AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİNİN BƏYANATI
Geniş ictimaiyyətə məlum olduğu kimi, son zamanlar Azərbaycan futbolunda baş vermiş mürəkkəb proseslər son həddə gəlib çatmışdır. Belə böhran vəziyyətin aradan qaldırılması üçün FİFA rəsmiləri tərəfindən bildirildiyinə görə, həm FİFA, həm də UEFA prezidentlərinin Bakıya gəlişi gözlənilirdi. Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən görüşə məktubla rəsmi razılıq verilmişdi. Ölkəmizə futbol rəhbərlərinin gəlişi ilə Azərbaycan futbolunda yaranmış bu acınacaqlı vəziyyətə son qoyulacağı gözlənildiyi bir halda, FİFA tərəfindən vətənimizə ünvanlanmış 15 aprel 2003-cü il tarixli, Azərbaycan futbolunun Beynəlxalq Futbol Federasiyasından təcrid olunması və bir sıra sanksiyaların tətbiqini açıqlayan məktub bütün idman ictimaiyyətimizi son dərəcə narahat etmişdir. Əfsuslar olsun ki, FİFA-dan daxil olmuş məlumat AFFA prezidenti Fuad Musayevin yalan və böhtandan ibarət olan şəxsi ambisiyalarına əsaslanmışdır. Məktubda həqiqətdən uzaq olan birtərəfli mövqe bizi çox təəccübləndirir.
Gənclər, İdman və Turizm Nazirliyi bildirir ki, ölkə futbolunda yaranmış gərgin situasiyanın aradan qaldırılması üçün AFFA-ya dəfələrlə tövsiyə olunsa da bu, AFFA tərəfindən daxili işlərinə müdaxilə kimi qiymətləndirilmişdir. Bu isə öz növbəsində futbolumuzun indiki durumuna gətirib çıxarmışdır.
Gənclər, İdman və Turizm Nazirliyi bir daha bəyan edir ki, 20 sentyabr 2002-ci il tarixli Sürix razılaşmasının bəndlərinin yerinə yetirilməsi üçün məhz AFFA tərəfindən şərait yaradılmamışdır.
Klub rəhbərləri tərəfindən dəfələrlə Sürix razılaşmasına hörmətlə yanaşılaraq göstərilən bəndlərin icra olunması üçün müsbət addımlar atılsa da, AFFA-nın prezidenti Fuad Musayev maraqlarına uyğun olmadığı üçün tövsiyələrin vaxtında həllinə maneçilik törətmişdir. Hesabat-seçki konfransının keçirilməsi üçün müəyyən edilmiş müddətdən 1 ilə yaxın vaxt ötsə də, bu günə qədər konfrans keçirilməmiş, AFFA-da sabitliyin bərqərar olması, futbolumuzun gələcək inkişafı Fuad Musayevi düşündürməmişdir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Fuad Musayevin özbaşınalığından artıq AFFA-nın İcraiyyə Komitəsində də narazılıqlar baş qaldırmışdır. Bu isə AFFA-nın daxilində İcraiyyə Komitəsi ilə Fuad Musayevin mövqeyinin üst-üstə düşmədiyini əks etdirir. Diktatorluğu üçün yaranmış belə təhlükəli vəziyyəti və öz məğlubiyyətini dərk edən Fuad Musayev ən çirkin üsullara əl atmışdır.
Hər bir sahədə olduğu kimi, idmanda, o cümlədən futbolda qeyri-qanuni proseslərin araşdırılması və dövlətin qanunlarına zidd fəaliyyət göstərən bütün təşkilatların dövlət orqanları tərəfindən yoxlanılması normal hal kimi qəbul edilməlidir. Məhz bu baxımdan AFFA tərəfindən böyük məbləğdə vergidənyayınma hallarının və digər qanun pozuntularının araşdırılması olduqca vacibdir. Fuad Musayev AFFA İcraiyyə Komitəsinin direktoru maliyyə pozuntularına görə saxlandığı zaman təcili olaraq İcraiyyə Komitəsinin fövqəladə toplantısını keçirmək əvəzinə, bu orqanın vicdanlı üzvlərinin təşəbbüsü ilə keçirilən toplantını tanımamışdır.
Futbol ictimaiyyəti dəfələrlə Fuad Musayevin AFFA-nın rəhbərliyində qalmayacağı təqdirdə Azərbaycanda ümumiyyətlə futbolun olmayacağı barədə bəyanatlarından xəbərdardır. Odur ki, çətin və gərgin vəziyyətdən çıxış yolu göründüyü bir zaman da Fuad Musayev milyonlarla pərəstişkarın maraqlarını yox, öz şəxsi mənafeyini üstün tutmuş, Azərbaycan futbolunun beynəlxalq aləmdən tamamilə təcrid olunması üçün əlindən gələni etmişdir.
Gənclər, İdman və Turizm Nazirliyi bir daha rəsmən futbolumuzda baş verən proseslərin aradan qaldırılması, Azərbaycan futbolunun FİFA, UEFA ailəsindən təcrid olunmaması üçün FİFA, UEFA nümayəndələri ilə Azərbaycan futbolunun tərəqqisinə təkan verə biləcək istənilən müzakirələrin keçirilməsinə hazır olduğunu bəyan edir, Sürix razılaşmasına hörmətlə yanaşaraq onun bütün bəndlərinin yerinə yetirilməsi üçün AFFA-nın İcraiyyə Komitəsini klublarla birgə əməkdaşlıq etməyə və razılaşmada göstərildiyi kimi, ölkə çempionatının başlanması, FİFA və UEFA nizamnamələrinə əsasən dövlət qanunvericiliyini üstün tutaraq yeni hazırlanacaq nizamnaməyə uyğun hesabat-seçki konfransının keçirilməsi, demokratik seçkilərin aparılması üçün təxirəsalınmaz tədbirlər görməyə dəvət edir.