AZƏRBAYCAN REGİONDA GÖMRÜK XİDMƏTİ SAHƏSİNDƏ TƏŞƏBBÜSLƏRDƏ LİDER ÖLKƏDİR
Seminarın açılışında Türkiyə, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan və İranın gömrük mütəxəssisləri iştirak etmişlər.
Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev qeyd etmişdir ki, bu seminarın Bakıda təşkil olunması təsadüfi deyildir. Belə ki, ÜGT-nin fəal üzvlərindən olan ölkəmiz indiyədək qurumun bir neçə tədbirini uğurla həyata keçirmişdir və bugünkü seminar da öz işini müvəffəqiyyətlə başa çatdıracaq, tərəflər qarşılıqlı əməkdaşlıqdan faydalanacaqlar.
Səfər Mehdiyev vurğulamışdır ki, Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi islahatları, bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Gömrük siyasətinin iqtisadi təhlükəsizliyin tərkib hissəsinə çevrildiyini söyləyən natiq bildirmişdir ki, artıq Azərbaycan Respublikası Kioto Konvensiyasına, Malların təsviri və kodlaşdırılması üzrə sistem haqqında Beynəlxalq Konvensiyaya qoşulmuşdur, Ümumdünya Ticarət Təşkilatına üzvolma ərəfəsindədir.
ÜGT Tarif və Ticarət İşləri üzrə Direktorluğunun rəhbəri Kritiklz Mvanza Bakıya səfərindən və regiondakı həmkarları ilə aktual məsələ ətrafında müzakirələrdə iştrakından məmnunluğunu bildirmişdir. O xatırlatmışdır ki, bir neçə il öncə ÜGT-də regional əməkdaşlıq məsələləri qabardılarkən Azərbaycan region ölkələri sırasında ilk olaraq Bakıda ÜGT-nin Regional Tədris Mərkəzinin yaradılması təklifini irəli sürmüş və bu niyyət uğurla reallaşdırılmışdır. Bu onu deməyə əsas verir ki, Azərbaycan regionda gömrük xidməti sahəsində təşəbbüslərdə lider ölkədir.
ÜGT Tarif və Ticarət İşləri üzrə Direktorluğunun əməkdaşı Liu Pinq və İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndəsi Bakt Baidar seminarın keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Seminar dekabrın 1-dək davam edəcəkdir.