AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında 2000-ci il martın 16-da bu ölkələrin prezidentləri Heydər Əliyev və Leonid Kuçma tərəfindən imzalanmış müqaviləyə uyğun olaraq, 2002-ci il martın 29-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə Ukrayna Mərkəzi Seçki Komissiyası arasında əməkdaşlıq haqqında sazişi imzalamaq üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyev şəhərinə yola düşmüşdür.
Seçkilərin və referendumların hazırlanmasını və keçirilməsini təmin edən orqanların fəaliyyəti, seçkilər və referendumlar haqqında milli qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaşların konstitusiya ilə müəyyən olunmuş seçki hüquqlarının həyata keçirilməsinin və qorunmasının təmin edilməsi, seçkilərin və referendumların keçirilməsi zamanı müasir informasiya texnologiyalarından və seçicilərin uçotu sistemlərindən istifadə edilməsi, seçki prosesi və referendum iştirakçılarının hüquq mədəniyyətinin yüksəldilməsi, seçki və referendum təşkilatçılarının hazırlanmasının təkmilləşdirilməsi, qarşılıqlı informasiya mübadiləsi və təcrübənin öyrənilməsi məqsədi ilə mütəxəssislər mübadiləsi və sair məsələləri əhatə edən həmin sazişi sədrlər imzalayacaqlar.
Mərkəzi Seçki Komissiyasının üzvləri Fuad Cavadov və İlham Məmmədov, “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev və baş məsləhətçi Samir Məhərrəmovun da daxil olduğu nümayəndə heyətinin bu səfər çərçivəsində daha bir missiyası 2002-ci il martın 31-də Ukrayna Radasına keçiriləcək seçkilərdə beynəlxalq müşahidəçi kimi iştirak etməkdir.
Son illər seçkilərlə bağlı tədbirlərdə Mərkəzi Seçki Komissiyasının nümayəndələri ölkəmizi həm də beynəlxalq qurumların həyata keçirdiyi missiyaların tərkibində layiqincə təmsil edirlər. Ukraynada sözügedən bu seçkilərdə ATƏT-in müşahidəçi missiyasını həyata keçirən qrupun tərkibinə bu nüfuzlu qurum tərəfindən MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov da dəvət olunmuşdur.