AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm cənab Baş nazir!
Dövlətimizin ən ali vəzifəsinə seçilməyiniz münasibətilə Zati-alilərinizi Azərbaycan və bütün Qafqaz müsəlmanları adından səmimi qəlbdən təbrik edir, Allah-təaladan cənabınıza Vətənimiz və xalqımız naminə fəaliyyətinizdə böyük uğur və möhtəşəm qələbələr arzulayıram. Qoy Uca Tanrı Özü bu şərəfli yolda yardımçınız, xalqın etimadı və gücü isə dayağınız olsun.
Biz, müsəlmanlar, həyatda baş verən hər bir hadisəni Ulu Tanrımızın əmri və iradəsi kimi qəbul edirik. Bu mənada, azad və demokratik seçkilərdə Sizin müzəffər qələbəniz məhz İlahi lütfün təzahürüdür. Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi, Allah istədiyi bəndəsinə öz nurunu bəxş edər.
Xalq öz böyük seçimini hələ 1993-cü ildə etmişdi. O zaman fəlakətlərə düçar edilmiş, uçuruma sürüklənən Azərbaycan xalqı öz dahi oğlu Heydər Əliyevə üz tutdu və nicat tapdı. Həyat özü bu seçimin dürüstlüyünü bariz şəkildə təsdiq etdi. Bu nəhəng şəxsiyyətin müdrikliyi, uzaqgörənliyi, xalqın təəssübünü çəkməsi Azərbaycan xalqının sabitliyini, tərəqqisini dövlətimizin ardıcıl qələbələrinin davamlılığını təmin edəcək müqtədir, müzəffər siyasəti davam etdirəcək kamil şəxsiyyət yetişdirməsində də öz təzahürünü tapdı.
Milyonlarla həmvətənimiz Sizin simanızda Heydər Əliyev məfkurəsinin layiqli davamçısını görür, Sizə etibar edir və bu da öz təcəssümünü seçkilərdə əldə etdiyiniz möhtəşəm qələbədə tapdı. Əslində, Sizin bu vəzifədə olmağınız daha çox xalqımıza gərəkdir. Həzrəti Peyğəmbərimiz Məhəmməd Salavatullahın bir hədisi-şərifində buyurduğu kimi, “İnsanların ən yaxşısı camaatın xeyrinə çalışandır”.
Mən bir Şeyxülislam kimi, gənc yaşlarından tanıdığım, Heydər Əliyev ocağının layiqli övladı, qeyrətli oğul, böyük ağıl-kamal, nəcabət sahibi, təəssübkeş vətəndaş və vətənpərvərin yetişib dövlət miqyasında ali məqama yüksəlməsindən böyük sevinc və qürur duyuram. Qəti əminəm ki, inşallah, müdrik, humanist şəxsiyyət olan atanız kimi Siz Azərbaycan xalqının rifahı, tərəqqisi, xoşbəxt gələcəyi üçün bütün var-qüvvənizi səfərbər edərək, əlinizdən gələni əsirgəməyəcək, Allahın köməyi və xalqın dəstəyi ilə ölkəmizin suverenliyini dönməz və daha möhkəm edəcək, doğma Qarabağımızı Azərbaycana qaytaracaq, xalqımızın ən ülvi arzularını gerçəkləşdirəcəksiniz. Sizi əmin edirəm ki, din xadimləri və dindarlar özlərinin sidq-ürəklə seçdikləri Prezidentlərinə daim dəstək verəcək, Sizinlə həmrəy olacaq, Uca Rəbbimizə şükür-səna edəcəklər.
Bir daha Zati-alilərinizdən Qafqaz Müsəlmanlarının təbrikini və böyük ehtiramını qəbul etmənizi rica edir, Vətənin rifahı naminə görəcəyiniz işlərə xeyir-dualar diləyirəm.
Qoy Allah Sizi dövlət başçılığında daim uca tutsun, mərhəmətini üzərinizdən əsirgəməsin. AMİN!
Hörmətlə,
Şeyxülislam
Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları idarəsinin sədri.
29 oktyabr 2003 il.