SİYASƏT
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi əməkdaşlığa dair anlaşma haqqında Memorandum imzalamışlar
Bakı, 17 aprel (AZƏRTAC). Aprelin 17-də Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında əməkdaşlığa dair anlaşma haqqında Memorandumun imzalanması mərasimi olmuşdur.
Şuranın sədri A.Quliyev tədbirdə çıxış edərək bildirmişdir ki, yaradılmasından ötən 5 il ərzində QHT-lərə Dövlət Dəstəyi Şurası dövlət və qeyri-hökumət təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi üçün mümkün olan hər şeyi etmiş və bu sahədə xarici təcrübədən geniş faydalanmışdır. A.Quliyev demişdir: “Hesab edirəm ki, işimizdə müvəffəqiyyət əldə etmişik və bu sənədin USAID-in rəhbərlərindən biri - agentliyin başçısının Avropa və Asiya üzrə müavini xanım Peyc Aleksandr tərəfindən imzalanması faktının özü bunu təsdiq edir. ABŞ Azərbaycanın strateji tərəfdaşıdır və biz dərin əməkdaşlığa maraq göstəririk. Ümidvaram ki, USAID-in Bakı ofisi bu münasibətlərin inkişafına əvvəlki kimi dəstək göstərəcəkdir”.
Sonra çıxış edən Peyc Aleksandr demişdir ki, QHT-lərin fəaliyyəti hər bir vətəndaş cəmiyyətinin və bütövlükdə ölkənin əhəmiyyətli hissəsidir. Bu sənəd Azərbaycan regionlarının sosial və iqtisadi inkişafında vətəndaş cəmiyyətinin iştirakını qabardır. Məsələn, dövlət və özəl sektorların iştirakı ilə QHT şəbəkəsinin yaradılması gözlənilir. Onun sözlərinə görə, bütün bunlar vətəndaş cəmiyyətinin möhkəmlənməsi işinə töhfə verəcəkdir. P.Aleksandr demişdir: “Azərbaycan fəal inkişaf edir və hesab edirəm ki, bu memorandum həmin inkişafa imkan yaradacaqdır”.
Qeyd edək ki, bu memorandum Azərbaycanın Aran, Quba-Xaçmaz və Gəncə-Qazax regionlarında vətəndaş cəmiyyəti strukturlarının gücləndirilməsini nəzərdə tutur.