SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK, DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİ VƏ RESPUBLİKA PROKURORLUĞUNUN BİRGƏ MƏLUMATI
2002-ci il aprel ayının 2-də saat 20 radələrində Bakıdakı mühüm əhəmiyyətli obyektin yaxınlığında şübhəli davranışları ilə diqqəti cəlb edən Rusiya Federasiyasının vətəndaşları - Rəşit Yusipov və Sergey Burov Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar.
Onların idarə etdiyi “Tofaş” markalı avtomobilə baxış zamanı oradan gizli müşahidə üçün xüsusi texniki vasitələr aşkar edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun daha üç üzvü - Rusiya Federasiyası vətəndaşları Oleq Xramov, Viktor Kloçkov və Vitali Çernışev müəyyənləşdirilərək şübhəli şəxs qismində rayon polis idarəsinə gətirilmişlər.
Həmin şəxslər ilkin izahatlarında Moskvadakı “Alfa-Altair” özəl mühafizə xidmətinin işçiləri, araşdırmaların gedişində isə guya Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olduqlarını və Bakı şəhərində çeçen milliyətindən olan Rusiya vətəndaşları ilə bağlı tədbirlər keçirmək niyyətlərini bəyan etmişlər.
Aparılmış ilkin istintaq və əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin Bakıya gəldikdən sonra 2002-ci il martın 26-dan aprelin 2-dək Bakı şəhərində konkret şəxslər və ünvan ətrafında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına zidd şəkildə əməliyyat-axtarış tədbirləri keçirdikləri müəyyən edilmişdir.
Göstərilən şəxslər barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci və 320.2 maddələri ilə \əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və saxta sənədlərdən istifadə\ ittiham irəli sürülmüş və barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Rusiya Federasiyası dövlət orqanlarının müraciəti nəzərə alınaraq, Azərbaycan və Rusiya dövlətləri arasında dostluq və mehriban qonşuluq mvnasibətlərini, habelə hər iki dövlətin hüquq mühafizə orqanları arasında mövcud olan qarşılıqlı yardım və sıx əməkdaşlıq münasibətlərini əsas götürərək aprel ayının 8-də həbs olunmuş şəxslər barədə qətimkan tədbiri dəyişdirilmiş, onlar Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə təhvil verilmişlər. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında Müqavilənin və Hüquqi yardım barədə MDB-yə üzv dövlətlərin Minsk Konvensiyasının tələblərinə uyğun olaraq cinayət işinin istintaqı davam etdirilməsi üçün Rusiya Federasiyasının Baş Prokurorluğuna göndəriləcəkdir.