bizim bütün proqramlarımız uğurla icra olunur. Əminəm ki, növbəti aylarda və növbəti illərdə Azərbaycanın sürətlə inkişafı davam edəcək və Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşayacaqdır.
Sağ olun.