AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ SƏDRİNİN AVSTRİYAYA SƏFƏRİ MƏHSULDAR VƏ SƏMƏRƏLİ OLMUŞDUR
Səfərin ilk günü R.Rzayev avstriyalı həmkarı Yohann Jeşut ilə görüşmüşdür. Görüşdə ölkələrimizin hüquq mühafizə orqanları arasında son zamanlar sürətlə inkişaf edən əməkdaşlıq yüksək qiymətləndirilmiş, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanmış və qarşılıqlı fəaliyyətin strateji istiqamətləri müzakirə olunmuşdur. Son zamanlar həyata keçirilmiş çoxsaylı yüksək səviyyəli, o cümlədən nazirlər səviyyəsində səfərlərin uğurla həyata keçirildiyi qeyd edilmiş, Avropa ölkələrindən bütün sahələrdə, xüsusilə də hüquq mühafizə orqanları arasında əməkdaşlıq sahəsində ən sıx əlaqələrin məhz Avstriya ilə qurulub yüksək səviyyədə inkişaf etdirildiyi məmnunluqla diqqətə çatdırılmışdır. Görüşdə ölkələrimizin ali məhkəmələri sədrlərinin Bakıda imzaladıqları Əməkdaşlıq Proqramının həyata keçirilməsi yolları müzakirə edilmiş, təlim, tədris və təcrübə mübadiləsinə xüsusi diqqət yetirildiyi bildirilmişdir. Görüşdə Azərbaycanın Beynəlxalq Hakimlər İttifaqında üzvlüyü məsələsi, həmçinin Avropa İttifaqı Ali Məhkəmələri Ali Məhkəmə Sədrlərinin Konfransı yanında respublikamızın Ali Məhkəməsinə müşahidəçi statusunun verilməsi məsələsinə ayrıca toxunulmuş, beynəlxalq təşkilatlarda ölkəmizin Ali Məhkəməsinin təmsil olunmasına xüsusi önəm verildiyi vurğulanmışdır.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri R.Rzayevi Avstriya Respublikası Federal Parlamentinin sədri Mixael Şpindileger qəbul etmişdir. Görüşdə ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafının, Avstriya parlamentində Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasının vacibliyi bir daha qeyd edilmişdir.
R.Rzayev Avstriya Respublikasının federal ədliyyə naziri xanım Karin Gastinger, Avstriyanın baş prokuroru Valter Preslauer, Ali İnzibati Məhkəmənin sədri Klimens Yabloner, federal daxili işlər nazirinin müavini Mateyas Foql, Konstitusiya Məhkəməsinin sədr müavini Brigita Birlayn, Avstriyanın Avropa Məhkəməsində (Lüksemburqda yerləşir) nümayəndəsi, bu qurumun sədr müavini Piter Yan və digər rəsmi şəxslərlə də görüşmüşdür.
Bu görüşlərdə R.Rzayev Azərbaycanda hüquq mühafizə sahəsində, xüsusilə də məhkəmə-hüquq və məhkəmə quruculuğu sistemində həyata keçirilən islahatlar, ölkəmizin hüquq-mühafizə orqanlarının fəaliyyəti, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və onun ölkəmiz üçün ağır nəticələri haqqında həmsöhbətlərinə ətraflı məlumat vermişdir.
Azərbaycan ilə Avstriya arasında münasibətlərin, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığın indiki vəziyyətinin yüksək qiymətləndirildiyi bu görüşlərdə münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi, təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti xüsusi qeyd olunmuşdur.
Tərəflər geniş fikir mübadiləsi aparmış, yeni təhdidlərə, o cümlədən beynəlxalq terrorçuluğa, narkotiklərin qeyri-qanuni dövriyyəsinə, insan alverinə, mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə sahəsində səylərin əlaqələndirilməsinin vacibliyini qeyd etmişlər.
Ölkəmizin Vyanadakı səfiri Fuad İsmayılov və səfirliyin əməkdaşlarının iştirak etdikləri görüşlərdə Avstriyanın Azərbaycanda tezliklə səfirliyinin açılmasının vacibliyi xüsusi vurğulanmışdır.