Azərbaycan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondla əməkdaşlıq əlaqələrini möhkəmləndirir
Bakı, 5 mart (AZƏRTAC). İndoneziyanın paytaxtı Cakartada QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Direktorlar Şurasının 31-ci iclası keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 4-dən öz işinə başlayan iclas martın 7-də başa çatacaqdır.
İclasda qəbul olunacaq qərarlardan sonra Azərbaycan Qlobal Fondla öz əməkdaşlığının növbəti 5 illik fəaliyyət mərhələsinə başlayacaqdır. Bu məqsədlə Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası Qlobal Fonda rəsmi müraciət etmişdir. Mart ayının sonunda bununla bağlı Fondun qərarı açıqlanacaqdır.
Toplantıda bir sıra məsələlərlə yanaşı, Qlobal Fondun Maliyyə Komitəsinə hər iki ildən bir seçilən sədr vəzifəsinin icra edəcək nümayəndənin təqdimatı da olacaqdır. Bu dəfə Maliyyə Komitəsinə sədrlik etmək Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası sədrinin müavini Soltan Məmmədova həvalə edilmişdir.
İclasda Qlobal Fonddan maliyyə dəstəyi alan 150-dən çox ölkənin, fonda maliyyə yardımı göstərən donor ölkələrin, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Tədbirdə Qlobal Fondun yeni maliyyələşdirmə modelinin uğurlu tətbiqi üçün bir sıra maliyyə və strateji sənədlərin qəbulu nəzərdə tutulmuşdur.
Əhəmiyyətli layihələrə uğurla imza atmış Qlobal Fond 2002-ci ildən başlayaraq üç xəstəliyə qarşı mübarizədə dünyanın 150-dən artıq ölkəsinə yardım göstərmişdir. Fondun maliyyə dəstəyi ilə 2013-cü ilin sonunda İİV/QİÇS-dən əziyyət çəkən 6,1 milyon insan antiretrovirus terapiyası ilə əhatə olunmuş, 11,2 milyon vərəm xəstəsi aşkarlanaraq müalicəyə cəlb edilmiş, malyariya ilə mübarizədə 360 milyon miçətkən ailələrə paylanılmışdır.
Azərbaycan isə 2005-ci ildən Qlobal Fondla əməkdaşlıq edir və bu istiqamətdə bir sıra birgə uğurlu layihələr həyata keçirmişdir.