AZƏRBAYCAN RESPUBLİKASI BİTKİ GENETİK EHTİYATLARI ÜZRƏ AVROPA ƏMƏKDAŞLIQ PROQRAMININ TAMHÜQUQLU ÜZVÜDÜR
Z.Əkbərov akademik, Milli Məclisin deputatı Cəlal Əliyevin rəhbərliyi ilə ölkəmizdə Biomüxtəlifliyin Genetik Ehtiyatları üzrə Milli Proqramın yerinə yetirilməsinin vəziyyəti, Azərbaycanın Avropa Əməkdaşlıq Proqramı çərçivəsində fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat vermiş, genetik ehtiyatlar sahəsində respublikamızın Avropada qabaqcıl yerlərdən birini tutmaqda israrlı olduğunu onların nəzərinə çatdırmışdır. İclasın gedişində Zeynal Əkbərov Azərbaycanın ECPGR əməkdaşlıq proqramına tamhüquqlu üzv kimi qoşulmaq niyyəti ilə bağlı bəyanatla çıxış etmişdir. O, son illər genetik ehtiyatlar sahəsində akademik Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycanda görülmüş işləri, ölkəmizin əməkdaşlığa həmişə açıq olduğunu xüsusi vurğulayaraq, bu proqrama üzv olmaq üçün zəruri addımların atıldığını bildirmişdir. Bu bəyanat konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutu rəhbərliyinin dəstəyi ilə Azərbaycan yekdilliklə ECPGR Əməkdaşlıq Proqramına tamhüquqlu üzv qəbul edilmişdir. Ölkəmizin bu beynəlxalq elmi quruma üzv olması Azərbaycana nə verəcəkdir? AZƏRTAC-ın müxbirinin bu sualına Z.Əkbərov belə cavab vermişdir:
- Ölkəmizin bu beynəlxalq təşkilata üzv olması Avropa Birliyi tərəfindən maliyyələşdirilən bitki genetik ehtiyatları üzrə Şəbəkə Koordinasiya Qruplarında da fəal iştirak etməyə, bu təşkilatın himayəsi altında keçirilən beynəlxalq tədbirlərə qoşulmağa, əməkdaşlıq proqramı çərçivəsində Avropa Birliyi ölkələri ilə daha sıx inteqrasiya etməyə imkan verəcəkdir.